PDF Oxu

Siyasət

  • 9

Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü ildə Kazanda keçiriləcək XXVII Universiadanın kəndində olub

Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü ildə Kazanda keçiriləcək XXVII Universiadanın kəndində olub

Iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tatarıstan Prezidenti Rustam Minnixanovun müşayiəti ilə 2013-cü ildə Kazanda keçiriləcək XXVII Ümumdünya Universiadasının kəndi ilə tanış olmuşdur. Prezident İlham Əliyevə məlumat verildi ki, XXVII Universiadanın Kazanda keçirilməsi 2008-ci ildə Beynəlxalq Tələbə İdmanı Federasiyasında səsvermənin nəticəsinə əsasən qərara alınmışdır. Kazanla yanaşı, İspaniyanın Viqo və Koreya Respublikasının Kvanju şəhərləri də Universiadaya ev sahibliyi etmək iddiasında olmuşlar.

Universiada kəndi ilə tanışlıq zamanı dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bu kəndin inşasına 2008-ci ildən başlanılmışdır. Üç il ərzində burada 25 idman obyekti tikilmişdir. Ümumilikdə isə burada 64 idman obyektinin tikilməsi nəzərdə tutulur. Obyektlərin hamısında veb-kameralar quraşdırılmışdır. Bu, eyni vaxtda idman arenalarında baş verənləri izləmək imkanı yaradır.

Prezident İlham Əliyev burada otaqlarda yaradılan şəraitlə tanış oldu, tibb otağına baxdı. Bildirildi ki, XXVII Universiadada dünyanın hər yerindən gələn tələbə idmançılar 300-dən çox medal uğrunda mübarizə aparacaqlar. Bu, indiyədək keçirilmiş universiadalar arasında rekord göstərici olacaqdır.

Dövlətimizin başçısı videozalda Universiadanın idman proqramı ilə bağlı təqdimata baxdı. Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Universiadası kəndinin Xatirə kitabına ürək sözlərini yazdı.

Sonda dövlətimizin başçısına Universiada kəndinin tarixi barədə kitab təqdim edildi.

Azərbaycan Prezidenti İlham Əliyev "Kazan Vertolyot Zavodu" ASC ilə tanış olub

Iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyev Tatarıstan Prezidenti Rustam Minnixanovun müşayiəti ilə "Kazan Vertolyot Zavodu" Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə tanış olmuşdur. Prezident İlham Əliyevə məlumat verildi ki, zavod 1940-cı ildən fəaliyyət göstərir. Burada müxtəlif təyinatlı, o cümlədən səhiyyədə, idman yarışlarında, mülki aviasiyada, yükdaşımada, eləcə də müdafiə sahəsində istifadə olunan vertolyotlar, "KamAZ" avtotexnikası, avtobuslar və s. istehsal edilir.

Dövlətimizin başçısı zavodun ayrı-ayrı sexlərini gəzdi, məşhur Mi-17, Mi-38 vertolyotlarına baxdı, müasir tipli "Aktay", "Kazan", "Ansat", "Ansat-U" vertolyotlarının texniki göstəriciləri ilə tanış oldu. Bildirildi ki, zavodun istehsal etdiyi bu vertolyotların əsas xüsusiyyətləri yüksək etibarlılıq və təhlükəsizlikdir.

Prezident İlham Əliyev zavodun istehsal etdiyi metan mühərrikli "KamAZ", kommunal təsərrüfatı, inşaat avtotexnikası, "Nefaz" avtobusu ilə də tanış oldu. Azərbaycan Prezidenti bu texnikanın qaz mühərrikinin qidalanma sisteminə baxdı, onun ekoloji parametrləri ilə maraqlandı.

Sonda dövlətimizin başçısına Mi-17 vertolyotunun və "KamAZ"ın maketləri hədiyyə olundu.


Prezident İlham Əliyev Kazanda "İT-Park" - yüksək texnologiyalar parkı ilə tanış olub

Iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyev Kazanda Tatarıstan Prezidenti Rustam Minnixanovun müşayiəti ilə "İT-Park" - yüksək texnologiyalar parkı ilə tanış olub. Dövlətimizin başçısına Tatarıstanda müasir informasiya texnologiyalarının tətbiqi ilə yaradılmış ən böyük Məlumatların Emalı Mərkəzi barədə məlumat verildi. Bildirildi ki, 2009-cu ildən fəaliyyət göstərən "İT-Park" Rusiyada informasiya texnologiyaları sahəsində şirkətlərin inkişafı ilə məşğul olan ilk texnoparkdır. Burada, həmçinin Tatarıstanın sənaye, o cümlədən neft-kimya potensialının, "Alabuqa" xüsusi iqtisadi zonasının, "Ximqrad" texnoparkının təqdimatı təşkil olundu. Perspektiv texnologiyaların işlənib hazırlanması və tətbiqi ilə məşğul olan qurumların nümayəndələri dövlətimizin başçısına təmsil etdikləri şirkətlərin fəaliyyəti və məhsulları barədə ətraflı məlumat verdilər. Texnoparkda Prezident İlham Əliyevə Tatarıstanın "elektron hökumət" sahəsindəki layihələri və qurumlararası vahid elektron sənəd mübadiləsi sisteminin imkanları nümayiş etdirildi. Azərbaycan Prezidenti, həmçinin xəsarət alanların xilas edilməsinin əlaqələndirilməsi sistemi - "Qlonass+112"-nin işi ilə tanış oldu və "İT-Park"ın biznes-inkubatoruna da baxdı. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, "İT-Park" biznes-inkubatoru informasiya texnologiyaları layihələrinin dəstəklənməsi və inkişafı, həmçinin onların gələcəkdə xarici bazara çıxarılması platformasıdır.

Digər xəbərlər