İyunun 12-də Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir. İclasda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir ki, artıq 2011-ci ilin birinci yarısı arxada qalıb və ənənəvi olaraq, Nazirlər Kabinetinin iclasında ilin altı ayının müzakirəsi aparılacaq. Nəzərə çatdırılmışdır ki, altı ayda ölkə qarşısında duran iqtisadi və sosial məsələlər uğurla həll olunmuşdur: "Bütövlükdə demək istəyirəm ki, altı ayda ölkə qarşısında duran bütün iqtisadi və sosial məsələlər uğurla həll olunubdur. Ümumi iqtisadi artım o qədər də yüksək olmamışdır. Ümumi daxili məhsul cəmi 0,9 faiz artmışdır. Bunun səbəbi isə neftin hasilatının azaldılmasıdır. Bu amilin də bizdən asılı olmayan səbəbləri olmuşdur."
Ölkə başçısı vurğulayıb ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafında artım müşahidə edilməkdədir və bu artım özündə 7, 2 faizi təşkil edir. Eyni zamanda, bu, aparılan uğurlu islahatların göstəricisidir: "Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sektoru artmışdır. Artım 7,2 faiz təşkil etmişdir. Bu, əslində, son illər ərzində apardığımız islahatların nəticəsidir. Çünki əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin edilməsidir. 7,2 faiz səviyyəsində artan qeyri-neft sektorunun göstəriciləri bizi çox sevindirir. Bu, onu göstərir ki, ölkə dinamik inkişaf edir. Azərbaycan iqtisadiyyatının enerji amilindən asılılığı azalır. Eyni zamanda, bizə ümid verir ki, növbəti aylarda və illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əlavə də imkanlar yaradılacaqdır".
İclasda kənd təsərrüfatı sahəsində görülən işlər barədə də danışan Prezident İlham Əliyev demişdir ki, hazırda bu sahədə də artım müşahidə olunur: "Kənd təsərrüfatında artım yaxşıdır - 6,2 faiz. Bu da yaxşı göstəricidir".
Dövlət başçısı kənd təsərrüfatının inkişafı ilə bağlı bütün müvafiq göstərişlər verildiyini də vurğulayıb: "Bu il daha da yaxşı məhsul gözlənilir. Ötən dövrdə kənd təsərrüfatının inkişafı 6 faiz təşkil etmişdir. Taxılçılıq sahəsində bütün müvafiq göstərişlər verildi və təkrarlamağa ehtiyac yoxdur. İndi üzümçülük üzrə xüsusi proqram hazırlanır. O da müvafiq qurumlarda baxılmalıdır və üzümçülüyün inkişafı üçün biz konkret əlavə tədbirlər görməliyik. Bütövlükdə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində bizim konkret planımız, proqramımız var. Çalışmalıyıq ki, Azərbaycanda istehlak olunan bütün ərzaq məhsulları Azərbaycanda istehsal edilsin. Bu da ümumi bir məqsəddir və bəzi sahələrdə biz bu məqsədə çatmışıq. Harada ki, çatmamışıq, Sahibkarlığa Kömək Milli Fondunun kreditləri hesabına və bəlkə də digər dövlət vəsaiti hesabına biz bunu təmin etməliyik".
Əhalinin pul gəlirlərinin artmasına, inflyasiyanın isə cəmi 8,8 faiz artmasına toxunan Prezident İlham Əliyev qeyd etmişdir ki, bütün bunlar vətəndaşların həyat səviyyələrinin, rifah halının yaxşılaşdırılmasına xidmət edir və daha da yaxşılaşdırılması üçün şərait yaradır: "Əhalinin pul gəlirləri 17 faiz artmışdır. İnflyasiya isə cəmi 8,8 faiz artmışdır. Bu da onu göstərir ki, yenə də insanların rifah halının yaxşılaşdırılması üçün yaxşı şərait yaradılmışdır. Bir sözlə, ölkəmizin ümumi inkişafı bu altı ayda çox uğurlu, dinamik olmuşdur".
