Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Bronislav Komorovskinin təkbətək görüşü
İyulun 25-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin rəsmi qarşılanma mərasimi olub. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin təkbətək görüşü olub
Görüşdə Azərbaycan ilə Polşa münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrin bundan sonra da genişlənəcəyi bildirildi. İkitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı baxımından da əhəmiyyəti vurğulandı.
Polşa Prezidenti Bronislav Komorovskinin Azərbaycana rəsmi səfərinin əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə olundu. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub
Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, Polşa Prezidentini Bakıya səfəri Polşa-Azərbaycan əlaqələrinin inkişafına çox böyük töhfə verəcəkdir: "Bizim əlaqələrimiz bir çox sahələri əhatə edir. Əminəm ki, səfər zamanı əldə edilmiş razılaşmalar əməkdaşlığa yeni təkan olacaqdır. Siyasi əlaqələr yüksək səviyyədədir, eyni zamanda, iqtisadi sahədə əlaqələrin yaxşı perspektivləri var. Bu gün biz Sizinlə enerji sektorundakı əməkdaşlıq haqqında da fikir mübadiləsi apardıq. Bir sözlə, biz istəyirik ki, əlaqələrimiz bütün sahələri əhatə etsin və Polşa-Azərbaycan dostluğu uğurla davam etdirilsin.
Bir daha xoş gəlmisiniz!"
Sonra Polşa Prezidenti Bronislav Komorovski çıxış edərək vurğuladı ki, rəsmi Varaşava Azərbaycanı yerləşdiyi regionda olduqca mühüm, əhəmiyyətli rol oynayan ölkə kimi qəbul edir: "Təbii ki, bizim münasibətlərimiz bu səfərdən sonra daha da inkişaf edəcəkdir. Hər iki xalq 20 il öncə əsl müstəqilliyini əldə etdi və bu mühüm dəyərdən lazımınca bəhrələnir. Bu, iqtisadi sahədə də hiss olunur və hər iki ölkədə əldə edilmiş iqtisadi göstəricilər bunu sübut edir.
Azərbaycanın iqtisadi sahədəki nailiyyətləri Sizin ölkənizə böyük hörmət qazandırır. Bu baxımdan işgüzar dairələrdə ölkənizə maraq get-gedə artır. Biz Sizin əldə etdiyiniz bütün bu nailiyyətləri çox yüksək qiymətləndiririk." İyulun 25-də Prezident İlham Əliyevin və Prezident Bronislav Komorovskinin iştirakı ilə Azərbaycan-Polşa sənədlərinin imzalanma mərasimi olub. "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Polşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov və Polşa Respublikasının kənd təsərrüfatı və kəndin inkişafı nazirinin müavini Yaroslav Voytoviç imzaladılar.
"Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Polşa Respublikasının Mədəniyyət və Milli İrs Nazirliyi arasında 2011-2013-cü illər üçün Əməkdaşlıq Proqramı"nı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Polşa Respublikasının xarici işlər nazirinin müavini Yeji Pomyanovski imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında" sazişi Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Polşa Respublikasının xarici işlər nazirinin müavini Yeji Pomyanovski imzaladılar.
İyulun 25-də Azərbaycan-Polşa sənədlərinin imzalanması mərasimindən sonra prezidentlər İlham Əliyev və Bronislav Komorovski birgə mətbuat konfransı keçiriblər. Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Prezident,
hörmətli qonaqlar, xanımlar və cənablar!
Cənab Prezident, Sizi bir daha Azərbaycanda səmimiyyətlə
salamlayıram. Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Bu gün keçirdiyimiz görüşlərdə və apardığımız danışıqlarda bir daha əmin oluruq ki, Polşa-Azərbaycan əlaqələri strateji xarakter daşıyır və əminəm ki, Sizin səfəriniz bu əlaqələrin inkişafı üçün yeni imkanlar açacaqdır.
Bizim əlaqələrimizin çox yaxşı tarixi var. Biz siyasi sahədə daim uğurlu əməkdaşlıq aparmışıq və ikitərəfli əlaqələrin gündəliyinə baxanda görürük ki, bu gündəlik çox zəngindir. Əminəm ki, siyasi sahədə əməkdaşlığımız uğurla davam etdiriləcəkdir.
