Prezident İlham Əliyev Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Prezidentin Sərəncamında deyilir ki, 24 min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,0 (dörd) milyon manatı Bərdə Rayon İcra Hakimiyyətinə ayrılsın, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Ölkə Prezidenti həmçinin Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı səmərəli fəaliyyətinə görə Vüqar Gəncəli oğlu Rəhimzadənin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında və Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eldar Allahyar oğlu Quliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi barədə bir sıra Sərəncamlar imzalayıb.