"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" ərzaq təhlükəsizliyi sahəsində ən əsas və aparıcı addımlardan biri oldu
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının yeni dövrün tələblərinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək uğurla davam etdirilməsi qloballaşma prosesinin geniş vüsət aldığı XXI əsrdə Azərbaycanın tərəqqi yolunda sürətlə irəliləməsini təmin etməkdə, onu zəngin və qüdrətli bir dövlətə çevirməkdədir.
Bunun nəticəsidir ki, iqtisadi sahədə də Azərbaycan özünün inkişaf modelini yaradaraq, ümumi daxili məhsulun artım tempinə görə son illərdə dünya dövlətlərinin siyahısında lider mövqedən çıxış etməkdədir. İqtisadi inkişaf tempinə görə artıq dünya miqiyasında adı daha çox nümunəvi dövlət kimi çəkilməkdə olan Azərbaycanı bu sahədə fərqləndirən əsas xüsusiyyətlərdən biri də ərzaq təhlükəsizliyi sferasında ciddi nailiyyətlərə imza atması, bununla bağlı olaraq daxili imkanlar hesabına mühüm strateji məhsullarla özünü təmin etməsidir.
Sevindirici haldır ki, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanın daxili imkanlar hesabına əsas ərzaq məhsulları ilə təminatına xüsusi fikir verildi və buna nail olunması üçün məqsədyönlü tədbirlər görüldü. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi son nəticədə ölkəmizin bir çox strateji ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə gətirib çıxardı. Belə ki, dövlət başçısının bu məqsədlə verdiyi fərman və sərəncamlar, təsdiq etdiyi müvafiq proqramlar ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində ölkəmizin imkanlarını günü-gündən genişləndirməkdə, qeyd edilən sahə üzrə daha etibarlı zəmin yaratmaqdadır. Bu da faktdır ki, etibarlı ərzaq təminatı həm də hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərti, dövlətin kompleks təhlükəsizliyinin, o cümlədən iqtisadi təhlükəsizliyinin mühüm atributlarından və komponentlərindən biridir. Bu səbəbdən cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davmlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi vacib şərtlərdən biridir. Dünya bazarlarında yenidən enerji daşıyıcılarının qiymətinin artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə əsasən, iqtisadçı ekspertlər qarşıdakı dövr ərzində ərzaq məhsullarının dünya miqyasında qiymətlərinin artacağını proqnozlaşdırırlar. Lakin Azərbaycanın bir çox əsas ərzaq məhsulları ilə özünü yerli istehsal hesabına təmin etməsi bu çətinliklərin ölkəmizdən yan keçməsini şərtləndirir.
Onu da xatırlatmaq lazımdır ki, 2001-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı"nın təsdiq edilməsi ərzaq təhlükəsizliyi ilə bağlı yeni nailiyyətlərin əldə olunmasına mühüm töhfə oldu. Məhz həmin proqram çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmağa başladı. Bununla yanaşı, "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasının təmin edilməsində vacib rol oynadı. Ölkə Prezidenti İlham Əliyevin 2008-ci il may ayının 1-də "Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının hazırlanması haqqında" və "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" 25 avqust 2008-ci il tarixli sərəncamları isə ərzaq təhlükəsizliyi sahəsində ən əsas və aparıcı addımlardan biri oldu. Dövlət Proqramının əsas məqsədi ölkənin hər bir vətəndaşının sağlam və məhsuldar həyat tərzi üçün qəbul edilmiş normalara uyğun ərzaq məhsulları ilə tam təmin edilməsinə nail olmaqdır. Bu məqsədə çatmaq üçün Dövlət Proqramı çərçivəsində əsasən, ölkədə ərzaq məhsulları istehsalını artırmaq, əhalini təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək, sahibkarlıq mühitini yaxşılaşdırmaq kimi məsələlr dayanır. Bu sahədə eksperlərin apardıqları araşdırmalara görə, Azərbaycan dünyanın 90-a yaxın ölkəsinə müxtəlif həcm və çeşiddə 30-dan çox adda bitkiçilik mənşəli ərzaq və qida məhsulları ixrac edir. O da vacib reallıqlardan biridir ki, istehsal olunmuş məhsulların emalı, saxlanılması və satışının təşkili mühüm məsələlərdəndir. Bu baxımdan da, son illər kənd təsərrüfatı məhsullarının emalı sahəsində böyük quruculuq işləri həyata keçirilib, onlarla yeni kiçik və iri müəssisələr tikilib, yaxud bərpa olunaraq yenidən fəaliyyətə başlayıb. Artıq xeyli sayda tədarük-satış bazaları yaradıldığından meyvə-tərəvəzin yerlərdə tədarükü, saxlanılması və satışı artır. Hesablamalara görə, bu sahədə görülən işlər nəticəsində hər il yetişdirilmiş meyvə və tərəvəzin 10-15 faizi həcmində əvvəllər qeydə alınan itkinin də qarşısı alınıb. Ərzaq təhlükəsizliyinin başlıca şərtlərindən biri dövlət ərzaq ehtiyatlarının təşkili və onların səmərəli idarə olunması, fövqəladə hallara yüksək səviyyəli hazırlığın təmin edilməsi, təbii fəlakətlərin nəticələrinin qısa zamanda aradan qaldırılmasından ibarətdir. Elə bu məqsədlə də, bu sahədə həmçinin müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, zəruri infrastrukturun yaradılması, o cümlədən tələbata uyğun yeni elevator və anbarların tikilməsi, zəruri hallarda taxıl bazarına əmtəə müdaxiləsi mexanizminin həyata keçirilməsi, əsas ərzaq məhsulları üzrə ehtiyatların formalaşdırılması, fövqəladə halların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi, fəlakətlərin nəticələrinin aradan qaldırılması kimi vəzifələrin yerinə yetirilməsində ciddi uğurlara imza atılıb.
RƏFİQƏ HÜSEYNOVA
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...