PDF Oxu

Siyasət

  • 17

Azərbaycanda müdafiə sənayesi sürətlə inkişaf edir

Azərbaycanda müdafiə sənayesi sürətlə inkişaf edir

"Silahlı Qüvvələrlə bağlı işlər hər şeydən vacib, hər şeydən önəmlidir"- deyən İlham Əliyev hərbi qüdrətimizin artmasının dövlətin əsas prioritetlərindən biri olduğunu bir daha təsdiq edir. Son illərdə nizami ordunun formalaşması üçün aparılan islahatları gündəlik işi və dövlət siyasətinin əsas parametrlərindən hesab edən Prezident İlham Əliyev bildirib ki, ildən-ilə güclənən iqtisadi potensialımız hesabına bu sahəyə daha çox diqqət yetirilir.

"Ölkəmizdə hərbi sənaye potensialı sürətlə inkişaf edir. Mən bu sahəni xüsusilə qeyd etmək istəyirəm. Çünki bu, həm sənaye sahəsidir, eyni zamanda, xüsusi bir sahədir. Burada hər iki məqsəd güdülür. Biz, ilk növbədə, Azərbaycanın hərbi potensialını daxili imkanlar hesabına gücləndirməliyik. Vaxtilə Müdafiə Sənayesi Nazirliyi məhz bu məqsədlə yaradılmışdır"- Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin 1-ci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib.

Qeyd edək ki, bu sahə Azərbaycan üçün yeni bir sənaye sahəsidir. Son illərdə sənayenin bu sektorunda onlarla yeni müəssisə, minlərlə yeni iş yeri açılıb, yüzlərlə adda hərbi sənaye məhsulu buraxılır. Onların arasında pilotsuz təyyarələrin istehsalını xüsusi qeyd etmək lazımdır.

Bu, ən çox inkişaf etmiş ölkələrə xas olan istehsal sahələridir. Azərbaycan artıq öz imkanları ilə pilotsuz təyyarələrin ən yüksək səviyyədə istehsalına başlayıb və ölkəmizin hərbi gücünü böyük dərəcədə artıracaq.

Azərbaycanda daha bir mühüm kosmik layihə- süni peykin yaradılması proqramı icra edilir. Ölkəmiz artıq yaxın zamanda öz peykinə malik olacaq. Bu, həm ölkənin imici və nüfuzlu üçün çox vacib olan məsələdir. Peykin kommersiya istismarından əldə olunacaq gəlirlər və onun strateji önəmi ölkəmiz üçün çox imkanlar açacaq.

İstənilən qədər yüksək olan iqtisadi və maliyyə imkanlarımız hesabına Müdafiə Sənayesi Nazirliyinin yaradılması və lazımi avadanlıq, silah-sursat istehsalına başlanılması o deməkdir ki, Azərbaycan öz siyasətini proqram üzrə aparır.

Son illərdə ölkədə bir neçə hərbi zavod açılıb, müxtəlif təyinatlı müasir texniki vəsaitlər istehsal olunur. Qarşıdakı illərdə daha böyük vəsait ayırmaqla Azərbaycanda çox güclü hərbi-sənaye kompleksi yaradılacaq. Zəngin təbii sərvətlərdən istifadə etməklə müdafiə sənayesinin inkişafını sürətləndirmək üçün ölkəmizdə istənilən qədər iqtisadi imkan və ixtisaslı kadr potensialı var.

Əlbəttə ki, Azərbaycanda iqtisadiyyatın aparıcı bölmələrindən biri olan sənayedən danışarkən ölkəmizin müdafiəsi məqsədilə yaradılan və ya fəaliyyəti yenidən qurulan müəssisələrinə xüsusi toxunmaq lazım gəlir.

2008-ci illə müqayisədə ötən il nazirlik üzrə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi 3 dəfə, mülki məhsulların həcmi isə 20 faiz artıb. Ümumilikdə, 600-ə yaxın adda məmulat istehsal edilib ki, bunun da 450-ə yaxını müdafiə təyinatlı məmulatlardır.

Beləliklə, bir çox xarici dövlətlərdən fərqli olaraq Azərbaycan Silahlı Qüvvələrin maddi-texniki təminatının artıq xeyli hissəsini öz potensialı hesabına ödəməkdədir. Yaxın perspektivdə isə ölkənin müdafiə sənayesinin buraxdığı məhsullarının çeşidinin daha da çoxalacağı gözlənir.

Bu, silahlı qüvvələrin texniki ehtiyacının əsas etibarlı ilə yerli istehsal hesabına ödəniləcəyindən xəbər verir. Hazırda Ermənistan tərəfini narahat edən əsas məqamlardan biri Azərbaycanın məhz yerli istehsal hesabına ordunun texniki ehtiyaclarını təmin etməsidir. Çünki Ermənistan ordusu Azərbaycandan fərqli olaraq, texniki ehtiyacların ödənilməsi baxımından da sırf xarici dövlətlərdən asılıdır.

