PDF Oxu

Siyasət

  • 4

Azərbaycanla Serbiyanın siyasi münasibətləri strateji səviyyəyə qalxıb

Azərbaycanla Serbiyanın siyasi münasibətləri strateji səviyyəyə qalxıb

İyunun 8-də Serbiya Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı "Serbiya" Palatasının qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Serbiya Prezidenti Boris Tadiç Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycanın və Serbiyanın dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Serbiyanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Boris Tadiçə təqdim olundu. Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Prezidentlərin təkbətək görüşü
İyunun 8-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Boris Tadiçin təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Serbiya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi qeyd olundu, yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin dərinləşməsi baxımından əhəmiyyəti vurğulandı. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
Geniş tərkibdə danışıqlar
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Boris Tadiçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. Serbiya prezidenti Boris Tadiç Azərbaycanı ölkəsinin mühüm tərəfdaşı adlandırdı. Bildirdi ki, ölkələrimizin siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələri möhkəmləndirmələri vacibdir. Serbiya Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir daha öz dövlətinin mövqeyini bəyan etdi.
Prezident Boris Tadiç vurğuladı ki, ölkəsi Azərbaycan şirkətlərinin Serbiyanın nəqliyyat infrastrukturunda və digər sahələrdə iştirakında maraqlıdır. Bu, kənd təsərrüfatı sahəsinə də aid edilə bilər. Serbiya Azərbaycanın nəqliyyat-tranzit imkanlarından istifadə etməkdə də maraqlıdır. Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, Azərbaycan-Serbiya əlaqələri sürətlə inkişaf edir. "Bu cür görüşlər müxtəlif layihələrin müzakirəsi baxımından vacibdir", - deyən Prezident İlham Əliyev ölkələrimiz arasında qarşılıqlı inamın mövcud olduğunu söylədi. Bildirdi ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir, enerji sahəsində əməkdaşlığın yaxşı perspektivləri vardır.
Dövlətimizin başçısı Kosovo problemi ilə bağlı Azərbaycanın mövqeyini bir daha Serbiya Prezidentinin diqqətinə çatdırdı.
Azərbaycan Prezidenti İlham Əliyev ümidvar olduğunu bildirdi ki, hökumətlərarası komissiyanın fəaliyyəti əlaqələrimizin daha da inkişafına öz töhfəsini verəcəkdir.
Azərbaycan-Serbiya sənədləri imzalanıb
Prezident İlham Əliyevin və Prezident Boris Tadiçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Serbiya sənədlərinin imzalanması mərasimi olub. "Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın və Serbiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Vuk Yeremiç imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş"i Azərbaycanın və Serbiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Vuk Yeremiç imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın iqtisadiyyat və regionların inkişafı naziri Neboyşa Çiriç imzaladılar.
"Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Serbiya Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın təhsil və elm naziri Jarko Obradoviç imzaladılar.
"Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Serbiya Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın gənclər və idman naziri xanım Snejana Samardziç-Markoviç imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş"i Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Serbiyanın ətraf mühit, mədən sənayesi və ərazi planlaşdırması naziri Oliver Duliç imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın mədəniyyət, mətbuat və informasiya cəmiyyəti naziri Predraq Markoviç imzaladılar.

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Serbiya Respublikasının Kənd Təsərrüfatı, Ticarət, Meşəçilik və Su Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın kənd təsərrüfatı, ticarət, meşəçilik və su təsərrüfatı naziri Duşan Petroviç imzaladılar.
"Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Serbiya Respublikasının İqtisadiyyat və Regional İnkişaf Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın iqtisadiyyat və regionların inkişafı naziri Neboyşa Çiriç imzaladılar.
"Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Serbiya Respublikasının İnfrastruktur və Energetika Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Memorandum"u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Serbiyanın infrastruktur və energetika naziri Miluitn Mrkonyiç imzaladılar.
"Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Serbiya Respublikasının İnfrastruktur və Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Serbiyanın infrastruktur və energetika naziri Miluitn Mrkonjiç imzaladılar.
"Azərbaycan Respublikasının Mülki Aviasiya Administrasiyası və Serbiya Respublikasının Mülki Aviasiya Direktorluğu arasında Anlaşma Memorandumu"nu "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov və Serbiyanın mülki aviasiya direktoru Neboyşa Starçeviç imzaladılar.

Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç mətbuata bəyanatlarla çıxış ediblər. "Siyasi münasibətlərimiz strateji səviyyəyə qalxır", - deyən Serbiya Prezidenti Boris Tadiç ölkələrimiz arasında bir çox oxşarlıqların olduğunu vurğuladı. Serbiya dövlətinin başçısı bildirdi ki, söhbət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ və Kosovo problemindən gedir. Serbiya Azərbaycanın hər hansı hissəyə bölünməsinin tərəfdarı deyil və biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq.
Prezident Boris Tadiç Prezident İlham Əliyevə Kosovo məsələsində tutduğu mövqeyə görə təşəkkür etdi. Azərbaycanın bu gün böyük həcmdə neft-qaz hasil etdiyini və bu sahədə böyük nailiyyətlərə, layihələrə imza atdığını deyən Prezident Boris Tadiç Serbiyanın AGRİ layihəsinə qoşulmaq istədiyini bəyan etdi. Bildirdi ki, Belqradda keçirilən görüşün əsas müzakirə mövzularından biri də enerji məsələsi oldu.
"Avropa üçün nüvə enerjisi yox, qaz vacibdir. Bu sahədə Azərbaycan böyük addımlar atır. Bu da Azərbaycan iqtisadiyyatının inkişafına xidmət etdi", - deyən Prezident Boris Tadiç Azərbaycan şirkətlərinin Serbiyada infrastruktur layihələrinə sərmayə yatırmaqda maraqlı olduqlarını bildirdi. Prezident Boris Tadiç bir daha Serbiya-Azərbaycan əlaqələrinə verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi.
Sonra Prezident İlham Əliyev çıxış etdi.
Serbiyaya dəvət edildiyinə görə Prezident Boris Tadiçə minnətdarlığını bildirən Azərbaycan dövlətinin başçısı ölkələrimiz arasında münasibətlərin bütün dövrlərdə yüksək səviyyədə olduğunu vurğuladı. Prezident İlham Əliyev son bir neçə ildə bu münasibətlərin daha dinamik və səmərəli xarakter daşıdığını dedi.
Azərbaycan dövlətinin başçısı keçən il Serbiya Prezidentinin ölkəmizə səfərini xatırladaraq, bunun ikitərəfli münasibətlərə güclü təkan verdiyini vurğuladı. "Dialoqumuz strateji xarakter daşıyır. Əlaqələrimiz çoxşaxəlidir", - deyən Prezident İlham Əliyev ikitərəfli formatda bütün sahələrdə əməkdaşlığın daha da gücləndirilməsini arzuladı.
Dövlətimizin başçısı bildirdi ki, Balkan regionunu Xəzər və Qafqaz bölgələri ilə birləşdirəcək kifayət qədər layihələr vardır.
Prezident İlham Əliyev hər iki ölkənin separatizmdən əziyyət çəkdiyini qeyd edərək diqqətə çatdırdı ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarda Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir.
Azərbaycan dövlətinin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyinə görə Serbiya hökumətinə və rəhbərliyinə minnətdarlığını bildirdi və qeyd etdi ki, hər iki ölkənin ərazi bütövlüyünün bərpa olunacağına əmindir.
Prezident İlham Əliyev ikitərəfli münasibətlərin gündəliyinin kifayət qədər geniş olduğunu dedi.
AGRİ laiyhəsi barədə danışan Azərbaycan dövlətinin başçısı Serbiyanın da bu layihəyə qoşulması istəyinin Azərbaycan tərəfindən dəstəkləndiyini vurğuladı.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın kabrohidrogen ehtiyatları hazırda 7 neft və qaz kəməri vasitəsilə dünya bazarlarına çıxarılır. Dövlətimizin başçısı Azərbaycanın enerji sahəsində də Serbiya ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd etdi.
Azərbaycan Prezidenti İlham Əliyev bu gün imzalanan sənədlərin əməkdaşlığın inkişafına yeni təkan verəcəyini vurğuladı.
Dövlətimizin başçısı Serbiya xalqına uğurlar və tərəqqi arzuladı.

Digər xəbərlər