Azərbaycan Avropanın enerji təhlükəsizliyində öz töhfəsini verməyə hazırdır
İyunun 9-da Sloveniya Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Brdo qəsrinin önündə Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Sloveniya Prezidenti Danilo Türk Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycanın və Sloveniyanın dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Sloveniyanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Danilo Türkə təqdim olundu. Dövlət başçıları rəsmi foto çəkdirdilər.
İyunun 9-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Sloveniya Respublikasının Prezidenti Danilo Türkün təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Sloveniya Prezidenti Danilo Türkün Azərbaycana, Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniyaya səfərlərinin əlaqələrimizin inkişafının genişlənməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olundu. Bildirildi ki, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensial vardır.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıldı. Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Sloveniya Prezidenti Danilo Türk qarşılıqlı olaraq dövlət hədiyyələrini təqdim etdilər. İyunun 9-da sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün birgə mətbuat konfransı olub. Əvvəlcə dövlət başçıları bəyanatlarla çıxış etdilər.
Sloveniya Prezidenti Danilo Türk bəyanatında diqqətə çatdırdı ki,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəsmi səfəri, ikitərəfli münasibətlərin nəzərdən keçirilməsi üçün yaxşı fürsətdir:
"Qeyd etmək istəyirəm ki, ikitərəfli münasibətlərimiz yaxşıdır. Əməkdaşlığımız uğurludur və iqtisadi əlaqələrimiz də inkişaf etməkdədir. Hazırda ticarət dövriyyəsi 10 dəfə artmışdır. Bu, artıq böyük nəticə deməkdir. Bir sıra sazişlərin imzalanması nəzərdə tutulur. Burada həm enerji, həm elektrik stansiyalarının tikintisi, həm informasiya texnologiyası, həm də sığorta sahələrində əməkdaşlıq baş tuta bilər. Biz Azərbaycan şirkətlərindən Sloveniyaya sərmayələrin qoyulmasını gözləyirik. Mədəniyyət sahəsində də əməkdaşlığımız genişlənir. Hesab edirəm ki, qarşımızda hələ bir çox əməkdaşlıq imkanları vardır. Bu gün aparılmış danışıqlar, həmçinin bəzi beynəlxalq məsələləri də nəzərdən keçirmək imkanı yaratdı. Sloveniya Avropa məkanında əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Biz istəyirik ki, bu sahədə töhfəmizi verək. Bu məsələ bütün dövlətlərdən xüsusi fəallıq tələb edir, xüsusən də əgər söhbət silahlı münaqişələrdən gedirsə.
Bunların arasında Dağlıq Qarabağ münaqişəsini də qeyd etmək lazımdır. Bu gün danışıqlarımızın mövzusu, həmçinin həmin münaqişədir. Biz bu haqda öncədən də danışmışdıq. Mənim, həmçinin Ermənistan Prezidenti Serj Sarkisyan və Rusiya Prezidenti cənab Medvedevin üçtərəfli qaydada danışıqlarda iştirakını da nəzərdən keçirdik. Status-kvo qəbul edilən həll variantı deyildir. Biz addımlarımızı sürətləndirməliyik ki, prinsiplər əks olunsun və həmin prinsiplər üzərində sülh müqaviləsi, sülh razılaşması əldə edilsin. Bildiyimiz kimi, Rusiya Prezidenti Dmitri Medvedev Soçidə üçtərəfli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Sloveniya bu istiqamətdə göstərilən digər təşəbbüsləri də alqışlayır. Bu ayın sonunda yenidən Rusiyada keçiriləcək üçtərəfli görüşə ümid bəsləyirik. Hesab edirik ki, o görüş zamanı elə prinsiplər müəyyən ediləcəkdir ki, onların əsasında sülh razılaşması əldə olunsun. Əslində bu məsələnin həlli Helsinki Yekun Aktına və ATƏT-in qərarlarına uyğun olmalıdır.
Bir sözlə, biz Azərbaycan ilə əməkdaşlıq münasibətlərimizi genişləndirmək istəyirik. Sloveniya hesab edir ki, enerji təhlükəsizliyi olduqca mühüm məsələdir. Bu məsələ get-gedə daha geniş, çoxtərəfli əməkdaşlıq tələb edir. Burada həm istehlakçılar, həm də hasilatçılar arasında əməkdaşlıq nəzərdə tutulur. Bildiyiniz kimi, bu yaxınlarda Rusiya Federasiyası ilə apardığımız danışıqlar çərçivəsində Sloveniya bir sıra ölkələrə təklif etdi ki, "Cənub" qaz dəhlizinin bəyannaməsini imzalayan ölkələrlə, daha sıx əməkdaşlıq mövcud olsun. Bizim tərəfimizdən təklif olundu ki, onların da iştirakı daha geniş şəkildə təmin edilsin."
