PDF Oxu

Siyasət

  • 2

2008-ci il Azərbaycan üçün inkişaf, tərəqqi ili olub

2008-ci il Azərbaycan üçün inkişaf, tərəqqi ili olub
Dünən Milli Məclisdə Nazirlər Kabinetinin 2008-ci ildəki fəaliyyəti ilə bağlı təqdim etdiyi hesabatı dinlənilib. İclasa sədirlik edən Milli Məclisin sədri Oqtay Əsədov bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, Milli Məclis özünün yaz sessiyasının beşinci iclasında Azərbaycan Respublikası Hökumətinin 2008-ci ildə fəaliyyəti haqqında hesabatı dinləniləcəyini bildirirdi. Qeyd etdi ki, dinləmələrin keçirilməsi ölkədə qanunvericilik və icra hakimiyyəti orqanları arasında vəhdətin, iqtisadiyyatın aşkarlıq və demokratiya prinsipləri əsasında idarə edilməsinin, dövlət hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın artmasının göstəricisidir.Azərbaycan hökumətinin hesabatını Milli Məclisin birinci yarısında keçirilən iclasında baş nazirin birinci müavini Yaqub Eyyubov təqdim edib. Yaqub Eyyubov hökümətin hesabat çıxışın da ilk öncə bildirmişdir ki, on yeddi il əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası öncə çağdaş dövlətimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin, daha sonra isə onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müasir tarixinin yeni, şərəfli və möhtəşəm bir dövrünü yaşamaqdadır.
2003-cü ilin payızından bu günədək keçən müddət ərzində məhz dövlətimizin başçısının yüksək biliyə və fitri istedada əsaslanan uzaqgörən, genişmiqyaslı və praqmatik fəaliyyəti nəticəsində ölkəmiz dünyanın nüfuzlu dövlətləri sırasında öz mövqeyini möhkəmlətmişdir.
Böyük qürur hissi ilə deyə bilərik ki, bütün beynəlxalq aləm İlham Əliyevi Heydər Əliyev siyasi və iqtisadi xəttinin əvəzsiz davamçısı, regionun lider dövlət başçısı kimi qəbul edir.
Y.Eyyubov qeyd etdi ki, regionların tarazlı inkişafı, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması istiqamətində mühüm nailiyyətlər qazanılmışdır. Bu müddətdə demək olar ki, dünyada analoqu olmayan nəticələr əldə edilmiş, iqtisadiyyatın əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsul 2,6 dəfə artmışdır.
Tamamilə təbiidir ki, Dünya Bankı tərəfindən hazırlanan və çox ciddi hesabatlardan biri sayılan "Doing Business-2009" Azərbaycanı ən islahatçı ölkə elan etmişdir: "Hesabat ilində ümumi daxili məhsulun həcmi 38 milyard manat olmuş, əvvəlki ilə nisbətən real artım 10,8 faiz təşkil etmişdir. Qeyri-neft sektorundakı 15,7 faiz real artımı xüsusilə qeyd etmək istərdim. Biz bunu ölkə iqtisadiyyatının şaxələndirilməsi və neft sektorundan asılılığının azaldılması sahəsində mühüm nəticə hesab edirik.Əsas kapitala 9,1 milyard manat investisiya yönəldilərək, əvvəlki illə müqayisədə 34,3 faiz artım əldə olunmuşdur. Burada diqqət çəkən ən əsas məqamlardan biri odur ki, əsas kapitala istiqamətlənmiş vəsaitin 75,5 faizini daxili investisiyalar təşkil etmişdir.Möhtərəm Prezidentimizin daim nəzarətində olan sosial məsələlərin həlli yenə də hökumətin fəaliyyətində əsas istiqamətlərdən biri olmuşdur. Orta aylıq əmək haqqı 268 manata, əmək pensiyalarının orta aylıq məbləği isə 96 manata çatdırılmışdır. Son beş il ərzində minimum pensiya 3,8 dəfə, minimum əmək haqqı 8 dəfə, orta aylıq əmək haqqı isə 3,5 dəfə artmışdır. Əhalinin sosial müdafiəsinin təmin olunması, büdcə təşkilatlarında çalışan işçilərin əmək haqlarının artırılması üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən silsilə sərəncamlar imzalanmışdır. 