PDF Oxu

Siyasət

  • 8

Azərbaycan Prezidentinin Belçikaya səfəri məhsuldar olub

Azərbaycan Prezidentinin Belçikaya səfəri məhsuldar olub

İyunun 23-də Brüsseldə Krans Montana Forumunun rəsmi açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun "Azərbaycan: Şərqə doğru Avropanın qabaqcıl mayakı" sessiyasında iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı əvvəlcə ölkəmizlə bağlı təqdim edilən sərgi ilə tanış olublar. Sərgidə Azərbaycanda gedən sürətli iqtisadi inkişaf prosesləri barədə ətraflı məlumat verilib. Burada ölkəmizdə enerji, turizm, mədəniyyət, infrastruktur sahələri barədə forum iştirakçılarının diqqətinə zəngin məlumat çatdırılmaqla Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf dinamikası barədə də informasiyalar yer alıb.

Bu da Azərbaycan ilə tanışlıq, ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri barədə məlumat almaq üçün forum iştirakçılarına geniş imkanlar yaradıb. Bir sözlə, forumda Azərbaycana maraq kifayət qədər böyük olub.

Sonra forum öz işinə başladı. Mərasimi açan Krans Montana Forumunun təsisçisi və prezidenti Jan Pol Karteron Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı, o cümlədən, digər qonaqları salamlayıb, tədbir iştirakçılarına Azərbaycan haqqında məlumat verib.

Belçika Krallığı baş nazirinin müavini, maliyyə naziri Didier Reynders Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri, enerji sektorunda əldə olunan uğurlar, sərmayə mühiti barədə danışıb. Bu sahədə Prezident İlham Əliyevin xidmətlərini xatırlayıb və Avropa üçün Azərbaycanın Asiyaya açılan qapı olduğunu diqqətə çatdırıb.

Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ottinger çıxışında diqqəti Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurlara yönəltdi. Dedi ki, indi enerji təhlükəsizliyi Avropa üçün bir nömrəli məsələdir və neft-qaz hasilatında əldə edilən nailiyyətlər Azərbaycanı daha da gücləndirir. Komissar Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Bakıya səfəri zamanı enerji sahəsində əməkdaşlığa dair imzalanan birgə bəyannamənin əhəmiyyətinə də toxunub.

Albaniyanın Baş naziri Sali Berişa da neft-qaz sektorunda əldə olunan uğurlar münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Əlcəzairin planlaşdırma naziri Həmid Temmar və İslam Konfransı Təşkilatının (İKT) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri də mərasimdə çıxış etdilər. İKT-nin baş direktoru rəhbərlik etdiyi təşkilatla Azərbaycan arasında yaranan səmərəli əməkdaşlıqdan danışdı. Vurğuladı ki, Azərbaycan həm İSESKO, həm də YUNESKO və digər beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən tədbirləri təşkil etməklə özünün mədəni dəyərlərə sadiqliyini təsdiq etdi. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətini vurğuladı və onun xoşməramlı səfir kimi mədəniyyət, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi layihələri yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev forumda çıxış etdi.

Dövlətimizin başçısı qonaqları salamlayaraq, onu bu foruma dəvət etdiklərinə görə, hamıya təşəkkürünü bildirdi. Azərbaycan haqqında danışan Prezident İlham Əliyev ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri barədə məlumat verdi. Dedi ki, Azərbaycanın inkişafının tam təmin edilməsi üçün biz güclü iradəyə malikik. On ildir Azərbaycanın Avropa Şurasının üzvü olduğunu vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, indi ölkəmiz Avropa Birliyi ilə əlaqələri gücləndirir.



Prezident İlham Əliyev Brüsseldə keçirdiyi görüşlərin əhəmiyyətinə toxundu və gələcəkdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu dedi.

Müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycanın iqtisadi inkişafının mərhələləri barədə danışan Prezident İlham Əliyev diqqətə çatdırdı ki, ölkəmiz maliyyə böhranı illərində də yüksək templərlə inkişaf edib. Neft ölkəsi olan Azərbaycanın gələcək illər üçün öz inkişafını qeyri-neft sektoruna yönəltdiyini deyən dövlətimizin başçısı bildirdi ki, Avropa təsisatları ilə sıx əməkdaşlıq bizim üçün vacibdir. "Azərbaycan mədəniyyətlərarası dialoqda mühüm rol oynayır, cəmiyyətimiz çoxmədəniyyətlidir və Azərbaycan bu sahədə beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib", - deyən Prezident İlham Əliyev onu da vurğuladı ki, ölkəmiz regional təhlükəsizliyə böyük diqqət yetirir.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Prezident İlham Əliyev bildirdi ki, artıq 20 ildir Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizi Ermənistanın işğalı altındadır, ölkədə 1 milyon qaçqın və məcburi köçkün vardır. Ermənistan bu günə qədər beynəlxalq təşkilatların qərar və qətnamələrini yerinə yetirməyib. "Münaqişə nə qədər tez həll olunsa bu, regional təhlükəsizliyə ən böyük töhfə olar", - deyən dövlətimizin başçısı enerji məsələsinə də toxundu, dünyada şəffaf qurum kimi tanınan Azərbaycan Dövlət Neft Fondunun fəaliyyətindən, Azərbaycanın şaxələndirilmiş neft-qaz infrastrukturundan, hazırda ciddi şəkildə müzakirə olunan "Cənub" qaz dəhlizinin əhəmiyyətindən danışdı. Prezident İlham Əliyev "Evrovision" beynəlxalq mahnı müsabiqəsində ölkəmizə səs verdiklərinə görə, Avropanın paytaxtı hesab olunan Brüsseldən hamıya təşəkkürlərini çatdırdı. Krans Montana Forumunun prezidenti Jan Pol Karteron Azərbaycanın inkişafında böyük fəaliyyəti olan Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətlərini xatırladı, ölkəmizdə iqtisadi inkişaf baxımından əldə olunan nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Forumun ən ali mükafatı "PRIX DE LA FONDATION" Prezident İlham Əliyevə təqdim olundu.

Prezident İlham Əliyev mükafata və xoş sözlərə görə, təşəkkürünü bildirdi. "Bizim hədəfimiz müasir Azərbaycanda sülhə nail olmaqdır", - deyən dövlətimizin başçısı bildirdi ki, güclü mövqeyimiz ölkəmizə müstəqil siyasət yürütməyə imkan verir, mühüm qlobal və regional layihələrdə Azərbaycanın mövqeyi tərəfdaşların mövqeyi ilə üst-üstə düşür. "Bu mükafatı Azərbaycana verilən mükafat kimi qəbul edirəm", - deyən Prezident İlham Əliyev bir daha təşəkkürlərini çatdırdı.

Bu il 22-ci dəfə keçirilən Krans Montana Forumunda dünyanın müxtəlif ölkələrindən dövlət başçıları, nazirlər, iri biznes sahibləri iştirak edir. Qeyd edək ki, forum 1986-cı ildə İsveçrə rəsmilərinin dəstəyi ilə Krans Montana tərəfindən yaradılan beynəlxalq təşkilatdır. Qurum beynəlxalq əməkdaşlıq və dialoqa yardımı özünün əsas məqsədləri elan etmişdir. Builki forum işini iyunun 25-də başa çatdıracaqdır.

Qeyd edək ki, gələn ilin iyununda isə Krans Montana Forumu Bakıda keçiriləcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Brüsseldə Albaniyanın Baş naziri Sali Berişa ilə görüşüb. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsinin xüsusi əhəmiyyəti vurğulandı, Albaniyanın Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərdiyi qeyd edilib.

Həmçinin, görüşdə Azərbaycanın Albaniyaya sərmayə yatırması, turizm, özəlləşdirmə və digər sahələrdə əməkdaşlıq imkanlarının yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb. Bu məsələlərin müzakirəsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.


Elçin Bayramlı

Digər xəbərlər