PDF Oxu

Siyasət

  • 30

Azərbaycan bu ili də uğurla başa vuracaq

Azərbaycan bu ili də uğurla başa vuracaq

2011-ci ilin altı ayında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. Ölkədə bütün proseslər müsbət istiqamətdə inkişaf edir və bu, bir daha onu göstərir ki, həm bizim seçdiyimiz yol düzgün yoldur, həm də apardığımız siyasət uğurlu inkişafı təmin edir. Xüsusilə, indi dünyanın müxtəlif yerlərində yaşanan gərginlik, qarşıdurmalar, müharibələr, maliyyə və iqtisadi böhranlar göstərir ki, düzgün siyasət aparılan zaman bütün sosial və iqtisadi məsələlər uğurla öz həllini tapa bilər. Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır, heç bir yerdən yardım almır. İndi buna ehtiyac da yoxdur- Azərbaycan Prezidenti İlham Əliyev ilk yarımilin yekunları ilə bağlı hökumətin müşavirəsində belə deyib.


Azərbaycan qlobal böhran dövründə inkişaf edir


Artıq uzun illərdir ki, Azərbaycan iqtisadi inkişaf templərinə görə dünyada birinci yerdədir. Bu, hökumətə imkan verir ki, böyük maliyyə resursları toplasın, iqtisadiyyatın qeyri-neft sektoruna investisiyalar qoysun.

Dünya İqtisadi Forumunun hesabatlarına görə, Azərbaycan bu gün rəqabət qabiliyyətinə görə, MDB məkanında 1-ci yerdədir. İnsan inkişafı indeksi ilə əlaqədar verilən bəyanatlar və aparılan hesablamalar onu göstərir ki, ən böyük irəliləyişi Azərbaycan edib. Azərbaycanda sosial məsələlərin həlli və xüsusilə, pensiya islahatı ona gətirib çıxarıb ki, pensiyanın həcmi orta əməkhaqqının 40 faizini təşkil edir. Bu da MDB məkanında ən birinci göstəricidir. Məlum olduğu kimi, dünya qlobal iqtisadi böhranın məngənəsindən qurtulmamış, yeni bir böhrana yaxınlaşır. Dünyanın ən güclü ölkəsi ABŞ-da belə defolt təhlükəsi var idi. Bu ölkənin 14 trilyonluq daxili və xarici borcu ÜDM həcmini keçmək üzrədir və çox keçmədən böhranın baş verəcəyini göstərir.

İndi nəinki Yaxın Şərqdə, Şimali Afrikada da yaşanan olaylar göz qabağındadır. Avropa ölkələrində, Avropa Birliyinə üzv olan ölkələrdə çox böyük sıxıntılar, çətinliklər yaradıb, maliyyə-iqtisadi böhranlar yaşanır və xaricdən, beynəlxalq maliyyə qurumlarının yardımı olmadan bunların aradan qaldırılması mümkün deyil.

MDB məkanında yaşanan gərginliklər, hadisələr və böhranlar ölkələri çətin duruma salıb. Bir neçə ölkə xaricdən maliyyə resursları alınması üçün müraciət edib və əgər o resurslar ayrılmasa, bu ölkələri defolt gözləyir. Dövlət başçısının dediyi kimi, bütün bu gərginliklərin fonunda Azərbaycan bir sabitlik adası, inkişaf məkanı kimi özünü dünyaya təqdim edir. Bu ilin 6 ayında əhalinin pul gəlirləri 17 faiz artıb, inflyasiya isə 8,8 faiz təşkil edib. İyul ayından 900 minə qədər pensiyaçının pensiyası təxminən 40 faiz artırılıb. Vətəndaşların bir neçə kateqoriyasının əməkhaqları qaldırılıb. Şübhə yoxdur ki, nəzərdə tutulmuş bütün sosial iqtisadi layihələr, proqramlar ilin sonuna qədər uğurla icra ediləcək.


