Azərbaycan Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr edilmiş müşavirədə verdiyi tapşırıqların icrası ilə yerində tanışlıq çərçivəsində iyulun 14-də Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qəsəbənin sxemi əsasında görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirdi ki, müşavirədə dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, Suraxanı rayonunda da genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır. Yeni Suraxanı qəsəbəsində 150 min kvadratmetr yola yeni asfalt örtüyünün döşənməsi artıq başa çatdırılır. Qəsəbələrarası yollar boyunca işıqlandırma sistemi dəyişdirilərək 300-ə yaxın yeni işıq dirəyi quraşdırılıb. Piyadaların rahat hərəkəti üçün səkilər təmir olunub. Qəsəbədə çirkab və qrunt sularının axıdılması üçün nəzərdə tutulan kanal bərpa edilib. Qəsəbədə görülən işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev sakinlərlə görüşdü. Sakinlər həyata keçirilən abadlıq və yenidənqurma işlərinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Prezident İlham Əliyev sonra qəsəbədəki parkda görülən abadlıq və yenidənqurma işləri ilə tanış oldu. Burada sakinlərin asudə vaxtlarını səmərəli keçirməsindən ötrü lazımi şərait, uşaqlar üçün əyləncə yerləri yaradılıb. Dövlətimizin başçısı daha sonra Yeni Suraxanı qəsəbəsinin mərkəzində yerləşən 14 İyul küçəsinə gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə Azərbaycana ilk dəfə rəhbərliyə gəlməsinin şərəfinə ucaldılmış memorial abidə kompleksi ilə tanış oldu, bu küçənin sakinləri ilə söhbət etdi. Onlar qəsəbədə aparılan abadlıq işlərinə görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdılar.
Prezident İlham Əliyev bildirdi ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, dünya miqyasında son beş ildə ən sürətlə inkişaf edən ölkə Azərbaycandır: "Azərbaycan bu gün o ölkədir ki, yenə də öz hesabına yaşayır və gündən-günə daha da yaxşı yaşayır - həm iqtisadi məsələlər həll olunur, həm də sosial məsələlər. Bu qəsəbədə görülən işlərin hamısı sosialyönümlüdür. Yol çəkilişi - bu, böyük vəsait tələb edir. Biz bunu edirik ki, insanlar daha da yaxşı yaşasınlar. Bütün infrastruktur layihələri, məktəb tikintisi. Siz mədəniyyət evinin tikintisi ilə bağlı məsələ qaldırdınız. Buna da baxacağıq. Bütün bunlar sosial xarakter daşıyır. Yəni bu, o investisiya deyil ki, sonradan gəlir gətirsin. Bunu edirik ki, insanlar yaxşı, rahat, təhlükəsizlik şəraitdə və gözəl, necə deyərlər, abad qəsəbələrdə yaşasınlar." Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən dəfə Yeni Suraxanı qəsəbəsində olarkən qəsəbə sakinləri 85 nömrəli orta məktəbin bir korpusunun tamamilə yararsız vəziyyətdə olduğunu bildirmiş və bu tədris ocağının yenidən qurulmasına kömək göstərilməsini xahiş etmişdilər. Prezident İlham Əliyev bununla əlaqədar müvafiq tapşırıqlar vermişdi. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, məktəbin qəza vəziyyətində olan korpusu sökülərək yerində 480 şagirdlik yeni korpusun inşası nəzərdə tutulur. Prezidentə məlumat verildi ki, məktəbin yerləşdiyi küçəyə 12 min kvadratmetr asfalt döşənmiş, 200 işıq dirəyi yeniləri ilə əvəz olunmuşdur. Dövlətimizin başçısı məktəbin kollektivi ilə də görüşdü. Müəllimlər yeni korpusun tikintisi ilə bağlı verdiyi göstərişlərə görə minnətdarlıqlarını bildirdilər. Prezident İlham Əliyev məktəbin kollektivi ilə birlikdə yeni tədris korpusunun təməlqoyma mərasimində də iştirak etdi. Daha sonra məktəbin qəzalı vəziyyətdəki digər korpusu ilə də tanış oldu və müvafiq tapşırıqlarını verdi.
Sonda xatirə şəkli çəkdirildi.