Son illərdə Azərbaycanda sərnişin nəqliyyatı sektorunda mühüm layihələr həyata keçirilib. Xüsusilə də, Bakının sərnişin nəqliyyatında müasirləşmə prosesi müşahidə olunur. Bu sahədə ən böyük işlər isə Bakı Metropolitenində reallaşdırılır. Bu günlərdə Bakı metrosu daha bir stansiya hesabına genişləndirilib.
Bakı metrosunun inkişaf tarixi
Bakı Metropoliteni SSRİ dövründə- 1967-ci ildə fəaliyyətə başlayıb. İlk olaraq 8,8 kilometr uzunluğu olan xətlər və 6 stansiya istifadəyə verilib və şəhərin sərnişin daşınmasında metro dövrü başlayıb. Bakı Metropoliteni fəaliyyət göstərdiyi 44 il ərzində böyük inkişaf yolu keçərək 22 stansiya və 33 kilometr yeraltı polad yolları əhatə edən geniş şəbəkəyə çevrilib.
Metropolitenin inkişafı Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. 1969-cu ildən sonra metropolitenin 14 stansiyası və 21,1 kilometr metro xətti inşa edilərək istismara verilib.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra maliyyə çatışmazlığı üzündən Bakı metrosunun yeni stansiyalarının tikintisi dayanıb. Lakin 2000-ci ildən sonra bu sahədə işlər sürətlənib. Prezident İlham Əliyevin qayğı və diqqəti nəticəsində son illərdə metro tikintisinə ayrılmış 600 milyon manata yaxın vəsait hesabına metropoliten xətləri inkişaf etdirilib, "Nəsimi", "Azadlıq prospekti" stansiyaları və "28 May" stansiyasının ikinci çıxışı istismara verilib.
"İçərişəhər" stansiyası tamamilə yenidən qurulub. Metronun "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarında da inşaat işləri davam etdirilir. İctimai sərnişindaşımada müstəsna rolu olan Bakı Metropoliteninin davamlı inkişafı Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı" əsasında reallaşır.
Metronun 23-cü stansiyası-
"Dərnəgül"
Xəbər verdiyimiz kimi, iyunun 29-da Bakının 7-ci mikrorayonu ərazisində Bakı Metropoliteninin növbəti- "Dərnəgül" stansiyasının açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Qeyd edək ki yeni açılan "Dərnəgül" stansiyası paytaxt metrosunun sayca 23-cü stansiyasıdır. Metronun "Dərnəgül" də daxil olmaqla 3 stansiya və 1 depodan ibarət olan üçüncü növbəsinin şimal sahəsinin tikintisinə 1989-cu ildən başlanıb. Tikinti işləri 1990-cı illərin əvvəlində dayandırılıb, 2006-cı ilin noyabrında bərpa olunub. Artıq Bakı Metropoliteninin şimal hissəsində "Nəsimi", "Azadlıq prospekti" stansiyaları istismara verilib. "Azadlıq prospekti" stansiyasının davamı olaraq Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsində inşa edilən "Dərnəgül" 7-ci mikrorayon yaşayış massivini əhatə edir.
Stansiyanın yerüstü sahəsini əhatə edən 10,2 hektarlıq ərazidə yeni park salınıb, abadlıq və yaşıllaşdırma işləri görülüb, sel suları üçün kanalizasiya sistemi tikilib, su kəməri çəkilib, suvarma sistemi yaradılıb. Sakinlərin istirahəti üçün 34 oturacaq, xarici işıqlandırma sistemi üçün 120 işıq dirəyi quraşdırılıb, asfalt örtüyü salınıb. Stansiyanı elektrik enerjisi ilə 10 kilovoltluq yarımstansiya təmin edəcək.
Stansiyanın girişləri informasiya monitorları ilə təmin edilib. Stansiyaya daxil olmaq üçün 2 yeraltı keçid və 4 giriş-çıxış var.
Yeni stansiyanın müasir imkanları
Stansiyada quraşdırılmış sensorlu interaktiv sorğu köşkünün displeyində Azərbaycan, rus və ingilis dillərindən birini seçdikdən sonra sərnişin yola sərf edəcəyi vaxt, keçid stansiyası, gedəcəyi stansiyanın ətrafındakı obyektlər barədə ətraflı məlumat alacaq.