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatında isə, ölkələrimiz arasında əlaqələrin çox yüksək səviyyədə olduğu vurğulandı. Prezident İlham Əliyev diqqətə çatdırdı ki, ölkələrimiz arasında mövcud olan siyasi dialoq çox yüksək səviyyədədir:
"Əlbəttə ki, bu, əlaqələrimizin inkişafı və bütün başqa sahələri əhatə etmək üçün yaxşı zəmin yaradır. Əminəm ki, səfərim və imzalanmış sənədlər, aparılmış danışıqlar nəticəsində qəbul ediləcək qərarlar münasibətlərimizi daha da möhkəmləndirəcəkdir. Biz buna maraqlıyıq və Sloveniya bizim üçün bu bölgədə çox vacib tərəfdaşlardan biridir.
Bu gün, eyni zamanda, ikitərəfli məsələlərlə yanaşı, Avropa İttifaqı-Azərbaycan əlaqələri də müzakirə edildi. Sloveniya Avropa İttifaqının üzvü kimi, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün dəyərli töhfəsini verir. Bu əlaqələr inkişaf edir. Bu ilin əvvəlində Avropa Komissiyasının prezidenti cənab Barrozunun Azərbaycana səfəri və səfər zamanı aparılmış danışıqlar, qəbul edilmiş siyasi qərarlar və Bəyannamə gələcək əməkdaşlıq üçün yaxşı şərait yaradır. Avropa İttifaqı ilə münasibətlərimiz çox yüksək səviyyədədir və bu əlaqələr genişlənir. Biz gələcək əməkdaşlığa da çox müsbət yanaşırıq. Hesab edirik ki, indiki mərhələdə gələcək əməkdaşlığımızın perspektivləri haqqında daha dəqiq məsələlər müzakirə edilməlidir, dəqiqləşdirmə aparılmalıdır, prioritetlər müəyyən edilməlidir. Biz uzunmüddətli uğurlu tərəfdaşlıq münasibətlərimizi qura bilərik və qurmalıyıq.
Avropa İttifaqı ilə gündəliyimiz çox genişdir. Əlbəttə, enerji təhlükəsizliyi məsələləri gündəliyin demək olar ki, birinci sırasındadır və bu istiqamətdə əməkdaşlıq dərinləşir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün töhfəsini verməyə hazırdır. Bizim zəngin qaz ehtiyatlarımız artıq müxtəlif istiqamətlər üzrə dünya bazarlarına çıxarılır. Biz qaz infrastrukturumuzun yaradılması nəticəsində çoxşaxəli ixrac imkanlarına malikik. Bu gün Azərbaycan qazını dünya bazarlarına çıxaran 4 kəmər vardır. Bu kəmərlər işlək vəziyyətdədir. Əlbəttə ki, zəngin qaz ehtiyatlarımızı dünya bazarlarına əmniyyətli yolla çıxarmaq üçün yeni kontraktlar lazımdır. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrə bərabərdir. Bu da Azərbaycanı qaz ixrac edən çox önəmli ölkə kimi artıq dünyaya təqdim edir. "Cənub" qaz dəhlizi üzrə danışıqlar gedir. Əminəm ki, danışıqların yaxşı nəticələri olacaqdır. Danışıqların uğuru üç tərəfin səmimi münasibətlərindən və əlaqələrindən asılıdır. İstehsalçılar - Azərbaycan, istehlakçılar - Avropa tərəfi və tranzit ölkələri. Yəni, hər üç tərəfin maraqları təmin edilməlidir və hər bir tərəf bu layihənin həyata keçirilməsi üçün töhfəsini verməlidir. Hazırda bu əməkdaşlıq formalaşır. Ümid edirəm ki, yaxın zamanlarda biz daha konkret nəticələr haqqında danışa biləcəyik. Ancaq bir daha qeyd etmək istəyirəm ki, bu məsələ nəinki Azərbaycan, eyni zamanda, Avropa üçün də çox vacibdir.
Biz, eyni zamanda, cənab Prezidentin qeyd etdiyi kimi, bu gün regional təhlükəsizlik məsələlərinə də münasibətimizi bildirdik. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyətin son reallıqlarını cənab Prezidentə bildirdim. Danışıqlar gedir və ümid edirəm ki, danışıqlar yaxşı nəticə verəcəkdir. Çünki əgər bu gün müzakirə edilən məsələlər - baza prinsipləri qəbul olunarsa, məsələnin ədalətli həlli mümkün olacaq, Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək və eyni zamanda, təhlükəsizlik məsələləri öz həllini tapacaq, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılacaqdır.