Ölkədə bütün iqtisadi infrastruktur və sosial məsələlər öz həllini tapmaqla yanaşı, büdcəyə düzəlişlər də edilmişdir ki, büdcə xərcləri rekord göstəriciyə-20 milyard dollara çatmışdır: "Yenə də deyirəm, bütün iqtisadi infrastruktur və sosial məsələlər öz həllini tapmışdır. İlin birinci yarısında büdcəyə düzəlişlər edilmişdir. Bunun nəticəsində, ilk dəfə olaraq, Azərbaycan büdcəsi - büdcə xərclərimiz 20 milyard dollara çatmışdır ki, bu da rekord göstəricidir. Əlbəttə, bu, bizə imkan verir ki, ilin axırına qədər vacib olan infrastruktur və sosial məsələlərin həlli üçün əlavə maddi imkanları ortaya qoyaq". Pensiyalar və ünvanlı sosial yardımlar barədə fikir bildirən Prezident İlham Əliyev vurğulayıb ki, iqtidarın siyasəti sosialyönümlüdür və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: "Azərbaycanda isə 900 minə qədər pensiyaçının pensiyası 40 faiz artmışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan iqtidarının siyasəti sosialyönümlüdür. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün iqtisadi uğurlar bizə imkan verir ki, sosial sahədə daha da ciddi addımlar ataq. Mən əminəm ki, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması nəticəsində bir milyona qədər Azərbaycan vətəndaşı maddi vəziyyətini böyük dərəcədə yaxşılaşdıracaqdır. Ünvanlı sosial yardım proqramı aparılır. Bu proqram hazırda 125 min ailəni əhatə edir. Hər ay orta hesabla hər bir ailəyə 104 manat kömək göstərilir. Bu da yoxsul təbəqəyə Azərbaycan dövləti tərəfindən göstərilən qayğıdır. Məqsədimiz ondan ibarətdir və bu məqsədi bir neçə il bundan əvvəl qarşıya qoymuşdum ki, Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan qaldırılsın. Son illərin təcrübəsi göstərir ki, biz bu məqsədə çatırıq. Son 7 il ərzində yoxsulluq şəraitində yaşayanların sayı 5 dəfə aşağı düşmüşdür. Mən ümid edirəm ki, bu ilin yekunlarına görə bu rəqəm yenə də aşağı düşəcəkdir. Əlbəttə, bunu etmək üçün kompleks tədbirlər görülür. Həm iqtisadi siyasət, siyasi sabitlik, sahibkarlığın, kənd təsərrüfatının inkişafı, kreditlərin, subsidiyaların verilməsi, texnikanın alınması və fermerlərə icarəyə verilməsi, gübrə və yanacağın güzəştli şərtlərlə fermerlərə verilməsi - bütün bu kompleks tədbirlər, üstəgəl ölkəmizdə aparılan böyük infrastruktur layihələrin icrası, elektrik xətlərinin, yolların, o cümlədən, kənd yollarının çəkilişi, qazlaşdırmanın aparılması bu vəziyyətə gətirib çıxarıbdır. Yenə də deyirəm ki, bu məqsədlərə çatmaq üçün biz son illər ərzində çox gərgin işləmişik." Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış edən ölkə başçısı İlham Əliyev vurğulayıb ki, hazırda danışıqların həlledici mərhələsi gedir və həmin danışıqlar haqqında Azərbaycan xalqına da məlumat vermək istəyir: "Bu gün, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gedən son danışıqlar haqqında Azərbaycan ictimaiyyətinə məlumat vermək istərdim. Çünki danışıqlar uzun illərdir ki, gedir və biz danışıqların, demək olar ki, həlledici mərhələsindəyik. Ona görə son müddət ərzində baş verən hadisələr haqqında istərdim ki, Azərbaycan xalqını məlumatlandırım". Prezident İlham Əliyev qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçılarının son bəyanatları ümidvericidir və məmnunluq hissi doğurur: "Birincisi, onu demək istəyirəm ki, Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçılarının son birgə bəyanatı çox ümidvericidir və bizdə məmnunluq hissləri doğurur. Çünki o bəyanatda Helsinki Yekun Aktının müddəalarına istinad edilmişdir. Helsinki Yekun Aktı münaqişənin həlli üçün əsas kimi göstərilmişdir. Orada ölkələrin ərazi bütövlüyü prinsipləri xalqların öz müqəddəratını müəyyənetmə prinsipləri ilə ziddiyyət təşkil etmir və münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunması məsələləri də açıq-aydın göstərilir". Ermənistanın hər zaman danışıqlar prosesini pozmağa cəhd göstərməsini deyən dövlət başçısı qeyd edib ki, işğalçı dövlət status-kvonun dəyişməz olaraq qalmasını istəyir: "Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağın heç bir hüquqi statusu ola bilməz. Dağlıq Qarabağın Azərbaycandan ayrılması, ona müstəqilliyin verilməsi, yaxud da Ermənistana birləşməsi heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Minsk Qrupuna həmsədrlik edən ölkələrin rəhbərlərinin fəallığı, müsbət ab-havanın olduğu təqdirdə, Ermənistan rəhbərliyinin qeyri-adekvat, cəfəng, isterik bəyanatları danışıqlar prosesinin ruhuna ziddir. Onlar, əslində, bizi müharibə ilə hədələyirlər. Son aylar ərzində yaşanan beynəlxalq fəallığın səbəblərindən biri də ondan ibarətdir ki, Azərbaycan güclü dövlətdir və Azərbaycan Ordusu güclü ordudur. Ermənistanla Azərbaycan müqayisəedilməz səviyyədədir. Son altı ayda 70 min erməni ölkəni birdəfəlik tərk edib. 5-10 ildən sonra orada 1 milyondan az erməni qalacaq. Azərbaycanın maliyyə imkanları, siyasi çəkisi artır, regional vəziyyəti möhkəmlənir, ordu güclənir, demoqrafik göstəricilər yüksəlir. Azərbaycan və dünya ictimaiyyəti bilməlidir ki, biz Minsk Qrupunun özünün verdiyi təkliflər əsasında məsələnin həllini istəyirik."
