PDF Oxu

Siyasət

  • 13

İqtisadi inkişaf sosial rifahın qarantıdır

İqtisadi inkişaf sosial rifahın qarantıdır

Azərbaycanda hökumət qlobal maliyyə böhranının təsirlərinin neytrallaşdırılması və iqtisadi sabitliyin təmin olunması üçün adekvat siyasət həyata keçirir. Görülən tədbirlər nəticəsində pul siyasəti manatın sabitliyinin qorunmasına, inflyasiyanın aşağı səviyyədə tənzimlənməsinə xidmət edir. Ümumiyyətlə, ölkənin artan gəlirləri əhalinin sosial müdafiəsinə, qeyri-neft sektorunun inkişafına yönəldilir ki, bu da Azərbaycanın strateji inkişaf konsepsiyasının əsas müddəalarından biridir.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, son 7 il ərzində ümumi daxili məhsul təxminən 3 dəfə artıb, hətta böhranlı 2009 və 2010-cu illərdə ölkə iqtisadiyyatı 14 faiz artıb. İqtisadiyyatımız birinci rübdə bütövlükdə 1,6 faiz, qeyri-neft sektorumuz isə 5,6 faiz artıb.


Neft-qaz sektorunun inkişafı sürətlənir


İqtisadiyyatımızın strateji sahəsi olan neft-qaz sektorunda ötən il dinamik inkişaf davam edib. Bu dövrdə ölkədə neft hasilatı təxminən 51 milyon tona, qaz hasilatı 26,6 milyard kubmetrə çatıb. Ötən il 6,2 milyard kubmetr, o cümlədən, Dövlət Neft Şirkəti tərəfindən 1,1 milyard kubmetr təbii qaz ixrac edilib. Bu isə 2009-cu ildəkindən 2,4 dəfə çoxdur.

Hökumət yanacaq-enerji kompleksinin inkişafını da qarşıya prioritet vəzifə kimi qoyub. Bu məqsədlə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi üzrə Dövlət Proqramına uyğun olaraq, sahənin inkişafına büdcədən 40 milyon manat vəsait ayrılıb.

Dövlət daha böyük iqtisadi inkişafa nail olmaq üçün yeni sənaye və emal müəssisələrinin tikintisinə də xüsusi önəm verir. Sumqayıtda tikilən Texnopark sənayedə keyfiyyətcə yeni universal istehsal kompleksidir.


Ərzaq təhlükəsizliyinin təmin edilməsi reallaşır


Hazırda dünyada ərzaq təhlükəsizliyi dövlətləri narahat edən ümdə məsələlərdən biridir. Ona görə ki, ərzaq qıtlığı və bahalığı birbaşa əhalinin sosial durumuna təsir edən amildir. Ümumiyyətlə, hazırda bütün ölkələr ərzaq təhlükəsizliyindən qorunmağın əsas yolunu ölkə daxilində kənd təsərrüfatının inkişafının stimullaşdırılmasında görürlər.

2003-cü ildən başlayaraq Azərbaycanda aqrar sektorda həyata keçirilən islahatlar və bu sahəyə yatırılan böyük həcmli investisiyalar ölkəmizdə kənd təsərrüfatının inkişafına təkan verib. Kənd təsərrüfatı məhsulları istehsalçılarına vergi güzəştlərinin tətbiqi, subsidiyaların və kreditlərin verilməsi ilə dövlət birbaşa aqrar sektorun inkişafına dəstək göstərir.

Dövlət Taxıl Fondu tərəfindən tutumu 160 milyon ton olan 2 elevator, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ümumi tutumu 140 min ton olan 13 taxıl anbarı tikilib. Taxıl istehsalçılarını yüksək keyfiyyətli toxumla təmin etmək məqsədilə Yevlax rayonunda müasir tələblərə cavab verən "Azərtoxum" təsərrüfatı yaradılıb.

Bundan əlavə, dünyada taxıl bazarında yaranmış gərginliyi nəzərə alaraq idxal edilən buğda və un əlavə dəyər vergisindən azad olunub. Əhalini çörək və çörək məmulatı ilə etibarlı təmin etmək üçün Dövlət Taxıl Fondu tərəfindən alınan buğdanın həcmi 2 dəfədən çox artırılaraq, 500 min ton həddində müəyyən edilib.


Əhalinin gəlirləri artır, pul dövriyyəsi çoxalır


Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ilin yanvar-may aylarında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2010-cu ilin müvafiq dövrünün göstəricisini 9,6 faiz üstələyərək 6,2 milyard manata çatıb.

İstehlak mallarının 14,5 faizi hüquqi, 85,5 faizi fiziki şəxslər tərəfindən realizə olunub. Əhalinin ticarət şəbəkələrində xərclədikləri vəsaitin 3,9 milyard manatı ərzaq məhsullarının, 2,3 milyard manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf edilib.

Ötən ayın əvvəlinə olan məlumata görə, kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 5 milyard 585,4 milyon manat təşkil edib. Mərkəzi Bankdan verilən məlumata əsasən, depozit və əmanətlərin 3 milyard 358,7 milyon manatı əhali tərəfindən yerləşdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,7 faiz çoxdur.

Əhalinin pul gəlirləri 16 faizdən çox artıb. Əgər inflyasiyanı əhalinin pul gəlirləri ilə müqayisə etsək, görərik ki, gəlirlərdə real artım müşahidə olunur. İyul ayından əməkhaqqı və pensiyaların artacağını da buraya əlavə etdikdə, əhalinin gəlirlərində xeyli artımın olacağı aydın olur.


Sosial müdafiə siyasəti öz bəhrələrini verməkdədir


Hazırda ölkəmizdə orta əməkhaqqı 350 manat səviyyəsindədir. Dollarla hesablasaq, bu, haradasa 450 dollara yaxındır. Orta əməkhaqqının artımı ölkədə həm iqtisadi, həm də sosial sahədə aparılan siyasətin əlamətidir. Bu həm də onu göstərir ki, sosial məsələlər də Azərbaycanda uğurla öz həllini tapır. Bunun da ən gözəl göstəricisi ondan ibarətdir ki, Azərbaycanda yoxsulluğun səviyyəsi ildən-ilə aşağı düşür.

2010-cu ilin yekunlarına görə Azərbaycanda yoxsulluq 9,1 faiz səviyyəsində idi. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bu, onu göstərir ki, son 7 ildə yoxsulluq səviyyəsi 5 dəfə azalıb. Dövlət başçısı qeyd edib ki, bu il ərzində həm iqtisadi sahədə, həm sosial sahədə görüləcək işlər nəticəsində, eyni zamanda, maaşların və pensiyaların gözlənilən artımları hesabına Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı yenə də aşağı düşəcək.

Ölkədə aparılan quruculuq işləri, iqtisadi islahatlar, sosial proqramlar bu problemin həlli üçün böyük imkanlar açıb. Bununla bərabər, bütün bölgələrdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. Bu ilin birinci rübündə nəzərdə tutulmuş bütün investisiya layihələri vaxtında həllini tapır. Birinci 3 ayda regionlarda təxminən 17 min yeni iş yeri açılıb. Bu proses davam edir. Bütövlükdə, birinci proqramın icrasından sonra ölkəmizdə 930 min yeni iş yeri açılıb.

Bütün bunlar onu göstərir ki, Azərbaycanda həyata keçirilən iqtisadi və sosial siyasət ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, əhalinin rifah halının yüksəlməsinə də ciddi təsir göstərir.


Elçin Bayramlı

Digər xəbərlər