2011-2015-ci illəri əhatə edəcək "Azərbaycan gəncliyi Dövlət Proqramı"nın təsdiq olunması haqda Sərəncam imzalayan ölkə Prezidenti İlham Əliyev qeyd edib ki, proqram elə həyata keçirilməlidir ki, orada gəncləri hazırda narahat edən məsələlər öz əksini və həllini tapsın.
Gənclərin bütün problemləri bu proqramla həll oluna bilər
Ümumiyyətlə, bu istiqamətdə son illərdə böyük işlər görülmüşdür. Bu gün Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi və iqtisadi həyatında fəal rol oynayırlar.
Gənclərimiz dövlətçiliyə sadiqdir. Gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə alırlar. Bu, çox vacibdir. O ki qaldı proqrama, hesab edirəm ki, orada ilk növbədə, gənclərin məşğulluğu məsələləri öz həllini tapmalıdır.
Dövlət başçısı bildirir ki, "buna baxmayaraq yenə də işsizlik problemi var, bu problem bizi narahat edir. Biz elə etməliyik ki, işsizliyin aradan qaldırılması üçün daha da fəal olaq".
Prezident İlham Əliyev gənclərin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də ciddi addımlar atıldığını bildirir. Prezident deyib ki, ipoteka kreditləşməsi güzəştli şərtlərlə həyata keçirilməli, layihənin əhatə dairəsi genişlənməli və bütün bunlar gənclərə yaxşı şərait yaradılması işinə xidmət etməlidir.
Gənclərin peşə hazırlığı ilə bağlı məsələlərdən danışan Prezident İlham Əliyev bunun daha aktual və qarşıda duran ciddi məsələlərdən biri olduğunu deyir. "Azərbaycanın artan iqtisadi potensialı, yeni müəssisələrin yaradılması peşəkar kadrlar tələb edir. Bu kadrlar elə hazırlanmalıdır ki, onlar istənilən sahədə çalışa bilsinlər.
Gənclərimizin xaricdə təhsil alması üçün əlavə tədbirlər görüləcəkdir. Biz ölkəmizin inkişaf perspektivlərini yaxşı bilirik. Biz ölkə iqtisadiyyatının inkişaf istiqamətlərini bilirik. Kadrların hazırlanması ölkənin ümumi iqtisadi inkişafı ilə bağlı olmalıdır".
Azərbaycanda gənclər siyasəti Ulu Öndərin qoyduğu proqramdır
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra başda Qarabağ müharibəsi olmaq üzrə bir çox siyasi, iqtisadi və ictimai çətinliklə üzləşmişdi. Bunlardan ən ağırı isə gənclərin o dövrün çətin şəraitindən və keçid dövrünün mənfi təsirlərindən qorumaq idi. Çünkü bu mənfi təsirlərə məruz qalan və milli vətənpərvərlik hissləri ilə böyüməyən gənclik gələcəkdə nəticə etibariylə həmin millətin özü üçün problemlər yaradır. O millət ki gəncliklə məşğul olmur, onun gələcəyi yox səviyyəsindədir.
Həmin çətin dövrdə Ümummilli Lider Heydər Əliyevin yenidən Azərbaycan Respublikasının rəhbərliyinə gəlməsi ölkəmizin bir çox probleminin, o cümlədən, gənclərin problemlərinin öz həllinin tapması ilə nəticələndi. Gənclərin problemlərinin həlli sahəsində tədbirlərin görülməsi, onların öz imkan və bacarıqlarını reallaşdıra bilmələri üçün şəraitin yaradılması müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən birinə çevrildi.
Məhz Ulu Öndərimizin müəyyənləşdirdiyi, Prezidentimiz İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində gənclər cəmiyyətdə bu gün öz yerini tutur. Bundan başqa Ümummilli Lider Azərbaycan gəncliyinin yüksək keyfiyyətlərə malik olmasına çalışır və müxtəlif çıxışlarında və yazılarında bunun əsas istiqamətlərini gənclərə göstərirdi.
2002-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra bu yöndə çox mühüm işlər həyata keçirildi.
Prezident İlham Əliyev gənclər siyasətini uğurla davam etdirir
Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti və bu siyasət nəticəsində gənclərin təhsil, sosial müdafiə və işlə təminatı sahələrində atılan məqsədyönlü addımlar gənclərin partiyamıza axınını gücləndirir. Ölkəmizdə yeni iş yerlərinin açılması, tələbə gənclərin təqaüdlərinin və gənclərin xarici ölkələrdə təhsil imkanlarının artırılması dövlətimizin gənclərlə bağlı siyasətinin əsas istiqamətləridir.
Təsadüfi deyil ki, müasir gənclər də öz fəaliyyətlərini cəmiyətin geniş təbəqələrində Ümummilli Lider Heydər Əliyev ideyalarının ölməzliyinə və həmişəyaşarlığına olan möhkəm inamın daha da dərinləşməsi istiqamətində qurur, bu istiqamətdə mühüm işlər görürlər. Gənclər ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlətimizin yeritdiyi gənclər siyasətinin həyata keçirilməsində mühüm rol oynayırlar.
Bugünkü müstəqil dövlətçiliyimizin üzərində bərqərar olduğu dayaqlarından biri də Azərbaycan gəncliyidir. Gənclərimizin əsil Azərbaycan vətəndaşı kimi formalaşmasında Prezident İlham Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Onun dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub.
İndi əsas amal bu günə kimi formalaşan gənclər ordusunu heç bir itki vermədən gələcəyə aparmaqdır. Şübhəsiz, bu, belə də olacaq. Çünki Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabaha- yeni uğurlara imza atmağa daha yaxındır.
Elçin Bayramlı