Son günlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı böyük aktivlik müşahidə olunmaqdadır. Bu aktivlik özünü hələ bir müddət bundan öncə, "Böyük Səkkizlər"in Dovildə keçirilən sammiti zamanı Minsk Qrupunun həmsədr ölkələrinin prezidentləri tərəfindən imzalanan bəyanatda özünü göstərməyə başladı. Bundan sonra isə həmsədrlərin regiona səfəri və iyunun son ongünlüyünə planlaşdırılan Kazan görüşü bu aktivliyini davamı kimi göstərilə bilər.
Bu günlərdə Minsk Qrupu həmsədrlərinin regionda səfərdə olmaları və burada keçirdikləri görüşlər, verilən bəyanatlar bir daha münaqişənin tənzimlənməsi üçün görülən işləri nümayiş etdirməkdədir. Ermənistanda, bundan sonra isə, işğal olunmuş ərazilərdə səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri və eləcə də, qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Xankəndində də olmuş, burada bir sıra mühüm əhəmiyyətli bəyanatlar səsləndirmişlər. Bəzi fikirlər isə daha böyük maraq doğurur və münaqişənin tezlikə sülh yolu ilə tənzimlənəcəyinə ümidləri artırır.
Vasitəçilər Madrid prinsipləri əsasında sülh danışıqlarının hazırkı mərhələsinə dair bir sıra məqamlara diqqət yetirib. Fransalı həmsədr Bernar Fasyenin Dovil bəyanatını xatırlatması onun münaqişənin sülh yolu ilə həllindən başqa çıxış yolunun olmaması fikrinə haqq qazandırıb.
Amerikalı həmsədr Robert Bradtkenin də öz mövqeyini ifadə edərkən Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtona səfəri və dövlət katibi Hillari Klintonla görüşləri zamanı yer alan güc tətbiq edilməsinin yolverilməz olması fikrinə haqq qazandırıb.
Rusiyalı həmsədr İqor Popov isə aprelin 22-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin münaqişənin sülh yolu ilə həllinə dair layihənin müzakirə edildiyi xatırladıb: "Nazirlərin növbəti görüşü yaxın vaxtlarda baş tutmalıdır. Həmin görüşdə yekun təkliflər səslənməlidir. Həmin təkliflər isə Kazanda keçiriləcək sammitə təqdim olunacaq. Prezidentlərin Dovildəki bəyanatı bu işə əlavə təkan vermiş olacaq. Ümid edirik ki, Kazanda tərəflər konstruktiv yanaşma nümayiş etdirəcək".
Yenilənmiş Madrid prinsiplərində nəzərdə tutulanlara diqqət yetirən İ.Popov deyib ki, əsas prinsiplər üzərində mütəmadi iş gedir: "Mən yenilənmiş Madrid prinsipləri deməzdim. Hər görüşün gedişatında yeni-yeni təkliflər, düzəlişlər olur. Bu gün də layihə mövcuddur. Bəzi məsələlərin üzərində işləmək lazımdır. Dediyim kimi bu işlə nazirlər məşğul olacaq. Yekun variant üzərində razılıq olsa, Kazanda iş yekunlaşa bilər".
Eyni zamanda B. Fasye əlavə edib ki, Madrid prinsiplərinin sonuncu variantı - 3 ay bundan öncə Soçidə müzakirə edilmiş variantdır. Göründüyü kimi, həmsədrlər bir daha münaqişənin dinc yolla tənzimlənməsi fikrinə sadiq qaldıqlarını göstəriblər. Onlar bunu həm Azərbaycanda, həm də Ermənistanda olarkən bəyan ediblər. Bunun üzərində ciddi iş aparıldığı da görünməkdədir. Lakin təkcə bəyanat verməklə buna nail olmaq olmaz. Bu məsələdə əsas əngəl törədən Ermənistan rəhbərliyinə təzyiq göstərmək və onu tutduğu qeyri-konstruktiv mövqedən çəkindirmək üçün də lazımi tədbirləri görmək vacibdir. Belə olmayacağı təqdirdə, heç bir sülh razılaşması mümkün olmayacaq. Hər halda, 20 ilə yaxındır aparılan danışıqlar bunu deməyə əsas verir. Görünür, həmsədrlər bununla bağlı tərəflərdən müsbət rəy ala biliblər. Onların, xüsusilə də, İ.Popovun səsləndirdiyi fikirlər bunu deməyə əsas verir. İ.Popovun yenilənmiş Madrid prinsiplərini xüsusi diqqətdə saxlaması və bunun yekun variantı kimi Soçi görüşünün nəticələrinin qəbul olunmasını nəzərə çatdırması da diqqətçəkən məqamlardandır. Bu prinsiplər isə Azərbaycanın ərazi bütövlüyünü özündə əks etdirir. Yəni münaqişənin həlli üçün optimal variantlar hesab olunur. Onların tənzimləmədə əsas götürülməsi isə, təbii ki, Azərbaycanın haqq işinə tam uyğun gəlir və ədalətli mövqeyin ifadəçisidir.
Hər halda, bütün bu məsələlərə prezidentlərin Kazan görüşü və ondan öncə keçiriləcək xarici işlər nazirlərinin görüşü zamanı aydınlıq gətiriləcək. O zaman həmsədrlərin bu bəyanatlarının nə dərəcədə reallığa uyğun olduğunu anlayacağıq.
Murad İSMAYILZADƏ