Bu günlərdə ölkə gündəmini zəbt edən əsas məsələlərdən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi və qarşıdan gələn Kazan görüşüdür. Eyni zamanda, Minsk Qrupunun həmsədr ölkələrinin prezidentləri tərəfindən qəbul olunmuş Dovil bəyanatı da istər ölkə ictimaiyyəti, istərsə də beynəlxalq ictimaiyyət tərəfindən diqqət mərkəzində saxlanılmaqdadır. Kazan görüşünə ümidlərin az olmadığını da qeyd etmək yerinə düşərdi. Bu yönümlü fikirlər vasitəçi və münaqişə tərəflərinin bəyanatlarında öz əksini tapmaqdadır.
RƏSMİ BAKI: "BİZ BU GÖRÜŞƏ BÖYÜK ƏHƏMİYYƏT VERİRİK"
Azərbaycan tərəfi də Rusiyanın təşəbbüsü ilə keçiriləcək prezidentlərin Kazan görüşünə ümidlə yanaşır və irəliləyişin əldə olunacağını ehtimal edir. Bunu Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da öz açıqlamasında nəzərə çatdırıb. "Biz bu görüşə böyük əhəmiyyət veririk. ATƏT-in Minsk Qrupunun həmsədrləri də prezidentlərin görüşünə böyük önəm verirlər". Bununla, rəsmi Bakı bir daha görüşə ciddi yanaşdığını göstərmiş olur.
ABŞ: "SOÇİ GÖRÜŞÜNDƏN SONRA YARANMIŞ NİKBİN MÜSBƏT MÜHİT NÖVBƏTİ GÖRÜŞDƏ DƏ DAVAM EDƏCƏK"
Həmsədr ölkələrin prezidentləri Dovil bəyanatını imzalayarkən tərəflərə münaqişənin həlli ilə bağlı köməklik göstərməyi və tez bir zamanda ortaq mövqeyin əldə olunması ilə bağlı razılığa gəlməyin vacibliyini qeyd ediblər. Rusiyanın təşəbbüskarlığı ilə yanaşı, ABŞ-ın da rəsmi dairələrinin Kazan görüşü öncəsi aktivliyi müşahidə olunmaqdadır. Bir müddət bundan öncə, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan, bu günlərdə isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-a səfəri və orada keçirdikləri görüşlər, aparılan danışıqlarda müzakirə edilən mövzular, onu deməyə əsas verir ki, ABŞ münaqişənin həllində maraqlıdır və bunun üçün əlindən gələni edir.
Bundan başqa, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza da Dovil bəyanatına böyük ümidlərin olduğunu gizlətməyib. "Rusiya, ABŞ və Fransa prezidentlərinin "Böyük Səkkizlik" ölkələrinin bu yaxınlarda Dovildə keçirilən sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış etmələri həm ABŞ-ın, həm də həmin ölkələrin bu münaqişənin sülh yolu ilə həlli üçün çalışdıqlarına bir daha sədaqətli qalmaları kimi dəyərləndirilməlidir".
Səfirin sözlərinə görə, ABŞ prezidentinin həmin görüşdə qeyd etdiyi kimi, artıq Azərbaycan və Ermənistan prezidentlərinin bir araya gəlməsinin vaxtı çatıb: "Biz inanır və ümid edirik ki, hər iki ölkə prezidenti yekun sülh razılaşmasının təməlini təşkil edən prinsiplər barədə düşünəcəklər. Doğrudur, baza prinsipləri yekun sülh razılaşması demək deyil, amma bu, həmin yekun sülh razılaşmasının əsasını, təməlini təşkil edən bir razılaşma sənədidir".
Azərbaycan və Ermənistan prezidentlərinin bu ay baş tutacaq görüşünə münasibət bildirən Metyu Brayza bildirib ki, hazırda danışıqlarda vasitəçi olmadığına görə, bu barədə fikir söyləməyə çətinlik çəkir: "Amma ABŞ, Rusiya və Fransa prezidentlərinin Dovil bəyanatı məndə də bir ümid yaradıb. Ümid edirəm ki, prezidentlər İlham Əliyev və Serj Sarkisyanın martın 5-də Soçi görüşündən sonra yaranmış nikbin müsbət mühit növbəti görüşdə də davam edəcək".
RUSİYA: "NİZAMLANMAYA ƏHƏMİYYƏTLİ DƏRƏCƏDƏ YAXINIQ"
Rəsmi Moskva da əmindir ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına şanslar heç vaxt indiki kimi yüksək olmayıb. Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov bu günlərdə verdiyi bəyanatında münaqişənin həllinə göstərilən diqqətin çox yüksək olduğunu nümayiş etdirib. "Əgər "səkkizliy"in bütün son sammitlərinin bu problemlə bağlı qəbul etdiyi qətnamələri müqayisə etsək, onda birmənalı nəticə çıxartmaq mümkündür ki, bu gün dinc nizamlanmaya şanslar əvvəllər olduğundan daha çoxdur", - Ryabkov deyib.
"Biz artıq yeni münaqişənin astanasında deyilik, nizamlanmaya isə əhəmiyyətli dərəcədə yaxınıq", - deyə o, əlavə edib.
Onun sözlərinə görə, "əlaqələndirilmiş böyük iş görülüb və indi irəliləyiş və güzəştlər üçün şans var".
