İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə gəlibDövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə məlumat verildi ki, ölkəmizin ən iri sənaye mərkəzlərindən biri olan Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində son illər mühüm tədbirlər həyata keçirilir. Cari ilin birinci yarısında Sumqayıtda ümumi daxili məhsul istehsalı 250 milyon manat olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi 30 faiz təşkil edib. Qeyd edildi ki, həyata keçirilən tədbirlər nəticəsində 2011-ci ilin ilk altı ayında Sumqayıtda 1000-dən artıq yeni daimi iş yeri açılıb. 2003-2010-cu illərdə şəhərdə yeni təhsil, səhiyyə və mədəniyyət obyektləri tikilib istifadəyə verilib və bu proses indi də davam edir. Hazırda Sumqayıt şəhərinin abadlaşdırılması istiqamətində mühüm işlər görülür. Sumqayıt şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev bildirdi ki, yaxın zamanlarda Sumqayıtın bir neçə istiqamətində çox gözəl, müasir infrastruktur layihələri icra ediləcək:
"Sizi salamlayıram. Sumqayıt şəhərinin inkişafı ilə bağlı əlavə təkliflər vardır. Bu təkliflər nəzərdən keçirilir. Bir müddət bundan əvvəl mən göstəriş vermişəm ki, Sumqayıtın abadlaşması ilə bağlı çox müasir bir layihə hazırlansın. Layihənin bir hissəsi burada göstərilir. Siz də yəqin ki, bu layihə ilə tanışsınız. Əminəm ki, yaxın zamanlarda Sumqayıtın bir neçə istiqamətində çox gözəl, müasir infrastruktur layihələri icra ediləcəkdir. Binalarda təmir gedir. Binalar gözəl olacaqdır. Həm binaların xarici görünüşü gözəlləşəcək, eyni zamanda, daxilində də təmir işləri aparılacaqdır. Sumqayıtda bulvarın tikintisi təşəbbüsünü də mən bir müddət əvvəl irəli sürmüşəm. Hazırda bulvarın görüntülərini biz bu fayllardan görə bilərik.
Mən hesab edirəm ki, Sumqayıt şəhərində mütləq bulvar olmalıdır. Bu bulvar Bakı bulvarının standartlarına uyğun olmalıdır. Çünki Bakı bulvarı indi dünyanın ən gözəl bulvarlarından biridir, bəlkə də birincisidir. Çünki müxtəlif sahilyanı şəhərlərdə bulvarlar vardır. Ancaq mən Bakı bulvarı kimi gözəl, geniş və müasir bulvar görməmişəm. Sumqayıtın da bu dənizkənarı sahəsindən biz gərək səmərəli şəkildə istifadə edək. Bulvarın tikintisi demək olar ki, başlayıb. Birinci mərhələdə yəqin ki, onun uzunluğu hesab edirəm ki, bir kilometr olacaqdır.
Sonra biz onun uzunluğunu ən azı 2-3 kilometr artıracağıq. Sumqayıtda gözəl bulvar tikilməlidir, çimərliklər yaradılmalıdır. Beləliklə, bu şəhərdə insanların istirahəti üçün çox gözəl şərait yaradılacaqdır. Bildiyiniz kimi, Bakıdan Sumqayıta gələn yeni yolun çəkilişi də aparılır. Aeroport-Mərdəkan-Bilgəh istiqamətindən Sumqayıta qədər yeni yol çəkiləcəkdir. Hesab edirəm ki, bu yol da şəhərin inkişafına çox müsbət təsir göstərəcəkdir. Bu yol bulvarın yanından keçəcəkdir ki, həm gediş-gəliş rahat olsun, həm də ümumiyyətlə, yol infrastrukturu genişlənsin və müasirləşsin.
Şəhərdə geniş abadlıq işləri görüləcəkdir. Əvvəlki dövrlərdə də işlər görülmüşdür. İndiki dövrdə işlər daha da sürətlə getməlidir və Sumqayıtda hər yerdə - yəni insanların rahatlığı üçün infrastruktur sənaye infrastrukturunun inkişafı istiqamətində görüləcək işlər paytaxt səviyyəsində olmalıdır. Sumqayıt Bakıya çox yaxındır. Sumqayıtlıların bəziləri Bakıda, Bakıda yaşayanların bəziləri Sumqayıtda işləyirlər. Yəni, Sumqayıtla Bakı demək olar ki, artıq birləşir. Çünki ölkəmizdə inkişaf o qədər sürətlə gedir və bu yol boyu tikintilər, yeni binalar, sənaye müəssisələri ona gətirib çıxaracaq ki, Bakıda yaşayanlar da gəlib Sumqayıtda işləyəcəklər. Ona görə Sumqayıt paytaxt standartlarına tam şəkildə uyğunlaşdırılmalıdır. Mənim məqsədim bundan ibarətdir və bunu etmək üçün artıq biz konkret layihələrə başlamışıq. Prezidentin Ehtiyat Fondundan vəsait ayrıldı. Ondan sonra dövlət büdcəsində dürüstləşmə zamanı əlavə vəsaitin ayrılması nəzərdə tutulmuşdur. İlin sonuna qədər biz bu işin sürətinə baxacağıq. Əgər işlər sürətlə getsə, əlavə vəsait də ayrılacaqdır."