Eyni zamanda, bu gün iqtisadi sahədə əməkdaşlığın perspektivləri haqqında geniş fikir mübadiləsi aparılmışdır. Müxtəlif fikirlər var, müxtəlif ideyalar var, əminəm ki, bu gün keçiriləcək Polşa-Azərbaycan biznes forumu da bu istiqamətdə növbəti addımların atılması üçün əhəmiyyətli olacaqdır.
Biz iqtisadi sahədə qarşılıqlı ticarətin artırılması və gələcəkdə qarşılıqlı investisiya layihələrinin icrası istiqamətində daha da fəal siyasət aparmalıyıq. İqtisadi əlaqələr, əlbəttə ki, bütün digər sahələrdə olan əlaqələrə də güclü təkan verəcəkdir.
Bu gün, eyni zamanda, enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır. Bir müddətdir ki, bu istiqamətdə bizim qurumlarımız arasında fikir mübadiləsi, danışıqlar aparılır, Azərbaycan neftini və qazını dünya və Avropa bazarlarına çıxarmaq üçün yeni imkanlar araşdırılır. Bu sahədə Polşa-Azərbaycan əlaqələrinin mühüm yeri var. Əminəm ki, hazırda Avropa İttifaqının sədri olan Polşa bizim bütövlükdə Avropa İttifaqı ilə apardığımız danışıqlarda öz sözünü deyəcəkdir.
Azərbaycanın çox zəngin neft-qaz ehtiyatları vardır, çoxşaxəli ixrac infrastrukturu - nefti və qazı dünya və Avropa bazarlarına çıxara biləcək 7 kəmər mövcuddur və bunlar fəaliyyətdədir.
Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr sürətlə inkişaf edir və əminəm ki, Polşa Avropa İttifaqında sədrliyi dövründə öz tərəfindən bu əlaqələrin inkişafına dəyərli töhfəsini verəcəkdir. Bu ilin yanvar ayında Avropa Komissiyasının sədri cənab Barrozunun Azərbaycana səfəri zamanı imzalanmış bəyannamə, əminəm ki, gələcək sahədə əməkdaşlığa çox güclü təkan verəcəkdir.
Bütövlükdə Avropa İttifaqı - Azərbaycan əlaqələri bu gün geniş müzakirə edildi və bu məsələ ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Biz maraqlıyıq ki, bu əlaqələrə yeni təkan verilsin. Çünki bu əlaqələrin həm Avropa üçün, həm də Azərbaycan üçün çox böyük əhəmiyyəti var və hazırda formalaşmaqda olan tərəfdaşlıq strateji xarakter daşıyır. Biz istəyirik ki, Avropa qurumları ilə tərəfdaşlıq əlaqələrimiz daha da inkişaf etsin. Eyni zamanda, bu gün regional məsələlər haqqında fikir mübadiləsi aparılmışdır. Polşa öz regionunda, Azərbaycan isə öz regionunda Xəzər dənizi - Baltik dənizi əməkdaşlığının inkişafı üçün çox ciddi mövqelərə malikdir. Hər iki dövlət yerləşdiyi regionda çox güclü geosiyasi mövqelərə və iqtisadi potensial baxımından həlledici sözə malikdir. Biz elə etməliyik ki, Xəzər dənizi-Qara dəniz-Baltik dənizi ölkələri arasında əməkdaşlıq daha da intensiv aparılsın və bu sahədə Polşa-Azərbaycan əlaqələrinin çox mühüm yeri vardır.
