Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Tofiq Bəhramov adına Respublika Stadionunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycanın ən böyük idman arenası olan Tofiq Bəhramov adına Respublika Stadionu istifadəyə verildiyi 1951-ci ildən etibarən ölkəmizdə idmanın inkişafında xüsusi rol oynamışdır. Ötən illər ərzində Azərbaycanın idman salnaməsinə adları qızıl hərflərlə yazılmış bir çox məşhur idmançımızın qazandığı yüksək nailiyyətlər stadionun tarixi ilə sıx bağlıdır.
Prezident İlham Əliyevin imzaladığı bu Sərəncamla ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında, eləcə də beynəlxalq miqyaslı yarışların təşkilində mühüm yer tutan Respublika Stadionunun əsaslı təmiri və yenidən qurulması üçün 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gənclər və İdman Nazirliyinə 10 milyon manat məbləğində vəsait ayrılıb.