Azərbaycanın hərbi-sənaye potensialını bundan sonra da gücləndirmək istiqamətində məqsədyönlü siyasətini davam etdirməsi isə, görünür, ermənilərin bu sahədə yaşadıqları narahatlığı daha da artıracaq.

Bu məsələ ilə bağlı daha bir mühüm məqam ondan ibarətdir ki, Azərbaycan ölkədə hərbi təyinatlı məhsulların istehsalını təmin etmək məqsədilə bu sahədə məşhur şirkətlərlə, eləcə də, dünyada müdafiə texnikasının ən yaxşı istehsalçısı kimi tanınan dövlətlərlə sıx əməkdaşlıq qurur.

Məsələn, ölkəmizdə zirehli avtomobil istehsalını təşkil etmək üçün Cənubi Afrika Respublikasının "Paramount Group" şirkəti ilə razılaşmalar əldə olunub və artıq belə maşınlar istehsalı həyata keçirilir. "Matador" adlanan bu zirehli maşının göstəriciləri olduqca yüksəkdir. Belə ki, bu maşınlar hazırlanmasına və texniki göstəricilərinə görə dünya standartlarına cavab verir və Azərbaycan MDB məkanında bu zirehli texnikanı istehsal edən yeganə ölkədir. 14 nəfərlik tutumu olan "Matador"un yükgötürmə qabiliyyəti 4500 kiloqramdır.

Bundan başqa, ölkəmizdə PDM (piyadaların döyüş maşını) və ZTR-lərin (zirehli transportyor) modernləşdirilməsi də həyata keçirilir. Həmçinin, müxtəlif qoşun növlərində istismar müddəti başa çatan hərbi maşınlar təhvil alınaraq modernləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində də mühüm addımlar atılır. Bu isə külli miqdarda vəsaitə qənaət deməkdir. Perspektivdə Azərbaycan istehsalı olan hərbi vertolyotların istifadəyə verilməsi də planlaşdırılır. Bu isə silahlı qüvvələrin maddi-texniki imkanlarının daha da böyüməsi deməkdir.

Qeyd edilənlər onu göstərir ki, indi ölkəmizdə böyük imkanlara malik istehsal müəssisələri, sənaye obyektləri mövcuddur. Həmin obyektlərin istehsal potensialından səmərəli istifadə etməklə istər daxili, istərsə də xarici bazarda rəqabət qabiliyyətli, beynəlxalq standartlara uyğun məhsul realizə olunur.

İqtisadi sferada islahatların davam etdirilməsi və həyata keçirilən digər tədbirlər sənayenin inkişafına müsbət təsir göstərməkdədir. Bu səbəbdən, Azərbaycan dünyada həm də sənayenin inkişaf tempi baxımından seçilən dövlətlərdən biri kimi qəbul olunmaqdadır.

Hazırda sərhədlərimizin etibarlı müdafiəsi üçün ən müasir texnologiyalar əsasında hazırlanmış, təkmil qurğulardan istifadə olunur. Görülən tədbirlər barədə ümumi qənaət isə budur: ölkədə ordu quruculuğu Azərbaycanın dövlət siyasətinə uyğun həyata keçirilir.

Son illərdə Azərbaycanın hərbi xərcləri bir neçə dəfə artıb. 2003-cü ildə hərbi xərclərə ayrılan 135 milyon dollarla 2011-ci ildə bu sahəyə yönəldilmiş 3 milyard dollardan artıq vəsaiti müqayisə etməklə fərqi aydın görmək olar. Yəni, son 8 ildə hərbi sahəyə ayrılan vəsait 25 dəfə artırılıb. Başqa sözlə deyilsə, Azərbaycanın 15 milyard dollara çatan dövlət büdcəsində hərbi xərclərə ayrılan pay birinci yerdə dayanır.

Bu isə ordunun güclənməsinə, möhkəmlənməsinə stimul yaradır. Bu müqayisə bir növ Prezident İlham Əliyevin 5 il bundan öncə dediklərinin təsdiqidir: "Mən bəyan etmişəm ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın ümumi dövlət büdcəsi qədər olacaq."

Zaman göstərdi ki, Prezident İlham Əliyev verdiyi bütün vədlər kimi, bu vədini də yerinə yetirdi. İndi Azərbaycan Silahlı Qüvvələrinin büdcəsi 3 milyard dollardan çoxdur ki, bu da Ermənistanın ümumi dövlət büdcəsindən çoxdur. Bu amil ordumuzun qüdrətlənməsində və modernləşməsində öz rolunu oynayır. Bu isə, öz növbəsində, ərazilərimizin sülh yolu ilə azad olunması mümkün olmayanda öz sözünü deyəcək.


Elçin Bayramlı

Digər xəbərlər