Milli Məclis “Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsini qəbul etdi
Dünən Milli Məclisin keçirdiyi növbəti iclasında parlamentin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın hazırladığı "Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında" qərar layihəsi millət vəkilərinə təqdim edildi.
Qərarın qəbul olunmasının lehinə 111, əleyhinə 1 millət vəkili səs verdi. Amnistiya Aktını parlamentə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri Daimi Komissiyasının sədri Əli Hüseynov təqdim etdi. Ə.Hüseynov bildirdi ki, Amnistiya Aktı nəticəsində 1700 məhbus azadlığa çıxacaq. Bu da ümumi məhkumların 12 faizi deməkdir. Onun sözlərinə görə, 1200 məhkumun cəzası azaldılacaq. Qərardan sonra Azərbaycanda hər yüz min nəfərə 190 məhkum düşəcək. Komissiya sədrinin sözlərinə görə, bu, MDB üzrə birinci göstərici, Şərqi Avropa ölkələri üzrə isə eynidir.
Ə.Hüseynov qərarın maddələri barədə məlumat verdi. Bildirdi ki, qərarda qeyd olunub ki, böyük ictimai təhlükə törətməyən, az ağır bir sıra cinayətə görə məhkum edilən qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, I və II qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan və ya I və II qrup əlil övladı olan şəxslər və digər kateqoriyadan olanlar azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Bundan başqa, amnistiyanın azadlıqdan məhrum edilmiş və cəzasının bitməsinə bir il qalmış qadınlara və altı ay qalmış kişilərə, azadlığın məhdudlaşdırılması cəzasının bitməsinə iki il qalmış qadınlara və bir il qalmış kişilərə, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan məhkumlara tətbiq edilməklə onlar cəzadan azad ediləcəklər. Təqribən 9 min şəxs amnistiyanın təsiri altına düşəcək. Onlardan 1700-dək məhkum azad olunacaq.
Qərarda, həmçinin, cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, ağır və xüsusilə, ağır cinayətlər, habelə, xüsusilə, təhlükəli residiv yaradan cinayətlər törətmiş və bəzi digər məhkumlar barəsində amnistiyanın tətbiq edilməsində məhdudiyyətlərin müəyyən edilməsi qeyd edilib.
Amnistiya Aktı Cinayət Məcəlləsinin 15.4, 15.5-ci maddələrində nəzərdə tutulan ağır və xüsusi ağır, həmçinin, 101, 115.1, 119.1, 122.2, 124.2, 125, 127.2, 133.1, 133.2, 136.3, 137, 138.2, 138.4, 139.2, 140.2, 140.4, 141.4, 144-2.2, 145.2, 146.2, 150.1, 151, 152, 159.4, 162.2, 170.1, 170.2, 171.1, 172, 177.2, 178.2, 179.2, 182.1, 184.3, 185.2, 186.2, 189-1.4, 192.2, 193-1.1, 194.2, 195.2, 196.2, 199.3, 200.4, 200-1.3, 201.2, 204.1, 205, 206.1, 206.2, 208, 213.2 ("Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2007-ci il 31 may tarixli, 357-III QD saylı qanunu ilə verilmiş redaksiyada), 213-1.2, 220.2, 221.2, 221.3, 222.2, 222-1.3, 222-2.2, 223.2, 224, 224-1, 224-2, 225.2, 227.1, 227.2, 228.1, 228.2, 229.1, 229.2, 232.1, 233-1.1, 234.2, 234.3, 235.1, 235.2, 236.1, 238.1, 240.1, 240.2, 243.2, 244.2, 245, 247, 248.2, 250.3, 251.3, 252.3, 253.2, 254.3, 256.3, 258.3, 259.2, 260.2, 262.2, 263.2, 265.2, 266.2, 267.3, 268.2, 272.2, 281.1, 283, 285, 288.1, 288.3, 290, 291, 292.2, 293.1, 294.2, 294.3, 295.1, 296.2, 297.2, 299.3, 299.4, 301.2, 302.2, 304, 306, 307.3, 309.2, 312.1, 312-1, 314.2, 314-2.2, 314-3.2, 314-3.3, 315, 316.2, 316-1.3, 317.1, 317.2, 317-1.2, 317-2.2, 318.2, 319.2, 321.2, 323, 324, 328.2, 330.2, 331.3, 332.2. 333.4, 333.5, 334.1, 335.2, 336, 338.2, 339.2, 340.2, 341.2, 342.2, 344.1, 346.1, 348.2, 349, 350.2, 351.2, 352.1 və 353.1-ci maddələrində, habelə, "Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" 2006-cı il 7 aprel tarixli, 92-III QD saylı Azərbaycan Respublikasının qanunu ilə sanksiyaları ağırlaşdırılanadək Cinayət Məcəlləsinin 216, 308.2 və 311.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxslərə şamil edilmir.