Regional əməkdaşlıqla bərabər, biz bu gün regional təhlükəsizlik məsələlərini də nəzərdən keçirdik. Xüsusilə mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və danışıqların indiki vəziyyəti haqqında cənab Prezidentə məlumat verdim. Bir daha demək istəyirəm ki, bu münaqişə bölgə üçün ən böyük təhlükədir, ən böyük ədalətsizlikdir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü uzun illərdir ki, Ermənistan tərəfindən pozulub, torpaqlarımızın 20 faizi işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır və bir milyondan artıq azərbaycanlı öz doğma torpağından didərgin düşərək qaçqın-köçkün həyatı yaşayır. Məsələ ilə bağlı beynəlxalq təşkilatlar öz mövqelərini bildirmişlər. BMT, Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT qətnamələr və qərarlar qəbul etmişlər. Yəni bu qərar və qətnamələr məsələnin həlli üçün hüquqi bazanı yaradır. Əlbəttə, məsələnin beynəlxalq hüquq normaları əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində tezliklə həll olunması bölgəyə sülh gətirəcək, əməkdaşlıq gətirəcək və belə olan halda, bölgədə bütün proseslər daha da sürətlə və müsbət istiqamətdə inkişaf edəcəkdir.
Bütövlükdə demək istəyirəm ki, cənab Prezident Komorovskinin Azərbaycana ilk rəsmi səfəri çox uğurla keçir. Səfərin çox zəngin proqramı var. Bu gün və sabah biz görüşləri davam etdirəcəyik və əminəm ki, bütövlükdə səfərin gözəl nəticələri olacaq və bu nəticələr Polşa-Azərbaycan əlaqələrini yeni müstəviyə çıxaracaqdır.
Sağ olun.
Polşa Prezidenti Bronislav Komorovskinin
bəyanatı
-Hörmətli cənab Prezident, hörmətli xanımlar və cənablar!
Mən ilk növbədə, Azərbaycana səfər etmək barədə dəvətə görə öz təşəkkürümü bildirirəm. Eyni zamanda, Polşanın ünvanına söylədiyiniz xoş sözlərə görə minnətdaram. Mən xüsusi vurğulamaq istəyirəm ki, təmaslarımız sürətlə inkişaf edir. Əslində, bu təmaslar həm siyasi, həm digər səviyyələrdə baş verir və hesab edirəm ki, ictimai həyatın bütün sahələrində inkişaf edəcəkdir. Əminəm ki, Polşa və Azərbaycan öz regionlarında mühüm, getdikcə əhəmiyyəti artan rol oynamaqdadır. Bu, o faktla sübut olunur ki, biz hamımız həm Azərbaycanda, həm də Polşada sürətli iqtisadi artımın şahidiyik. Ötən il Azərbaycanın iqtisadi artımı çox yüksək səviyyədə olmuşdur. Əslində, bu, Sizin ölkənizə böyük hörmət qazandırır və biz bundan çox şadıq. Əminik ki, bu əməkdaşlığın, bu əlaqələrin təbii xarakteri vardır və biz indi əməkdaşlığımızın yeni sahələrini araşdırmalıyıq. İqtisadi sahədə Polşa ilə Azərbaycan arasında əlaqələr inkişaf etməlidir. Hesab edirik ki, bugünkü iqtisadi forum çox vacibdir. Bu tədbirdə nəinki Polşa ekspertləri, həm də Polşa nazirliklərinin və müvafiq qurumların təmsilçiləri iştirak edəcəklər. Bu gün Azərbaycanın siyasi elitasının nümayəndələri ilə də görüşlərimiz baş tutacaqdır.
Bizim münasibətlərimiz iki dövlət arasında olan münasibətlərdir. Demək olar ki, hər iki ölkə müstəqilliyini eyni vaxtda əldə etmişdir və bu, bizə azadlıq gətirdi. Biz müdrik addımlar atdıq ki, müstəqilliyimiz yaxşı olsun, o cümlədən iqtisadi əməkdaşlığın yaxşı təməli olsun. Əslində bu, standart deyil, standartlardan daha yüksək bir əməkdaşlıqdır. Mən sizin diqqətinizi bir sıra faktlara yönəltmək istəyirəm, bu faktlar Polşa-Azərbaycan münasibətlərinə təsir edir. Çünki həmin faktlar sırf bu münasibətlərin çərçivəsindən də kənara çıxır. Bu, həmçinin Azərbaycanın Avropa İttifaqı, Avropa ilə münasibətlərinə aiddir. Bildiyiniz kimi, hazırda Polşa Avropa İttifaqında sədrlik edir. Beləliklə, Polşa Avropa İttifaqının gündəliyini müəyyən edir və həmçinin bu, Avropa İttifaqına üzv olmayan dövlətlərlə münasibətlərin istiqamətlərini müəyyən edir.