Sənayenin inkişafı neft sektorundan asılılığı azaldır


Azərbaycanda hazırda sənayeləşmə prosesi uğurla gedir. Yeni şirkətlər və fabriklər, zavodlar açılır. Ölkədə bir neçə böyük sənaye mərkəzi yaradılır. Bakı şəhərində, Sumqayıtda, Gəncədə və Bakının Qaradağ rayonunda müasir sənaye komplekslərinin yaradılması nəzərdə tutulur. Bu istiqamətdə önəmli addımlar atılıb və ölkəmizdə sənayeləşmə siyasəti aparılır.

Kimya sənayesinin inkişafı üçün tədbirlər görülür, müəssisələr modernləşdirilir, yeni texnologiyalar tətbiq edilir. Bu yaxınlarda dövlət başçısı Sumqayıt şəhərində olarkən göstəriş vermişdi ki, orada kimya sənayesi şəhərciyi yaradılsın. İndi Sumqayıtda böyük texnopark yaradılır. Orada 10-a qədər yeni müasir müəssisə fəaliyyət göstərir.

Kimya kompleksinin ətrafında sırf özəl sektora aid olan bir növ müəssisələr şəhərciyi də yaradılacaq. İnkişaf etmiş ölkələrdə, MDB məkanında belə təcrübə var. Bu, minlərlə yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq və artıq son məhsula qədər istehsal prosesi Azərbaycanda təşkil ediləcək. Azərbaycanda icra edilən infrastruktur layihələri nəinki ölkəmiz üçün, bölgə üçün də böyük əhəmiyyət daşıyır. Xüsusilə, indi uğurla icra edilən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini misal kimi gətirmək olar. Məlum olduğu kimi, birinci mərhələdə Azərbaycan Gürcüstana 200 milyon dollar kredit ayırmışdı. Sonrakı mərhələdə 575 milyon dollar əlavə kredit ayrıldı.

Ekspertlərin fikrincə, bu layihənin önəmi, sadəcə, dəmir yolu layihəsi olmaqdan qat-qat üstündür. Bu, həm də geosiyasi bir addımdır. BTQ bundan sonra uzun illər Azərbaycanı nəqliyyat baxımından bölgə mərkəzinə çevirən bir layihədir və ölkəmiz onilliklər ərzində bu yolun istismarından həm siyasi, həm də iqtisadi dividendlər alacaq.


Texnoloji sektorda böyük uğurlar əldə olunub


Həm MDB, həm də dünya miqyasında götürsək, Azərbaycanda İKT-nin inkişafı ilə bağlı çox böyük addımlar atılıb. Azərbaycanda süni telekommunikasiya peykinin orbitə çıxarılması isə tarixi hadisə olacaq. Hazırda 2-ci peykin orbitə buraxılması layihəsi də işlənilir. Aparıcı xarici şirkətlərlə iş aparılır və bunun nəticəsində Azərbaycanda güclü kosmik sənayenin yaranmasına nail olunacaq.

Eyni zamanda, ölkəmizdə mobil rabitə və internet xidməti də inkişaf edir. Azərbaycan o ölkələrdəndir ki, burada internet azaddır, ona heç bir məhdudiyyət yoxdur.

Dövlət başçısı sonuncu müşavirədə bildirib: "İKT-dən əldə ediləcək gəlirlər neftdən əldə ediləcək gəlirlərə bərabər olmalıdır: "Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bunun 2025-ci ildə olacağını deyir. Yəqin ki, bunu neft hasilatının aşağı düşəcəyi barədə köhnə hesablamalar əsasında deyirsiniz. Amma bilin ki, 2025-ci ilə qədər neft hasilatı aşağı düşməyəcəkdir. Ona görə İKT sektoru neft hasilatının indiki səviyyəsindən əldə olunan gəlirlərin səviyyəsinə çatmalıdır. Çünki əvvəlki hesablamalara görə 2025-ci ildə Azərbaycanda neft gəlirlərinin kəskin şəkildə aşağı düşəcəyi bildirilirdi. İndi isə biz görülən tədbirlər nəticəsində nail olmuşuq ki, hasilatın indiki səviyyəsi o vaxta qədər sabit qalacaqdır. Bu da çox böyük rəqəmdir. On milyardlarla ölçülən rəqəmdir. Çalışmalısınız ki, İKT-nin də gəlirləri o səviyyəyə çatsın".