Daha sonra cənab Prezident Azərbaycanın dünya dövlətləri sırasında sabitlik adası, inkişaf məkanı kimi dəyərləndirilməsini deyərək, bildirdi ki, artıq Azərbaycan inkişaf etmiş ölkələrin meyarlarına yaxınlaşır: "Azərbaycanda bütün proseslər müsbət istiqamətdə inkişaf edir. Bizim seçdiyimiz yol düzgün yoldur, apardığımız siyasət uğurlu inkişafı təmin edir. Bizim daxili və xarici siyasətimiz açıqdır. İqtisadi və sosial siyasətimizin məqsədi ölkəmizi daha da gücləndirmək, bölgədəki mövqelərini möhkəmləndirmək, Azərbaycan vətəndaşlarının rifahını təmin etməkdir. Dünya İqtisadi Forumunun hesabatlarına əsasən, Azərbaycan rəqabət qabiliyyətinə görə MDB məkanında birinci yerdədir. İnsan inkişafı indeksi ilə əlaqədar ən böyük irəliləyişi Azərbaycan etmişdir. Azərbaycanda pensiyanın həcmi orta əməkhaqqının 40 faizini təşkil edir. Bu, MDB məkanında ən yüksək göstəricidir. Biz inkişaf etmiş ölkələrin meyarlarına yaxınlaşırıq. Azərbaycanda icra edilən infrastruktur layihələri nəinki ölkəmiz üçün, bölgə üçün də böyük əhəmiyyət daşıyır. Uğurla icra edilən Bakı-Tbilisi-Qars dəmir yolunun layihəsi geosiyasi addım, təşəbbüsdür. Bu, Azərbaycanı nəqliyyat baxımından bölgə mərkəzinə çevirən layihədir. Güclü siyasi iradə, düşünülmüş addımlar və bölgədəki mövqelərimizin güclənməsi mövcud reallıqları yaratmışdır. Azərbaycanda tətbiq olunan meyarlar dünya səviyyəsindədir. Bu gün Azərbaycan standartları anlayışı müxtəlif sahələrdə tətbiq olunur. Azərbaycan sabitlik adası, inkişaf məkanı kimi özünü dünyaya təqdim edir".
İclasda ordu quruculuğunda gedən nəhəng proseslərə, inkişaf və tərəqqiyə də münasibət bildirən Prezident İlham Əliyev 26 iyunda paytaxt Bakıda keçirilən hərbi paradı Azərbaycan dövlətinin, ordusunun gücü kimi dəyərləndirib: "Hərbi parad bizim gücümüzü, Azərbaycan dövlətinin, ordusunun qüdrətini göstərdi. Ordu quruculuğuna diqqət yüksək səviyyədədir. Bu ilin iyununda keçirilən hərbi parad bizim gücümüzü, Azərbaycan dövlətinin, ordusunun qüdrətini göstərdi".
Hərbi xərclərimizin Ermənistanın dövlət büdcəsindən 50 faiz çox olduğunu deyən dövlət başçısı onu da vurğuladı ki, ilin sonuna qədər, hərbi xərclərimiz daha da arta bilər: " Hərbi xərclərimiz 3,3 milyard dollara bərabərdir. Bu, yoxsulluq içində yaşayan Ermənistanın dövlət büdcəsindən 50 faiz çoxdur. İlin sonuna qədər hərbi xərclərimiz daha da arta bilər."
RÖVŞƏN RƏSULOV