Bildiyiniz kimi, uzun illərdir ki, Azərbaycan erməni işğalından əziyyət çəkir. Beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz pozulubdur. Ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, bu ərazilərdən azərbaycanlılar tamamilə çıxarılıb. Yəni, bizim millətə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və bir milyon azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. O qətnamələrdə işğalçı qüvvələrin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur. ATƏT-in qərarları oxşar mahiyyət daşıyır, eyni zamanda, Avropa Parlamenti, Avropa Şurası, İslam Konfransı Təşkilatı oxşar qətnamələr qəbul etmişlər. Amma əfsuslar olsun ki, işğalçı qüvvələr bu günə qədər torpaqlarımızı azad etməyiblər.
Məsələnin ədalətli həlli üçün indi yaxşı şərait yaradılıb. Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının may ayının sonunda verdikləri birgə bəyanat artıq çox ciddi bir siqnaldır. Orada göstərilir ki, status-kvo qəbuledilməzdir. Biz bunu uzun illərdir ki, deyirik - status-kvo dəyişdirilməlidir, işğalçı qüvvələr işğal edilmiş torpaqları tərk etməlidir. Belə dəqiq bəyanatın verilməsi əlbəttə ki, bizi daha da ruhlandırır və ümidlərimizi artırır. Bəyanatın digər vacib məsələsi ondan ibarətdir ki, orada Helsinki Yekun Aktına istinad edilir. Helsinki Yekun Aktında ölkələrin ərazi bütövlüyü prinsipləri və xalqların öz müqəddəratını müəyyənetmə prinsipləri arasında heç bir ziddiyyət yoxdur. Yəni, bu iki prinsip bir sazişdə öz əksini tapmalıdır və hesab edirəm ki, bu da çox müsbət haldır."
Sonra jurnalistlərin sualları cavablandırıldı.
Prezident İlham Əliyev jurnalistlərin Dağlıq qarabağ münaqişəsi ilə bağlı suallarını cavablandıraraq bildirdi ki, hər bir ölkənin özünü müdafiə etmə hüquqi vardır. Hər bir ölkənin bu hüququ Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində də tanınıbdır:
"Sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsinin nəticələri məhz sülh yolu ilə yox, zor, güc tətbiq etməklə formalaşmışdır. Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və işğalçı siyasəti nəticəsində yüz minlərlə dinc sakin öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Dağlıq Qarabağın ətrafında yerləşən yeddi rayon, - haradakı heç vaxt ermənilər yaşamamışlar, - azərbaycanlılardan tamamilə boşaldılıb. Orada bütün binalar yerlə-yeksan edilib. Bir neçə ay bundan əvvəl ATƏT-in qiymətləndirmə missiyası işğal altındakı torpaqlara səfər etmişdir. Onların hazırladığı məruzəyə baxmaq kifayətdir ki, hər kəs öz gözləri ilə görsün ki, orada bir dənə də olsun salamat bina qalmamışdır. Bütün binalar dağıdılıb. Bizim dini məbədlərimiz dağıdılıb. Bütün sərvətlər talan edilib. Yəni, bir tərəf güc tətbiq etməklə artıq bu vəziyyətin yaranmasına gətirib çıxarıbdır."
Prezident Danilo Türk isə jurnalistlərin suallarını cavablandıraraq dedi ki, Sloveniya hesab edir ki, strateji mahiyyət daşıyan "Şərq tərəfdaşlığı" Proqramı olduqca əhəmiyyətlidir:
"Bu bizim ən vacib prioritetlərdən biridir. Əslində Avropanın gələcəyi məhz bu sənəddə əks olunubdur. Bizə ən yaxın olan qonşu ölkələrlə bu proqram çərçivəsində əməkdaşlığımızı genişləndirmək fikrindəyik. Bu, əslində yeni bir fenomen, yeni bir layihədir ki, biz onun çərçivəsində konkret əməkdaşlığın məzmununu müəyyən edirik. Orada əməkdaşlığımızın hər hansı bir tərəfdaş ölkə üzrə təsviri verilir. Konkret olaraq bu nə deməkdir? Yəni, əməkdaşlığın prioritetləri Avropa İttifaqı ilə Azərbaycan arasında müəyyən edilir və məhz bu, "Şərq tərəfdaşlığı" Proqramında iştirak edən ölkəyə aiddir. Tutaq ki, viza rejiminin asanlaşdırılması nəzərdə tutulur. Ümidvarıq ki, biz bu sahədə də irəliyə doğru gedə biləcəyik. Biz insanların səfərlərini daha da liberallaşdırmalıyıq. Əslində, insanlar arasında münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Biz "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində, həmçinin iqtisadi əməkdaşlıq haqqında söhbət açmalıyıq. Biz o faktla razılaşırıq ki, Azərbaycan zəngin ölkədir. Azərbaycan elə bir ölkədir ki, onun xüsusi iqtisadi gücü, imkanları var və o, Avropa İttifaqına böyük töhfə verə bilər."
