Müasir silahlarla təchiz edilən, ən modern hərbi texnikalara malik olan Azərbaycan Ordusunun hər an hərbi əməliyyatlara başlaya biləcəyindən ehtiyatlanan təcavüzkar Ermənistan artıq indidən məğlub olacağını başa düşdüyü üçün Dağlıq Qarabağ münaqişəsinin yenidən əsgəri müstəviyə keçməsinə hər vəchlə mane olmağa səy göstərir. Bu məqsədlə, erməni diasporu da fəaliyyətini genişləndirməyə çalışır. Ermənistanın, eləcə də, erməni diasporunun narahatlığına yol açan əsas məqamlardan digəri isə Azərbaycanın hərbiyə ayırdığı xərcləridir. Əslində, Azərbaycanın işğala məruz qalması və müdafiə qabiliyyətinin, daha da gücləndirilməsi baxımından hərbi xərclərini artırması təbii qarşılanmalıdır və bu istiqamətdə dövlətimiz tərəfindən davamlı işlər görülür.
Azad etmək hüququmuz...
Avropa Erməni Federasiyasının bir müddət bundan öncə ATƏT-ə ünvanladığı bəyanat da deyilənləri sübut edir. Bəyanatda Azərbaycanın hərbi xərclərini artırmasından, Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkünlüyünə dair səsləndirdiyi fikirlərdən ciddi narahatlıq ifadə olunur. Eyni zamanda, münaqişənin həllinin hərbi müstəviyə keçməməsi üçün ATƏT-in Minsk Qrupundan fəaliyyətini gücləndirmək və Azərbaycanı bu yoldan çəkindirmək xahiş olunur. Bununla yanaşı, Avropa Erməni Federasiyası ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilməyəcəyinə dair Azərbaycandan təminat almasını da istəyib: "Biz Minsk Qrupu həmsədrlərinə müraciət edirik ki, Azərbaycanın hərbi çağırışlarını ciddi qəbul etsin və ATƏT-in Minsk Qrupu çərçivəsində gedən sonrakı danışıqlara qədər hücum etməmək barədə əsaslı təminat alsın". Artıq, bu, bir həqiqətdir və həmin həqiqət çərçivəsində ermənilərin Azərbaycanın hərbi gücündən qorxuya düşdüyü bariz şəkildə özünü sərgiləyir. Avropa Erməni Federasiyasının sədri Hilda Çoboyan da Azərbaycanın hərbi baxımdan kifayət qədər üstünlüyə malik olduğunu açıq etiraf edir.
Regionun ən güclü ordusu və
ermənilərin etirafı
Yerləşdiyi regionun lider dövlətinə çevrilən Azərbaycan ordu quruculuğu sahəsində də kifayət qədər ciddi nailiyyətlər əldə edib. Bunun nəticəsidir ki, Cənubi Qafqazda ən güclü ordunun, məhz Azərbaycana məxsus olması dünya, həmçinin, region dövlətləri tərəfindən də etiraf olunur. Azərbaycan ordusunun istər müasir hərbi texniki vasitələrlə, istərsə də digər bütün sahələr üzrə təminatının yüksək olması daha çox işğalçı Ermənistanda ciddi narahatlığa yol açıb və bu ölkədə Azərbaycanın zəbt olunmuş ərazilərini hərbi əməliyyatlarla geri qaytara biləcəyi əsil dəhşət kimi qəbul olunur. Lakin ermənilər onu da yaxşı bilirlər ki, Azərbaycan beynəlxalq hüquq prinsiplərinə görə, öz ərazilərini işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlamaq hüququna malikdir və rəsmi Bakı ən yüksək səviyyədə lazım gələrsə, bu hüquqdan istifadə edəcəyini dəfələrlə bəyan edib. Ali Baş Komandan, Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "...Atəşkəs sazişi bağlanandan sonra aparılan danışıqlar heç bir nəticə vermir. Belə olan halda, təbii ki, biz ordumuzun gücünə güvənməliyik. Məhz bu məqsədlə son illər ərzində, mütəmadi qaydada ordu potensialının gücləndirilməsi üçün praktiki tədbirlər görülübdür. Bu gün bizim ordumuz bölgədə ən qüdrətli ordudur. Azərbaycanda istənilən vəzifəni icra etməyə qadir olan silahlı birləşmələr fəaliyyət göstərir və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün biz lazım olan halda hərbi gücdən də istifadə edə bilərik. Bu, bizim suveren hüququmuzdur. Beynəlxalq hüquq normaları da bizə bu imkanı verir".
Azərbaycanın Ordusu qarşısında duruş gətirməyin çətin olduğunu etiraf edən erməni başbilənləri Ermənistanın bu vəziyyətdən əsas çıxış yolunun Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar yolu ilə tərəqqiyə nail olunmasında görür. Onlar digər amili də önə sürürlər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək, Ermənistan müstəqil dövlət ola bilməz. Çünki yaranmış çətin vəziyyətdən çıxmaq üçün ölkənin heç bir resursu yoxdur. Bundan əvvəl Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da qeyd edib: "Sarkisyan da yaxşı bilir ki, ac-yalavac Ermənistan ordusunu, ən müasir avadanlıqlarla təchiz edilmiş nizamlı Azərbaycan ordusu ilə müqayisə etmək belə, mümkün deyil".
RÖVŞƏN RƏSULOV