PDF Oxu

Siyasət

  • 9

Prezident İlham Əliyev İtaliyanın birləşməsinin 150 illiyinə və Respublika Gününə həsr olunmuş təntənəli bayram mərasimində iştirak edib

Prezident İlham Əliyev İtaliyanın birləşməsinin 150 illiyinə və Respublika Gününə həsr olunmuş təntənəli bayram mərasimində iştirak edib
İyunun 2-də Romada İtaliyanın birləşməsinin 150 illiyinə və Respublika Gününə həsr olunmuş rəsmi parad keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitanonun dəvəti ilə bayram mərasimində iştirak edib. Mərasimin iyunun 2-də keçirilməsi isə 65 il əvvəl -1946-cı il iyunun 2-də referendum yolu ilə monarxiyanın ləğvi və İtaliyanın respublika elan olunması ilə bağlıdır.
Bayram mərasimində iştirak etmək üçün paytaxt Romaya 80-dən çox ölkənin nümayəndə heyəti gəlib. Ölkələrin əksəriyyəti dövlət və hökumət başçıları səviyyəsində təmsil olunublar. İtaliyanın birləşməsi bu ölkə tarixinin ən önəmli səhifələrindən biridir. XIX əsrin ilk illərində İtaliyanın I Napoleon tərəfindən işğal edilərək Fransa təəbəliyinə qatılması ölkədə böyük narazılıqlara səbəb olub. Napoleon Bonapart taxtdan endirildikdən sonra, Vyana Konqresi İtaliyanın işğaldan əvvəlki krallıqlara verilməsi ideyasını dəstəkləyib. Beləliklə, Papalıq dövləti, Sardiniya-Piemonte, Toskana, Modena və Lombardiya-Venesiya krallıqları yenidən qurulub. Bu ərəfədə "Karbonari" adlandırılan gizli dərnəklər İtaliyanın birləşməsi istiqamətində fəaliyyətə başlayılar. Cüzeppe Mazzini və Cüzeppe Haribaldinin rəhbərlik etdiyi bu dərnəklərin fəaliyyəti nəticəsində birləşmə ideyası İtaliyada tədricən ümummilli məsələyə çevrilib. Birləşmə məsələsində Fransanın da dəstəyini almağa müvəffəq olan İtaliya 1859-cu ildə bu ölkə ilə birlikdə Avstriyanı məğlub edib və təsir dairəsində olan bütün İtaliya krallıqları Sürix sülhü ilə onun nəzarətindən çıxıb. 1861-ci ildə paytaxtı əvvəlcə Turin, sonra Florensiya, daha sonra Roma olmaqla birləşmiş İtaliya Krallığı yaranıb. 1946-cı ildən etibarən isə İtaliya respublikadır. İndi bu ölkə Avropanın qabaqcıl dövlətlərindən biridir.
Romada bayram təntənələrinin mərkəzi "İmperator forumları" meydanıdır. Bu meydan Romanın məşhur Venesiya prospektini Kolizeylə birləşdirir. İndiki bayramın əsas mərasimi də məhz bu meydanda olub. Burada təntənəli rəsmi parad keçirilmişdir. İtaliya hökuməti 150 il bundan əvvəl ölkənin birləşməsində iştirak etmiş müxtəlif millətlərin nümayəndələrini və müttəfiq dövlətlərin hərbçilərini də hərbi parada dəvət edib. Paradda beş mindən çox hərbçi iştirak edib. Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri də paradda dövlət bayrağı ilə təntənəli keçid ediblər. Sonda aviasiya şousu nümayiş etdirilib.
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Ciorcio Napolitanonun adından verilmiş ziyafətdə iştirak edib
İyunun 2-də axşam Romanın "Kurinale" sarayında İtaliyanın birləşməsinin 150 illiyinə və Respublika Gününə həsr olunmuş bayram mərasiminə qatılan nümayəndə heyətlərinin başçılarının şərəfinə konsert proqramı təşkil edilib. Sonra İtaliya Prezidenti Ciorcio Napolitanonun adından nümayəndə heyəti başçılarının şərəfinə rəsmi ziyafət verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Digər xəbərlər