PDF Oxu

Siyasət

  • 46

Enerji sektorundan asılılığımız azalır

Enerji sektorundan asılılığımız azalır

İlin birinci yarısında görülmüş işlərlə bağlı bu gün keçirilən müzakirələr bir daha göstərir ki, 2011-ci ilin 6 ayı ərzində Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. Ölkədə bütün proseslər müsbət istiqamətdə inkişaf edir və bu, bir daha onu göstərir ki, həm bizim seçdiyimiz yol düzgün yoldur, həm də apardığımız siyasət uğurlu inkişafı təmin edir-bunu iyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib.

Qeyri-neft sektoru 7 faizdən çox artıb


Ötən 6 ayda ən sevindirici məqamlardan biri odur ki, Azərbaycanda qeyri-neft sektoru artıb. Bu istiqamətdə artım 7,2 faiz təşkil edib. Qeyd edək ki, ötən 6 ayda kənd təsərrüfatında artım 6,2 faiz təşkil edib.

Bu, əslində, son illər ərzində aparılan islahatların nəticəsidir. Çünki ölkə Preziidentinin və hökumətin əsas məqsədi qeyri-neft sektorunun inkişafıdır, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin edilməsidir. 7,2 faiz səviyyəsində artan qeyri-neft sektorunun göstəriciləri ölkənin tarazlı inkişafının göstəricisidir. Bu, onu göstərir ki, ölkə dinamik inkişaf edir. Azərbaycan iqtisadiyyatının enerji amilindən asılılığı azalır. Eyni zamanda, onu deməyə əsas verir ki, növbəti illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əlavə imkanlar yaranacaq.

Əhalinin pul gəlirləri 17 faiz artıb. İnflyasiya isə cəmi 8,8 faiz artıb. Bu da onu göstərir ki, yenə də insanların rifah halının yaxşılaşdırılması üçün yaxşı şərait yaranıb.

Dövlət başçısı hökumətin müşavirəsində ilk yarımildəki inkişafı müsbət qiymətləndirib: "Bir sözlə, ölkəmizin ümumi inkişafı bu 6 ayda çox uğurlu, dinamik olmuşdur. Yenə də deyirəm, bütün iqtisadi infrastruktur və sosial məsələlər öz həllini tapmışdır.

İlin birinci yarısında büdcəyə düzəlişlər edilmişdir. Bunun nəticəsində, ilk dəfə olaraq, Azərbaycan büdcəsi- büdcə xərclərimiz 20 milyard dollara çatmışdır ki, bu da rekord göstəricidir.Əlbəttə, bu, bizə imkan verir ki, ilin axırına qədər vacib olan infrastruktur və sosial məsələlərin həlli üçün əlavə maddi imkanları ortaya qoyaq".

Onu da qeyd etmək lazımdır ki, ölkəmizin strateji valyuta ehtiyatları artır. İlin əvvəlindən ehtiyatlar 9 milyard dollar artıb. Bu, onu göstərir ki, həm əldə edilmiş gəlirlər ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan sahələrə məqsədyönlü şəkildə xərclənir, həm də valyuta ehtiyatları daha da artırılır.

Bütövlükdə, hazırda ölkəmizin strateji valyuta ehtiyatları 38 milyard dollar səviyyəsindədir. Bu, çox böyük rəqəmdir və şübhə yoxdur ki, bu rəqəm ilin sonuna 40 milyardlıq həddi xeyli keçəcək.

Prezident maliyyə ehtiyatlarının artmasının əhəmiyyətini yüksək dəyərləndirib: "Bu, bizə imkan verir ki, ölkə iqtisadiyyatının inkişafını təmin edək, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resursları cəlb edək. Bir sözlə, ölkə iqtisadiyyatının hərtərəfli inkişafına nail olaq".


Dövlət Proqramları uğurla həyata keçirilir


Azərbaycanda bir neçə proqram icra edilir. Hər bir proqram konkret məna daşıyır. Heç bir proqram, sadəcə olaraq, hansısa bir niyyət, şüar xarakteri daşımır. Hər bir proqramın təməlində icra mexanizmləri, maliyyə resursları və düşünülmüş iş cədvəli var.

Regional inkişaf proqramının icrası nəticəsində təkcə bu ilin 6 ayında 38 min yeni iş yeri açılıb və bu proses davam edir. Son illər ərzində 1 milyona qədər yeni iş yeri açılıb.

Xatırladaq ki, bu ilin birinci yarısında iki vacib proqram qəbul edilib. Onlardan biri "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Proqramıdır. Gənclərlə görüşləri zamanı onlar tərəfindən qaldırılan məsələlərin, demək olar ki, hamısı proqrama daxil edilib.

Dövlət başçısı bildirib ki, proqramda nəzərdə tutulmuş bütün məsələlər 2015-ci ilə qədər həllini tapacaq və beləliklə gənclərin həm məşğulluğu, həm təhsillə bağlı olan problemlər, asudə vaxtlarının təşkili, gənclər üçün xüsusi fondun formalaşması və o fondun xətti ilə müxtəlif proqramların keçirilməsi təmin olunacaq.

İkinci vacib proqram Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı proqramıdır. Bu proqram daha da qısamüddətlidir- 2011-2013-cü illəri əhatə edir. Nəzərə alsaq ki, 2011-ci ilin yarısı artıq arxada qalıb, 2 il ərzində Bakıda və bütün ətraf qəsəbələrdə çox böyük quruculuq-abadlıq işləri aparılacaq.

Kanalizasiya xətlərinin çəkilişi üçün tədbirlər görülür, yollar salınır. Bakıətrafı qəsəbələrin əksəriyyətində əksər yollar torpaq yolları idi, yararsız vəziyyətdə idi. Yağış, qar yağan kimi o yollardan keçmək mümkün deyildi. İndi hər bir qəsəbədə müasir yollar çəkilir, yeni məktəblər, tibb məntəqələri, poliklinikalar, xəstəxanalar tikilir, mövcud olanlar təmir edilir.

Proqrama görə, qəsəbələrin bütün infrastrukturu 2013-cü ilə qədər yenilənməlidir. Eyni zamanda, qəsəbələrdə yaşayan insanların məşğulluğu üçün konkret tədbirlər nəzərdə tutulub. O cümlədən, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Bakıətrafı qəsəbələrə də kreditlərin verilməsi prosesi başlanıb.

Ümumiyyətlə, cari ilin ilk yarısında Azərbaycanda bütün sahələrdə inkişaf əldə olunub. Ölkənin dövlət büdcəsi, valyuta ehtiyatları, ümumdaxili məhsulu xeyli artıb. Bütün bunlar iqtisadi siyasətin düzgün həyata keçirildiyini təsdiq edir.


Elçin Bayramlı

Digər xəbərlər