Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasinin sədri Xose Manuel Barrozunun birgə mətbuat konfransı olub
İyunun 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu birgə mətbuat konfransı keçiriblər. Xose Manuel Barrozu və Prezident İlham Əliyev əvvəlcə mətbuata bəyanatlarla çıxış ediblər. "Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir", - deyən Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Prezident İlham Əliyev ilə görüşdə "Şərq tərəfdaşlığı" Proqramı, Avropa Qonşuluq siyasəti və Azərbaycanda demokratiyanın inkişafı prosesləri ilə bağlı müzakirələrin aparıldığını bildirdi. Azərbaycana sonuncu səfərində ölkəmizdə iqtisadi inkişafın şahidi olduğunu deyən Avropa Komissiyasının sədri Bakıda "Cənub dəhlizi" ilə bağlı imzalanmış Bəyannamənin əhəmiyyətini vurğuladı. Xose Manuel Barrozu qeyd etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlinin vaxtı çatmışdır. Sədr "Eurovision-2011" mahnı müsabiqəsində azərbaycanlı gənc müğənnilərin birinci yeri tutmaları ilə bağlı təbriklərini çatdırdı.
"Avropa İttifaqı ilə Azərbaycan arasında fəal dialoq mövcuddur", - deyən Prezident İlham Əliyev ikitərəfli gündəliyin geniş olduğunu və budəfəki görüşdə bir çox məsələlərin müzakirə edildiyini bildirdi. "Biz ölkəmizdə hüququ və siyasi islahatları davam etdiririk. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir", - deyən dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, qaçqın və məcburi köçkünlər tezliklə evlərinə qayıtmalıdırlar. Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu deyən Prezident İlham Əliyev görüşdə enerji siyasəti məsələlərinə də geniş yer ayrıldığını dedi. Sonra jurnalistlərin sualları cavablandırıldı.
Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının sədri Xose Manuel Barrozu ilə işçi naharı olub
Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 22-də Brüsseldə Avropa Komissiyasının sədri Xose Manuel Barrozu ilə işçi naharı olub.
Prezident İlham Əliyev Avropa Parlamentinin sədri Yeji Buzek ilə görüşüb
Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Brüsseldə Avropa Parlamentinin sədri Yeji Buzek ilə görüşüb. Avropa Parlamentinin sədri Yeji Buzek dövlətimizin başçısı İlham Əliyevi səmimiyyətlə qarşıladı. Prezident İlham Əliyev və Yeji Buzek Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqları önündə xatirə şəkli çəkdirdilər.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycan ilə Avropa İttifaqı arasında parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi, "Şərq tərəfdaşlığı" Proqramı, Avronest Parlament Assambleyası çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu.
Görüşdə, həmçinin Assosiativ saziş, Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Avropa İttifaqının prezidenti Herman Van Rompeylə görüşüb
Dünən Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqının prezidenti Herman Van Rompeyin görüşü olub. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olundu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, "Şərq tərəfdaşlığı" Proqramı, energetika sahəsində əməkdaşlıq, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin genişləndirilməsi perspektivləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının genişləndirilməsi və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenlə müzakirələr aparıb
Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Brüsseldə Avropa İttifaqının genişləndirilməsi və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşüb. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq, o cümlədən "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində həyata keçirilən layihələr və atılan addımlar ətrafında fikir mübadiləsi aparıldı.
Əməkdaşlığın genişləndirilməsinin yeni imkanlarının nəzərdən keçirildiyi görüşdə, həmçinin Assosiativ saziş üzrə aparılan danışıqların hazırkı vəziyyəti, viza rejiminin sadələşdirilməsi və digər məsələlər müzakirə olundu.
Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə "Euronews" telekanalına müsahibə verib
Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Brüsseldə "Euronews" telekanalına müsahibə verib. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı sualları cavablandırıb.