Neft gəlirlərinin idarə olunması istiqamətində şəffaflığın yüksək səviyyədə təmin edilməsi mühüm əhəmiyyətli sosial-iqtisadi layihələrin gerçəkləşdirilməsinə yönələn maliyyə vəsaitinin həcminin artırılması üçün imkanları genişləndirir.
Ölkə başçısı İlham Əliyev bildirir ki, Azərbaycanın bütün təbii ehtiyatları xalqa xidmət etməli, neftdən əldə olunan gəlirlər şəffaf və ədalətli bölünməlidir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, neft gəlirlərindən səmərəli istifadəyə yönələn addımlardan biri kimi 1999-cu ildə Neft Fondunun yaradılmasını xüsusən vurğulamaq mümkündür. Zamanında atılmış bu mühüm addım iqtisadi inkişafda yeni mərhələnin başlanması və Ümummilli Lider Heydər Əliyevin milli sərvətlərimizdən gələcək nəsillərin bəhrələnməsi və iqtisadiyyatın kompleks inkişafının təmin olunmasına yönəlmiş uzunmüddətli iqtisadi strategiyasının nəticəsi kimi qiymətləndirilir. Bunun davamı olaraq, hələ 2004-cü ildə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya" (2005-2025-ci illər) özündə mühüm amili birləşdirir.
Dövlət başçısı bildirir ki, büdcənin 20 milyard dollardan artıq olması böyük göstəricidir. 2003-cü ilin dövlət büdcəsinin cəmi 1,2 milyard dollar olduğunu yada salsaq, bu gün həmin rəqəmin 20 milyard dollara çatması onu göstərir ki, son 7-8 ildə bu istiqamətdə xeyli işlər görülüb. Büdcənin artımı infrastruktur layihələrinin icrasını, həmçinin, sosial məsələlərin həllini daha da sürətləndirir.
Bu gün pensiyaların orta həcmi əmək haqqının orta həcminin 40 faizini təşkil edir. 2010-cu ilin yanvar ayının 1-dək pensiyaya çıxan şəxslərin pensiya məbləğinin orta hesabla 40 faiz artırılmasını nəzərdə tutan "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər iyulun 1-dən qüvvəyə minmişdir. Bu artımların maliyyələşdirilməsi üçün bir il ərzində təqribən 390 milyon manat vəsait tələb olunur. Hazırkı dövrdə minimum pensiya almaq halı tamamilə aradan qaldırılacaq. Nəticədə pensiyaların orta aylıq məbləği və onun əmək haqqına olan nisbəti yüksələcək. Orta aylıq məbləğ 144 manat olacaq. "Bu da onu göstərir ki, Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edir. Bizim siyasətimiz məhz bundan ibarətdir" söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, əsaslı iqtisadi islahatların aparılması güclü sosial siyasətlə tamamlanır.
Bu faktlar Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin hazırladığı "2003-2011-ci illərdə Azərbaycanın sosial-iqtisadi inkişafı" hesabatında da öz əksini tapıb. Son səkkiz ildə dövlət büdcəsinin gəlir və xərclərində artımı geniş təhlil edən mərkəzin hesabatında qeyd edilir ki, bu müddətdə dövlət büdcəsinin gəlirlərinin orta artım tempi 40,4 faiz, xərclərinin isə orta artım tempi 40,1 faiz təşkil edib. 2003-cü illə müqayisədə gəlirlərin 9,3 dəfə, xərclərin isə 9,5 dəfə artdığı bildirilir.
"Yoxsulluqla mübarizə bizim prioritet məsələlərimizdən biridir. Bu istiqamətdə işlər aparılır və Azərbaycanda yoxsulluğun səviyyəsi ildən-ilə aşağı düşür... Bu baxımdan, beynəlxalq təşkilatlarla birlikdə daha da ciddi işləməliyik. Azərbaycanda yoxsul adam olmamalıdır" söyləyən dövlət başçısı İlham Əliyev bu istiqamətdə də Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir.
Sosial infrastrukturun yaradılması istiqamətində mühüm işlər görülür. Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev görülən işləri rəqəmlərlə qeyd edərək, bunların cari ildə də davamlılığının təmin ediləcəyini diqqətə çatdırmışdır. Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında açıqlanan rəqəmlər deyilənlərin reallığa söykəndiyini təsdiqlədi. Belə ki, iqtisadiyyatımız 1,6 faiz, qeyri-neft sektoru 5,6 faiz, sənaye istehsalı 0,3 faiz, əhalinin real pul gəlirləri 16 faizdən çox artmışdır.
Qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması da dövlət siyasətinin əsas tərkib hissələrindəndir. Ötən ildə bu istiqamətdə mühüm addımlar atılmışdır. Belə ki, 6600 köçkün yeni evlərə köçürülmüşdür. Köçkünlər üçün 3 böyük qəsəbə tikilmişdir. 2011-ci ilin sonuna kimi isə 6 kompleksin istifadəyə verilməsi planlaşdırılır.
Əhalinin içməli su ilə təmin edilməsi yönümündə də mühüm uğurlar əldə olunub. Belə ki, ötən il ən böyük infrastruktur layihələrindən biri - Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildi. Bu su kəməri öz strateji əhəmiyyətinə görə Bakı-Tbilisi-Ceyhan neft kəmərinə bərabər tutula biləcək layihədir. Bu layihə də Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilib. Azərbaycan dövləti bu su kəmərini çəkməklə, bir daha sübut etdi ki, öz qüvvəsi, maliyyə imkanları hesabına ən mürəkkəb layihələri icra edə və onu məntiqi sonluğa çatdıra bilər. Su kəmərinin istifadəyə verilməsi mərasimində Prezident İlham Əliyev bildirmişdir: "Layihənin həyata keçirilməsi göstərir ki, bizim üçün ən böyük sərvət, ən böyük dəyər Azərbaycan vətəndaşıdır".
Prezident İlham Əliyev bu əminliyi ifadə edir ki, bu gün həyata keçirilən infrastruktur layihələri ölkəmizin bundan sonra uzun müddət, onilliklər ərzində uğurlu inkişafına xidmət edəcək. Qarşıya qoyulan hər bir məqsədin həyata keçməsi üçün zəruri olan bütün imkanlar mövcuddur- Azərbaycan dövlətinin güclü siyasi iradəsi, düşünülmüş siyasət, konkret proqramlar, peşəkar kadrlar, yerli şirkətlər. Güclü iqtisadi imkanlar olmasa, heç bir sosial məsələ həll oluna bilməz. İcra edilən layihələrdə əsas məqsəd Azərbaycanı daha da gücləndirmək, iqtisadi inkişafı sürətləndirmək, insanların yaşayış səviyyəsini və rifah halını yaxşılaşdırmaqdır.
RÖVŞƏN RƏSULOV