Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə keçirilmişdi. Həmin müşavirədə dövlətimizin başçısı şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar vermişdi. Bu tapşırıqların icrası ilə yerində tanış olmaq üçün Prezident İlham Əliyev iyulun 7-də Xəzər rayonunun Buzovna qəsəbəsində görülən işlərlə yaxından tanış olub. Məlumat verildi ki, şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə dövlətimizin başçısının verdiyi tapşırıqlara uyğun olaraq paytaxtın digər kənd və qəsəbələrində olduğu kimi, Xəzər rayonunun Buzovna qəsəbəsində də genişmiqyaslı quruculuq işləri aparılır, yollar abadlaşdırılır, qəsəbənin sosial infrastrukturu yenilənir.
Prezident İlham Əliyev əvvəlcə magistral yolun kənarında yerləşən çoxmərtəbəli yaşayış binalarının üzlənməsinə baxdı.
Bildirildi ki, zövqlə və müasir materiallarla üzlənən binalar tamamilə müasir görkəm alır və qəsəbənin ümumi mənzərəsinə yeni çalarlar əlavə edir. Xüsusi işıqlandırma sistemi binaları gecələr daha yaraşıqlı edir. Üzlənmə ilə yanaşı, binaların blokları da yenidən qurulur, liftlər yeniləri ilə əvəzlənir.
Prezident İlham Əliyev abadlıq və yenidənqurma işləri zamanı sakinlərin istirahəti üçün yaradılan şəraitlə də tanış oldu.
Diqqətə çatdırıldı ki, binaların həyətlərindəki köhnə istirahət yerləri müasirləşdirilir, bəzi məhəllələrdə yeniləri yaradılır. Bu zaman istirahətin rəngarəngliyi də nəzərə alınır. Yeni quraşdırılan maraqlı uşaq əyləncə qurğuları, idman meydançaları balaca sakinlərin ürəyincədir. Böyüklər isə asudə vaxtlarında yeni yaradılan qurğularda idmanın müxtəlif növləri ilə məşğul ola bilirlər. Binaların həyətlərində yeni oturacaqlar quraşdırılmışdır. Buzovna qəsəbəsində daha bir yenilik ondan ibarətdir ki, magistral yolla yaşayış binaları arasında gözəl istirahət parkı salınmışdır.
Prezident İlham Əliyev burada yaradılmış şəraitlə də tanış oldu.
Bildirildi ki, istirahət yerində tamamilə yeni işıqlandırma sistemi yaradılmış, oturacaqlar quraşdırılmışdır. Qəsəbədə aparılan abadlıq və yenidənqurma işləri ilə tanışlıqdan sonra dövlətimizin başçısı sakinlərlə görüşdü.