2008-ci il sentyabrın 1-dən minimum aylıq əmək haqqı və əmək pensiyalarının baza hissəsi il ərzində 50 faiz artırılaraq 75 manata çatdırılmışdır. Elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, müdafiə, hüquq mühafizə orqanları və digər sahələrdə çalışanların aylıq əmək haqları xeyli artırılmışdır.
İqtisadi inkişafın əsas hədəflərindən biri də yoxsulluğun azaldılması olduğunu deyən Y.Eyyubov qeyd etdi ki, 2003-cü ildən icrasına başlanılan müvafiq dövlət proqramının həyata keçirilməsi nəticəsində yoxsulluğun səviyyəsi 3,4 dəfə azalaraq, 2008-ci ildə 13,2 faizə enmişdir.
Sözsüz ki, yoxsulluğun kəskin şəkildə azaldılmasında regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramının uğurla həyata keçirilməsi, yeni iş yerlərinin yaradılması müstəsna rol oynamışdır.
Prezidentimizin proqramın icrasını şəxsi nəzarətində saxlayaraq, regionlara mütəmadi səfərlər etməsi, yaranan problemlərin yerindəcə həll olunması üçün aidiyyəti dövlət strukturlarına konkret tapşırıqlar verməsi həyata keçirilən tədbirlərin səmərəliliyini daha da artırmışdır.
Dövlət başçısının bu istiqamətdə məqsədyönlü və yorulmaz fəaliyyətin məntiqi nəticəsi kimi, proqrama əlavə olaraq ayrı-ayrı bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı tədbirləri özündə əks etdirən daha 17 sərəncam imzalanmış və bunların hamısı icra edilmişdir.
Yeri gəlmişkən, qürurla demək istərdim ki, son beş il ərzində ölkə Prezidenti tərəfindən söz verilmiş 600 min iş yerinin müqabilində ölkədə 766 min yeni iş yeri açılmışdır ki, onlardan da 547 mini daimi iş yerləridir".
Respublika iqtisadiyyatının ən mühüm sahələrindən olan yanacaq-energetika kompleksinin inkişafı davamlı xarakter aldığını bildirən Y.Eyyyubov qeyd etdi ki, Ulu öndərimiz Heydər Əliyevin banisi olduğu neft strategiyasının möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə, uğurla davam etdirilməsi nəticəsində neft sənayesinə, neftin və qazın hasilatının artırılmasına xüsusi diqqət yetirilmişdir. Son beş ildə neft hasilatı 2,9 dəfə, qaz hasilatı isə 3 dəfədən çox artmışdır. Azərbaycan qaz idxal edən ölkədən, onu ixrac edən ölkəyə çevrilmişdir. İndi Azərbaycan qazı Gürcüstan, Türkiyə və Yunanıstana ixrac olunur. Bu yaxınlarda belə ölkələrin sayı daha da artacaqdır. Respublikamızın özünün qazlaşdırılması isə 85 faizə çatdırılmış, bütün rayon mərkəzlərinin qazla təchizatı təmin olunmuşdur.
Baş nazirin müavini son beş ildə avtomobil yollarının, körpülərin, piyada keçidlərinin tikintisi və yenidən qurulmasından, sürətlə inkişaf edən sektorlardan olan rabitə sahəsində, əhalinin su təchizatının yaxşılaşdırılmasında danışdı. Bildirdi ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə Dövlət Neft Fondundan 211,8 milyon manat vəsait ayrılmışdır. Ötən il kəmərin 210 kilometrə yaxın hissəsi quraşdırılmışdır.
