PDF Oxu

Siyasət

  • 44

Prezident İlham Əliyev 2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiyanın hazırlanması haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev 2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiyanın hazırlanması haqqında Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında" Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, son illər ərzində aparılan davamlı islahatlar siyasəti Azərbaycanın iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə güclənməsinə imkan verib, dinamik sosial-iqtisadi inkişafı və əhalinin rifah halının yaxşılaşmasını təmin edib. Məqsədyönlü iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan orta gəlirli dövlətlər sırasına daxil olub. İnkişafın innovasiya mərhələsinə keçilməsi, rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılması və inkişaf dinamikasının sürətləndirilməsi başlıca olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin öz həllini tapmasını, o cümlədən təhsilin dünya standartlarına cavab verməsini tələb edir. Respublikamızın mövcud potensialı müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar açmaqla onun iqtisadi inkişafın mühüm amilinə çevrilməsini təmin etməlidir.

Ölkəmizdə informasiya cəmiyyətinin qurulmasını və biliklərə əsaslanan iqtisadiyyata keçidin yeni təhsil modelinə tələbatını nəzərə alaraq dövlətimizin başçısının bu Sərəncamı ilə 2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiyanın hazırlanması ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyası Milli Strategiyanın layihəsini üç ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Prezident İlham Əliyevə təqdim etməlidir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bundan başqa, Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında da Sərəncam imzalayıb. Sərəncama əsasən Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin tikintisini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Əmlak Məsələləri Dövlət Komitəsinə ilkin olaraq altı milyon manat məbləğində vəsait ayrılıb.

***

Ölkə Prezidenti eyni zamanda Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 1.46 min nəfər əhalinin yaşadığı 21 kəndi, 6 məcburi köçkün qəsəbəsini birləşdirən Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin altı milyon manatı Ağdam Rayon İcra Hakimiyyətinə ayrılıb. Maliyyə Nazirliyi Sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək.

Digər xəbərlər