QEYRİ - KONSTRUKTİV ERMƏNİSTAN
Təbii ki, Ermənistan ictimaiyyəti də bu günlərdə bu məsələyə çox böyük diqqət yetirir və Kazan görüşündən gözləntiləri birmənalı deyil. Xarici işlər naziri Edvard Nalbandyan Dovil bəyanatını şərh edərkən yenidən qeyri-konstruktivliyə yol verərək, bəyanatda qeyd olunan məqamların Ermənistana deyil, Azərbaycana qarşı yönəldiyini bildirmişdi. O, bəyanatda göstərilən müddəaların artıq Ermənistan tərəfindən yerinə yetirildiyini düşünür.
Erməni Milli Konqresinin üzvü David Şahnazaryan məsələ ilə bağlı münasibətini bildirərkən münaqişənin həlli ilə bağlı sənədin imzalanmasının vaxtının çatdığını qeyd edib. "Prezidentlərin Kazan görüşündə alınmasa belə, artıq növbəti görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair əsas prinsiplərin əks olunduğu sənəd imzalanacaq. Bundan sonra razılaşma ilə bağlı iş başlanıla bilər." O vurğulayıb ki, Dovil bəyanatı digər əvvəlki analoji bəyanatlardan keyfiyyətcə fərqlənir. "Bu bəyanatla həmsədr ölkələrin dövlət başçıları bir növ artıq vaxtın bitmək üzrə olduğunu izah etməyə çalışıblar. Bundan başqa, bu bəyanatın digər özəlliyi ondadır ki, burada hansısa Madrid prinsiplərinə deyil, konkret olaraq, Soçi görüşündə əldə olunan sənədə istinad edilib", - deyə o, vurğulayıb.
Ermənistanın müxalif "İrs" partiyasının lideri Raffi Ovanisyan isə bəyan edib ki, Yerevan Sürix protokollarından imzasını geri çəkməli və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Madrid prinsiplərini rədd etməlidir. O deyib ki, Dağlıq Qarabağ probleminin həllindən öncə onun sərhədlərinin tanınmasına nail olmalıdırlar.
TÜRKİYƏ: "KAZAN GÖRÜŞÜNDƏN MÜSBƏT ADDIMLAR GÖZLƏYİRİK"
Son dövrlərdə Türkiyənin regionda sülh və əməkdaşlığı bərqərar etmək niyyəti onun Dağlıq Qarabağ münaqişəsinin həllində də aktivliyini artırmağa şərait yaratmışdır. Minsk Qrupunun üzvü olan Türkiyənin həm də beynəlxalq arenada nüfuzunun yüksəlməsi onun münaqişənin həllində öz sözünü deməyə imkan verir. Məhz erməni işğalına görə Ermənistanla sərhədlərini bağlayan Türkiyə Azərbaycan torpaqları geri qaytarılmadan bu sərhədləri açmayacağını bəyan edib. Son Dovil bəyanatı və qarşıdan gələn Kazan görüşü barədə də Türkiyə tərəfi öz münasibətini bildirib.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib.
"Türkiyə prezidentlərin Kazan görüşündən yüksək nəticələr gözləyir. Biz Qarabağ münaqişəsinin həlli istiqamətində əlimizdən gələn köməyi göstərməyə hazırıq. Rəsmi Ankara istəyir ki, Kazanda münaqişənin həllinə dair qərar qəbul olunsun. Biz, başda Dmitri Medvedev olmaqla, bu işdə əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk. Bu problemi həll etsək, bölgədəki digər problemlər də həll olunar, Türkiyə - Ermənistan sərhədləri açılar. İlk qapanan qapının da ilk açılması lazımdır. Biz bu problemin həlli üçün nə lazımdırsa, etməyə hazırıq".
Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə münasibət bildirən Ə. Davudoğlu qeyd edib: "Mən cənab İlham Əliyevin Rusiyanın Kazan şəhərində keçiriləcək görüşlə bağlı həm qətiyyətini, həm də perspektivə daha optimist baxmasını müşahidə etməkdən sevinc hissi duydum".
Göründüyü kimi, bu günlərdə Dovil bəyanatı münaqişənin həllinin tez bir zamanda gerçəkləşdirilməsi üçün böyük ümidlərin yaranmasına səbəb olmuşdur. Kazan görüşündə əldə olunacaq müsbət nəticələr isə bu ümidlərin doğrulmasına imkan verəcək. Təbii ki, hər şey gözlənildiyi kimi olsa. Yəni ötən görüşlərdəki kimi, Ermənistan tərəfi öz qeyri-konstruktivliyini göstərmək üçün hansısa bir bəhanə tapmasa, bu görüşdən müsbət nəticələr gözləməyə dəyər. Əks təqdirdə danışıqların növbəti mərhələsi nəticəsiz qalacaq və ziddiyyətlər daha da kəskinləşəcək. Odur ki, Ermənistan rəhbərliyi də bu fürsətdən yararlanmalı və münaqişənin həlli üçün təklif olunan variantlarla razılaşmalıdır. Burada vasitəçi ölkələrin və xüsusilə, Rusiyanın da rolunu yüksək qiymətləndirmək lazımdır. Yəni Ermənistanın razılığa gətirilməsində ona qarşı beynəlxalq təzyiqlər mühüm rol oynayır. Bu mənada, vasitəçi tərəflərin göstərdiyi mövqe qənaətbəxşdir.