Y.Eyyubov təhsilə, mədəniyyətə göstərilən dövlət qayğısından danışarkən bildirdi ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilin və mədəniyyətin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, mədəni cəhətdən inkişaf etmiş yüksək intellektli yeni nəslin yetişdirilməsinə hesablanan çoxşaxəli fəaliyyəti bu sahələrdə çalışanlara örnək olmalıdır. Şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən proqramlar çərçivəsində son beş ildə təxminən 44 min şagird yerlik 226 yeni məktəb binası tikilmiş, 47 məktəb və uşaq bağçası əsaslı təmir olunaraq, müasir avadanlıqla təchiz edilmişdir. Y.Eyyubov onu da bildirdi ki, Heydər Əliyev Fondunun, şəxsən onun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO və İSESKO-nun dəstəyi ilə Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin ölkəmizdə keçirilən "Mədəniyyətlərarası dialoq Avropa və ona qonşu regionlarda sülhün və davamlı inkişafın əsasıdır" mövzusunda konfransı bu nüfuzlu beynəlxalq qurumla əməkdaşlığın daha da genişlənməsinə səbəb olmuşdur. Eyni zamanda, İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin V konfransında Bakı şəhərinin 2009-cu ildə "İslam mədəniyyətinin paytaxtı" elan edilməsi Azərbaycanda bu sahənin inkişafına beynəlxalq diqqətin artmasına daha bir əyani sübutdur.
Y.Eyyubov ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, sərhədlərin etibarlı qorunması, müdafiə sənayesinin inkişafı, silahlı qüvvələrin lazımi miqdarda texnika və sursatla təmin edilməsi, həmişəki kimi, ötən il də ən mühüm fəaliyyət sahəsi olduğunu bildirdi. Qeyd etdi ki, Möhtərəm Prezident, Ali baş komandan cənab İlham Əliyevin gündəlik diqqəti və nəzarəti sayəsində keçən il müdafiə xərcləri 65 faizdən çox artaraq, 1 milyard 344 milyon manat təşkil etmişdir. Ölkənin hərbi potensialının möhkəmləndirilməsi üçün Müdafiə Sənayesi Nazirliyinə dövlət büdcəsindən 141 milyon manatdan çox vəsait ayrılmış, seriyalı istehsal üçün 18 çeşiddə müdafiə təyinatlı məhsul hazırlanmışdır.
Milli Bankın İdarə heyətinin sədri Elman Rüstəmov ölkədə həyata keçirilən pul-kredit siyasəti barədə deputatlara məlumat verdi. O bildirdi ki, hesabat beynəlxalq statistikaya uyğun rəqəmlər əsasında qurulmuşdur. Bu hesabatın arxasında dövlətimizin başçısının seçdiyi düzgün siyasi xətt, onun gərgin fəaliyyəti ölkədə yaradılmış iqtisadi potensial, dövlət quruculuğu, iqtisadi quruculuq işləri dayanır. Hətta dünyanı bürümüş qlobal iqtisadi böhran belə bu təəssüratı dəyişə bilməz. Ötən ilin avqust ayından dünyada başlayan qlobal böhran şəraitində də Azərbaycanın qeyri-neft sektorunda, bütövlükdə, iqtisadiyyatında ikirəqəmli iqtisadi artım müşahidə olunmuşdur.
Sonra hökumətin hesabatı ilə əlaqədar müzakirələr başlandı. Çıxış edən deputatlardan Yevda Abramov, Musa Quliyev, Qənirə Paşayeva,Qüdrət Həsənquliyev və digərləri hökumətin hesabatının qənaətbəxş olduğunu bildirdilər. Qeyd etdilər ki, ötən il Azərbaycanın sosial-iqtisadi inkişafında əhəmiyyətli nəticələr əldə olunduğunu, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının uğurla həyata keçirildiyini, əhalinin yaşayış səviyyəsinin getdikcə yüksəldiyini, sosial-iqtisadi sahələrin inkişafı ilə bağlı cəmiyyətdə nikbin əhval-ruhiyyə və fikir formalaşdığını vurğuladılar.Müzakirələrdən sonra hökumətin hesabatı 102 leyinə, 8 nəfər əleyhinə olmaqla qəbul edildi.

Digər xəbərlər