Qərarda bildirilir ki, qəsdən törədilmiş cinayətlər üzrə ümumi miqdarı 50 min manatdan artıq olan məbləğdə ziyan vurmuş şəxslər; maddi ziyanı tam ödəməmiş şəxslər; xüsusilə, təhlükəli residiv yaradan cinayətlərə görə məhkum olunmuş və ya 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Cinayət Məcəlləsinə əsasən xüsusi təhlükəli residivist hesab olunan şəxslər; 1991-ci ilin oktyabrın 18-dən sonra amnistiya və ya əfvetmə aktları ilə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad olunan və yenidən qəsdən cinayət törədən şəxslər; cəzaçəkmə müəssisələrində, intizam xarakterli hərbi hissədə və ya xüsusi müəssisələrdə cəza çəkərkən qəsdən cinayət törətmiş şəxslər, habelə, bir neçə cinayətə görə məhkum edilən şəxslərin törətdiyi cinayətlərdən biri bu qərarın təsiri altına düşmürsə, bu qərarın 2-4-cü bəndlərində göstərilən şəxslərə amnistiya tətbiq olunmur.
Amnistiyanın tətbiqinə gəlincə, Ə.Hüseynov qeyd edərək bildirdi ki, "Amnistiya Aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında" 1994-cü il 24 fevral tarixli, 793 saylı qanununda nəzərdə tutulan şəxslər barəsində amnistiya tətbiq edilmir. Amnistiya bu qərar qüvvəyə mindiyi günədək qüvvəyə minmiş ittiham hökmləri ilə məhkum edilmiş şəxslər barəsində tətbiq edilir. Bu qərar başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzasını Azərbaycanda çəkən şəxslərə də şamil edilir. Bu qərar qüvvəyə mindiyi gündən dörd ay müddətində tətbiq olunur.
Millət vəkili qərar layihəsinin qüvvəyə mindiyi gündən 4 ay müddətində tam icra olunacağını dedi.
Amnistiya Aktının təşəbbüskarı, millət vəkili Mehriban Əliyeva isə çıxışında bildirdi ki, Azərbaycan Milli Məclisinin amnistiya qərarı humanizm prinsiplərinə xidmət edir. Mehriban xanım Əliyeva bu siyasətin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edərək bildirdi ki, Amnistiya Aktı azadlığa çıxacaq məhkumlara doğru yola qayıtmağa imkan verəcək. Millət vəkili Milli Məclisin üzvlərini və Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi.
Beləliklə, Amnistiya Aktı 111 səs lehinə olmaqla qəbul edildi.
Sonra Milli Məclisin iclasında "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilən "Azərbaycanda bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə məsələyə baxıldı. Regionlarla iş üzrə komissiya sədri Arif Rəhimzadə bildirdi ki, Bərdə rayonu ərazisində "Canavarlı" yer adının dəyişdirilməsi ilə əlaqədar olaraq bələdiyyələrin siyahısında həmin kəndin və bələdiyyənin adının müvafiq qaydada "Seyid Yusifli kəndi" və "Seyid Yusifli bələdiyyəsi" sözləri ilə əvəz olunması təklif edilir. Məsələ müzakirəsiz qəbul edilib. İclasda, həmçinin, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" qanuna təklif olunan dəyişiklikləri və əlavələr də qəbul olunub.