Ərzaq təhlükəsizliyi məsələsi uğurla həll olunur


Hazırda bütün ölkələri narahat edən məsələlərdən biri də ərzaq təhlükəsizliyi problemidir. Hazırda bütün ölkələr məhsul istehsalını artırmağa çalışırlar. Cari ilin ilk yarısının yekunları ilə bağlı hökumətin iclasında dövlət başçısı İlham Əliyev bildirdi ki, bu il kənd təsərrüfatında daha da yaxşı məhsul gözlənilir: "Ötən dövrdə kənd təsərrüfatının inkişafı 6 faiz təşkil edib. Taxılçılıq sahəsində və üzümçülük üzrə xüsusi proqram hazırlanır.

Bütövlükdə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində bizim konkret planımız, proqramımız var. Çalışmalıyıq ki, Azərbaycanda istehlak olunan bütün ərzaq məhsulları Azərbaycanda istehsal edilsin. Bu da ümumi bir məqsəddir və bəzi sahələrdə biz bu məqsədə çatmışıq. Harada ki, çatmamışıq, Sahibkarlığa Kömək Milli Fondunun kreditləri hesabına və bəlkə də digər dövlət vəsaiti hesabına biz bunu təmin etməliyik".

Həmişə olduğu kimi, bu ilin 6 ayında da sahibkarlığın inkişafı üçün böyük tədbirlər görülmüşdür, kreditlər verilib. Beləliklə, bu il də özəl sektora güzəştli şərtlərlə kifayət qədər böyük həcmdə- 125 milyon manat kredit veriləcək ki, bu da özlüyündə növbəti illərdə yeni istehsalların, iş yerlərinin açılmasına və qeyri-neft sektorunun inkişafına xidmət göstərəcək.

Ölkəmizdə, ümumiyyətlə, islahatların aparılması və şəffaf maliyyə sisteminin gücləndirilməsi sahəsində böyük işlər görülür. Onların arasında korrupsiya və rüşvətxorluqla mübarizə çox mühüm yer tutur. Bu istiqamətdə çox təsirli addımlar atılıb və çox ciddi mübarizə aparılır. Dövlət başçısı bildirib ki, elektron hökumət prinsiplərinə keçilməsi də korrupsiyaya qarşı mübarizədə çox təsirli amil olacaq: "Bütövlükdə, çalışmalıyıq ki, nə qədər mümkündür, məmur-vətəndaş təmaslarını aradan qaldıraq. İndi internet vasitəsilə, elektron xidmət vasitəsilə müxtəlif məlumatları da, arayışları da əldə etmək olar. Qeydiyyat məsələləri də internet vasitəsilə aparılmalıdır.

Mənim tərəfimdən imzalanmış xüsusi Sərəncamda bütün bu məsələlər göstərilibdir. Hər bir nazirlik və dövlət qurumu həmin Sərəncama uyğun olaraq təkliflər verməlidir ki, onların nəzdində hansı xidmətlər elektron variantda aparılmalıdır. Bunu heç kim yubatmasın və uzatmasın. Bu Sərəncam və onun icrası bilavasitə mənim nəzarətim altındadır. Tezliklə təkliflər verilməlidir. Ondan sonra daha da ciddi addımlar atılacaqdır. Korrupsiya və rüşvətxorluqla mübarizənin nəticələri var, nəticələr yaxşıdır".


Elçin Bayramlı

Digər xəbərlər