Biz bilirik ki, sentyabrda Varşavada keçiriləcək sammitdə cənab Prezident də iştirak edəcəkdir. Əslində, bu zirvə görüşü "Şərq tərəfdaşlığı" proqramında iştirak edən dövlət başçılarının toplantısı olacaqdır. Mən demək istəyirəm ki, Polşa Azərbaycanın nailiyyətlərində maraqlıdır. Biz istərdik ki, Azərbaycan ilə Avropa İttifaqı arasında assosiativ üzvlük Sazişi haqqında danışıqlar uğurla keçsin. Çünki bizi eyni prinsiplər, eyni qaydalar bağlamalıdır. Bu, Qərblə Azərbaycan arasında münasibətlərin gələcək inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Bunun Polşa-Azərbaycan münasibətləri üçün də çox böyük əhəmiyyəti vardır.
Biz bir çox məsələləri nəzərdən keçirdik, müzakirə etdik,
regiondakı siyasət, böyük qonşularımızın regionda gedən proseslərə təsiri haqqında danışdıq. Həmçinin enerji sahəsində əməkdaşlığa toxunduq. Polşa bir daha maraqlı olduğunu bəyan edir ki, enerji resurslarının çatdırılmasına öz töhfəsini verməyə hazırdır. Hesab edirəm ki, bu, nəinki bizim ölkə üçün, bütövlükdə Avropa İttifaqı üçün vacibdir. Avropa İttifaqı tərəfindən təsdiq edilmiş bir layihə var. Əslində, bu, Odessa-Brodı-Plotsk-Qdansk boru kəmərinə aiddir. Bu layihə aktual hesab olunur və demək istəyirəm ki, bugünkü dünyada əgər əhəmiyyətdən söhbət gedirsə, bu layihənin biznes baxımından əhəmiyyəti artır.
Çünki biz hesab edirik ki, burada ən vacibi nəinki siyasi məsələlərdir, eyni zamanda, biznes üçün də əsaslandırılmış məsələlər olmalıdır. Çünki bu kimi məsələlər həmin layihə üçün çox vacibdir. Ona görə də mən bildirmək istəyirəm ki, Azərbaycan nefti artıq neftayırma zavodlarına daxil olur, bunlar Polşa kapitalı əsasında işləyən zavodlardır. Bir milyon ton Azərbaycan nefti ilbəil neftayırma zavodlarına daxil olur. Bizim müəssisələrimizə, lakin Çexiya Respublikasının ərazisində olan zavodlarımıza daxil olur. Bu, o deməkdir ki, siz artıq bizim sərhədlərimizə yaxınsınız. Bu, o deməkdir ki, biz indi elə bir təsir göstərməliyik ki, öz regionumuzun enerji məsələlərinin həllinə nail olaq. Hesab edirik ki, bu, tam əsaslandırılmış formada olmalıdır.
Çox sağ olun.
X X X
Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.
X X X
Bakıda Azərbaycan-Polşa biznes forumu keçirilib
İyulun 25-də Bakı Biznes Mərkəzində Azərbaycan-Polşa biznes forumu keçirilmişdir. AzərTAc xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Bronislav Komorovski biznes forumda iştirak etmişlər. Kənd təsərrüfatı və qida sənayesi, maliyyə, sənaye, bankçılıq, sığorta və digər sahələrdə fəaliyyət göstərən 20-dək polşalı iş adamının iştirak etdiyi biznes forumun keçirilməsindən məqsəd Azərbaycan və Polşa iş adamları arasında əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin iqtisadi potensialından yararlanaraq, ticarət dövriyyəsinin səviyyəsini artırmaqdır.
Dövlət başçıları forumun açılışında çıxış etdilər.
Forumdan sonra prezidentlər İlham Əliyev və Bronislav Komorovski Dənizkənarı milli parkda gəzintiyə çıxdılar. Polşa Prezidentinə son illərdə sürətlə inkişaf edən Azərbaycanın paytaxtında görülən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verildi.
Ali qonağın şərəfinə
İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin şərəfinə rəsmi ziyafət verilib.
Dövlət başçıları ziyafətdə nitq söylədilər.