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Məktəbin müəllim və şagirdləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, 1967-ci ildə istifadəyə verilmiş məktəb müxtəlif idman növləri üzrə olimpiya oyunlarının, dünya və Avropa çempionatlarının çoxlu sayda qalib və mükafatçılarını yetişdirmişdir. Son vaxtlar məktəbin bir hissəsi əsaslı şəkildə bərpa olunmuş, digər hissələri isə tamamilə yenidən tikilmişdir. Tikinti və əsaslı təmir işlərinə 2008-ci ildə başlanılmışdır. Məktəbin ümumi ərazisi 3 hektardır. Qapalı tikililərin ərazisi 5500 kvadratmetrdir ki, bunun da 3000 kvadratmetri yeni tikilidir. Kompleks bir neçə korpusdan ibarətdir. Burada inzibati korpus, idman zalları, müxtəlif təyinatlı otaqlar vardır. Dövlətimizin başçısı əvvəlcə futbol meydançasında idmançılarla görüşdü, onlarla söhbət etdi. Məktəbin futbol meydançası ən müasir tələblər səviyyəsində qurulmuşdur. Meydançaya Niderland Krallığından gətirilmiş təbii örtük döşənmişdir. Burada məktəbin 136 şagirdi futbolun sirlərinə yiyələnir. Stadionda keçirilən oyunları izləyən tamaşaçılar üçün 670 yerlik tribuna quraşdırılmışdır. İdman qurğusunda müasir drenaj sistemi qurulmuşdur.
Məktəblə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, binanın birinci mərtəbəsində boks, voleybol və basketbol zalları, üzgüçülük hovuzu, tibb otağı, sauna yerləşir. İkinci mərtəbədə isə trenajor zalı, arxiv, loja, fitnes və tennis zalları fəaliyyət göstərir. Bundan başqa, məktəbdə tir və müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı da vardır.
Dövlətimizin başçısı boks zalına baxdı. Burada idmanın bu növü ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılmışdır.
Boks trenajor zalı ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, burada quraşdırılan avadanlıq müasir standartlara cavab verir. Məktəbdə 72 gənc idmanın bu növü ilə məşğul olur.
İyulun 7-də Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtın 9-cu mikrorayonu ərazisində şəhərin Heydər Əliyev prospekti ilə Zülfü Hacıyev və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində yerləşən Heydər Əliyev Parkında aparılan yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına məlumat verdi ki, 1999-cu ildə istifadəyə verilmiş parkda yenidənqurma işləri bu ilin aprelində başlanmışdır. Prezident İlham Əliyev parkın yenidənqurma sxemi ilə tanış oldu. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, 7,6 hektar ərazisi olan parkda müasir memarlıq üslubunda, möhtəşəm giriş ucaldılmışdır. Parkda Heydər Əliyev Muzeyi, istirahət meydançası və yeni fəvvarələrin tikintisi nəzərdə tutulmuşdur. Heydər Əliyev Muzeyinin parkın ən gözəl guşəsində, özünəməxsusluğu ilə seçilən orijinal layihə əsasında inşa edilməsi planlaşdırılır. Muzeydə ulu öndər Heydər Əliyevin həyatının müxtəlif illərinə həsr olunan stendlər, Sumqayıta səfərlərini əks etdirən fotolar, ölkəmizə rəhbərlik etdiyi illərə aid sənəd və materiallar, digər tarixi eksponatlar toplanacaqdır. Muzeyin kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən müxtəlif nəşrlər saxlanılacaqdır.
Prezident İlham Əliyev parkın yenidən qurulmasında istifadə olunacaq inşaat materiallarının nümunələrinə baxdı. Bildirildi ki, parkın girişində 8 metr hündürlüyündə müasir saat qülləsinin də tikintisi aparılır. Dövlətimizin başçısına məlumat verildi ki, parkda geniş yaşıllıq zolağı da salınacaq, müasir işıqlandırma sistemi və uşaqlar üçün attraksionlar qurulacaq, bir sözlə, şəhər sakinlərinin istirahəti üçün bütün şərait yaradılacaqdır.
Prezident İlham Əliyev parkın ərazisini gəzdi, müvafiq tapşırıq və tövsiyələrini verdi. Prezident İlham Əliyev iyulun 7-də Sumqayıtda Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyinin tabeliyində olan Üzeyir Hacıbəyli adına "Kimyaçı" Mədəniyyət Sarayının qarşısında yaradılacaq meydanın sxemi ilə tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, "Kimyaçı" Mədəniyyət Sarayı 1986-ci ildə istifadəyə verilmişdir. Həmin vaxtdan etibarən sarayın qarşısındakı meydanda respublika və şəhər əhəmiyyətli müxtəlif tədbirlər keçirilmişdir. Bu ərazi Sumqayıt şəhərinin mərkəzində yerləşən ən geniş meydandır.
Prezident İlham Əliyev meydanın sxeminə baxdı, ərazini gəzdi, burada yeni infrastrukturun yaradılması ilə bağlı tapşırıqlarını verdi. Sonra Azərbaycan dövlətinin başçısı "Kimyaçı" Mədəniyyət Sarayının inzibati binası ilə tanış oldu. Bildirildi ki, üçmərtəbəli inzibati binanın birinci mərtəbəsində 1063 yerlik böyük konsert salonu, ikinci mərtəbəsində 204 yerlik kiçik müşavirə zalı vardır. Sarayın 56 iş, məşq, dərs otağında 350 yeniyetmənin məşğul olduğu 16 bədii özfəaliyyət dərnəyi fəaliyyət göstərir. Dövlətimizin başçısı sarayın konsert salonuna baxdı, yenidənqurma işləri ilə bağlı müvafiq tapşırıqlarını verdi.