Yeni stansiyanın buraxılış kompleksinin ümumi uzunluğu 1548, stansiya kompleksinin ümumi uzunluğu isə 302 paqonometrdir. Müasir üslubda inşa olunmuş stansiya bədii-memarlıq tərtibatı ilə diqqəti cəlb edir. Obyektdə platforma döşəməsinin və yol divarlarının ornamentlərinin işlənməsində Azərbaycan memarlıq ənənələri əsas götürülüb.
Stansiyada üzlənmə işləri görülərkən Ukrayna, Türkiyə və Hindistandan gətirilən təbii mərmər və qranitdən istifadə olunub. Sütunsuz tağvari sərnişin platforması Almaniyanın "Durlum" şirkətinin istehsalı olan yüksək estetik görünüşə malik, yığma lövhəli asma tavan tipli sistem vasitəsilə işıqlandırılır.
İlk dəfə olaraq Bakı Metropolitenində "SOS" həyəcan sistemi tətbiq edilib. Metropolitendə 3 minədək kamera quraşdırılıb. Bütün stansiyalarda olduğu kimi, "Dərnəgül"də də tunel və stansiyaları tam əhatə edən və birbaşa server mərkəzinə ötürülən videomüşahidə, sərnişinsayan və sifəttanıma sistemləri tətbiq olunub. Bu sistemlər metropolitenin, eləcə də, sərnişinlərin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsinə imkan yaradır.
"Dərnəgül" stansiyasında platformadan kassa zalına çıxış üçün Almaniya istehsalı olan 3 eskalator quraşdırılıb. Stansiyanın platformasında yeni tipli elektron interval saatları da müasirliyi ilə seçilir.
2015-ci ilədək 6 metro stansiyası tikiləcək
Prezident İlham Əliyev yeni stansiyanın açılışını və ümumiyyətlə, metropolitendə görülmüş işləri çox yüksək qiymətləndirib: "Son illər ərzində şəhərimizdə metro tikintisi çox sürətlə gedir. Demək olar ki, hər il yeni stansiya açılır. Növbəti illər ərzində yeni stansiyaların tikintisi də nəzərdə tutulur.
Bütövlükdə qəbul edilmiş proqrama uyğun olaraq, 2015-ci ilə qədər Bakıda əlavə 6 metro stansiyası tikilməlidir. Qısa müddət ərzində əlavə 6 stansiyanın tikilməsi, əlbəttə ki, böyük peşəkarlıq, maliyyə resursları tələb edir. Hesab edirəm ki, yeni alınmış avadanlıqdan istifadə olunması nəticəsində biz bu proqramı icra edəcəyik".
Dövlət başçısı bildirib ki, 2015-ci ildən sonra proqramımızın ikinci mərhələsi, yeni stansiyaların tikintisi başlanacaq: "Sadəcə olaraq, bu proqramı biz hissələrə böldük ki, daha da real, konkret və qısamüddətli olsun. Ancaq metro tikintisi üzrə böyük proqram, əlavə, bəlkə onlarla stansiyanın tikintisini nəzərdə tutur. Bu Proqram 2030-cu ilə qədər icra edilməlidir və şəhərimizin hər bir yerində gözəl metro stansiyası tikilməlidir.
Bunun böyük əhəmiyyəti vardır. Çünki metro ən rahat və ən ucuz nəqliyyat növüdür. Yeni yanaşma ilə, yeni gözəl dizaynın tətbiq edilməsi nəticəsində metro stansiyaları, eyni zamanda, memarlıq baxımından da şəhərimizə yaraşıq verir".
Prezident qeyd edib ki, bu gün burada nümayiş etdirilən, metro tikintisi üçün nəzərdə tutulan yeni avadanlıq dünyada ən birinci, ən yüksək keyfiyyətə malik olan avadanlıqlardır. "Bu avadanlıqdan istifadə imkan verəcəkdir ki, biz tunel işlərini daha da sürətlə, yüksək keyfiyyətlə və zövqlə aparaq. Ona görə, mən hesab edirəm ki, bugünkü açılış onu göstərir ki, son bir neçə il ərzində tikilmiş stansiyalar və görülmüş işlər, artıq sistemli xarakter daşıyır".
Elçin Bayramlı