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikası Milli Assambleyasının prezidenti Pavel Qantar ilə görüşüb. Prezident İlham Əliyev Sloveniya Respublikasının Milli Assambleyasının Xatirə kitabını imzaladı. Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. İqtisadi sahədə əlaqələrimizin inkişafı üçün yaxşı imkanların mövcud olduğu bildirildi. Parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin genişlənməsi baxımından önəmli olduğunun qeyd edildiyi görüşdə Azərbaycan ilə Sloveniya arasında əməkdaşlığın beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf etdiyi bildirildi. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniyaya səfərinin ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə əminlik ifadə olundu. Azərbaycan Prezidenti İlham Əliyev Sloveniyaya rəsmi səfəri çərçivəsində iyunun 9-da Lyublyana şəhər meriyasında olub. Dövlətimizin başçısını meriyanın qarşısında Lyublyananın meri Zoran Yankoviç qarşıladı. Z.Yankoviç Prezident İlham Əliyevi salamlayaraq yeddi il əvvəl iş adamı qismində Bakıda olduğunu məmnunluqla xatırladı. O, Bakı ilə Lyublyana arasında əməkdaşlığın daha da inkişafı üçün çalışacağını bildirdi. Azərbaycanı "Eurovision-2011" mahnı müsabiqəsində qazandığı qələbəyə görə təbrik edən Lyublyana şəhərinin meri gələn il Sloveniyanın bir çox incəsənət adamının Azərbaycana səfər edəcəyini qeyd etdi. Dövlətimizin başçısı Lyublyana şəhərinin inkişafı ilə bağlı görülən işləri yüksək qiymətləndirdiyini bildirdi. Prezident İlham Əliyev son bir neçə il ərzində Lyublyananın daha da müasirləşdiyini, abadlaşdığını və çox gözəl Avropa şəhərinə çevrildiyini vurğulayaraq dedi:
-Mən görürəm ki, həm şəhər rəhbərliyi, eyni zamanda, sakinlər öz şəhərlərinə çox böyük məhəbbətlə yanaşırlar. Burada abadlıq, quruculuq və bərpa işləri böyük zövqlə aparılmışdır. Bütövlükdə Sloveniya-Azərbaycan əlaqələrinin inkişafı üçün bu gün çox əlamətdar bir gündür. Bu gün keçirdiyim görüşlər, apardığım danışıqlar və sabah keçiriləcək tədbirlər ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaqdır. Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və bu əlaqələrimiz gündən-günə güclənir. Eyni zamanda, sabah keçiriləcək birgə biznes forum iqtisadi sahədə də əlaqələrin inkişafı üçün çox təsirli olacaqdır. Çünki qarşılıqlı maraq çox böyükdür və birgə iş görmək üçün bütün imkanlar vardır. Eyni zamanda, parlamentlərarası əlaqələr də yaxşı səviyyədədir. Mən burada köhnə dostumu görməkdən də çox məmnunam. Biz Strasburqda birlikdə işləmişik və çox yaxşı günlərimiz, yaxşı söhbətlərimiz olub. Azərbaycan artıq 10 ildir ki, Avropa Şurasının üzvüdür. Amma görüşlərimizin baş tutduğu o vaxt biz Avropa Şurasına təzə üzv olmuşduq və əlbəttə ki, bizim üçün hər şey orada təzə idi. Biz istəyirdik ki, tezliklə Avropa Şurasına inteqrasiya edək, öz yerimizi tutaq və cənab Yankoviç də bizə çox kömək göstərmişdi.
"Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycan gənclərinin qazandıqları qələbə münasibətilə təbrikinizə görə təşəkkür edirəm. Bir ildən sonra sloveniyalı qonaqları qəbul etməyə hazırıq, o cümlədən sizi, cənab mer. Amma ümid edirəm ki, siz ondan əvvəl Bakıya gələcəksiniz və biz əlaqələrimizi davam etdirəcəyik. Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm. Dövlətimizin başçısı meriyanın xatirə kitabına ürək sözlərini yazdı. İyunun 9-da Sloveniya Respublikasının Prezidenti Danilo Türkün adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.