PDF Oxu

Siyasət

  • 18

Azərbaycanda yoxsulluğa son qoyulur

Azərbaycanda yoxsulluğa son qoyulur

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər) çərçivəsində 5 istiqamətdə tədbirlərin görülməsi nəzərdə tutulur. Bunlar makroiqtisadi sabitlik və iqtisadi artım; məşğulluq siyasəti və əhalinin sosial müdafiəsi; insan kapitalının inkişafı və sosial tərəqqi; institusional siyasət və səmərəli idarəetmə; iştirak və monitorinq istiqamətləridir.

Birinci istiqamət üzrə büdcə proqnozlaşdırılmasının səmərəliliyinin artırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, vergilərin yığım səviyyəsinin artırılması, xarici-iqtisadi fəaliyyətdə tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin təkmilləşdirilməsi, xüsusilə, idxal mallarına münasibətdə gömrük-tarif mexanizminin (2011-2012-ci illər) təkmilləşdirilməsi, aylıq gəlirləri yaşayış minimumundan çox olmayan fiziki şəxslərin (2011-2015-ci illər) gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.

İnflyasiyanın məqbul səviyyədə saxlanılması məqsədilə müvafiq tənzimləmə metodlarından fəal istifadə olunması, strateji valyuta ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi, tariflərin (qiymətlərin) dövlət tərəfindən tənzimlənməsi, tariflərinə (qiymətlərinə) dövləttənzimlənməsi tətbiq olunan sahələrin liberallaşması, gələcəkdə pulsuz göstərilməsi mümkün olan xidmət sahələrinin müəyyən olunması, dövlət dotasiyalarının mərhələlərlə aradan qaldırılması məqsədilə tariflərin (qiymətlərin) iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılması üzrə də tədbirlər görüləcək.

Azərbaycanın bank sektorunun inkişaf etdirilməsi üçün 2011-2015-ci illərdə bank sisteminin kapitallaşmasının davam etdirilməsi, bank nəzarətinin təkmilləşdirilməsi, bank şəbəkəsinin regionlar üzrə genişləndirilməsinin təşviq olunması, tikinti-əmanət banklarının yaradılması işinin dəstəklənməsi, bank olmayan kredit təşkilatlarının fəaliyyətlərinin genişləndirilməsinin dəstəklənməsi, ipoteka kreditləşdirilməsi mexanizminin təkmilləşdirilməsi, poçt əmanət sisteminin, elektron ödəniş sisteminin inkişaf etdirilməsi inkişaf etdirilməsi planlaşdırılır.

Qiymətli kağızlar bazarının inkişaf etdirilməsi üçün vahid qanunun (2011-2012-ci illər), sekyuritizasiya haqqında qanunvericilik bazasının (2011-2013-cü illər) hazırlanması, yerli şirkətlərin Bakı Fond Birjasının listinqinə çıxarılması üçün münbit şəraitin yaradılması və təşviq edilməsi, institusional investorların formalaşdırılmasının təşviq edilməsi, yeni maliyyə alətlərinin buraxılışının stimullaşdırılması və xarici fond birjalarında ticarət olunan qiymətli kağızlara çıxışın genişləndirilməsi planlaşdırılır.

2011-2013-cü illərdə sığorta sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması, 2011-2015-ci illərdə sığorta işinin təşviqi üzrə tədbirlərin gücləndirilməsi planlaşdırılır.

2016-cı ilədək hökumət əmək bazarının monitorinqi prosesinin gücləndirilmək, əmək bazarının mövcud vəziyyətinin, məşğulluq və işsizlik səviyyəsinin müəyyənləşdirilməsi üzrə müvafiq tədqiqatların aparmaq, əmək miqrasiyası sahəsində idarəetmə sisteminin təkmilləşdirmək, ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər sistemini, sığorta-pensiya sistemini təkmilləşdirmək niyyətindədir.

2012-2013-cü illərdə dövlət qurumları qeyri-dövlət pensiya fondlarının yaradılması üçün qanunvericilik bazasının formalaşdırılması üzrə təkliflər hazırlamalıdırlar.

Üçüncü istiqamətə təhsilin sisteminin və keyfiyyətinin yaxşılaşdırılması, səhiyyənin inkişafı və onun maddi-texniki bazasının gücləndirilməsi, səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi və maliyyələşmə sahəsində islahatların aparılması, ekoloji mühitin, su təchizatı sisteminin yaxşılaşdırılması, müxtəlif milli parkların yaradılması; gender və gənclər siyasətinin aparılması daxildir.

Dördüncü istiqamət çərçivəsində 2011-2013-cü illərdə "Elektron hökumət"in tətbiqinə, elektron xidmətlərin təqdim edilməsinə əlverişli zəmin yaradacaq mərkəzləşdirilmiş elektron informasiya sisteminin yaradılması, dövlət qulluğu sahəsində islahatların sürətləndirilməsi (2011-2015-ci illər), korrupsiyaya qarşı mübarizə tədbirlərinin genişləndirilməsi (2011-2015-ci illər), bələdiyyələrin davamlı inkişafının təmin edilməsi planlaşdırılır.

Beşinci istiqamət məşğulluq və işsizlik sahəsində monitorinqin təkmilləşdirilməsini, QHT sektorunun davamlı inkişafının təmini, təhsil almaq imkanlarının, təmiz sudan istifadə imkanlarının, məcburi köçkünlərin yaşayış səviyyəsinin monitorinqi nəzərdə tutulur.

Ümumiyyətlə, son illərdə ölkədə həyata keçirilən sosial siyasət, humanitar layihələr əhalinin rifah halının yaxşılaşmasına və yoxsulluğun maksimum dərəcədə azalmasına gətirib çıxarıb. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın iqtisadi inkişafı əhalinin sosial durumunun yaxşılaşmasına gətirib çıxarır.

Beynəlxalq ekspertlər də təsdiqləyir ki, Azərbaycanda hazırkı iqtisadi inkişaf tempi saxlanılarsa, yaxın zamanlarda ölkədə yoxsul olmayacaq. Bütün bunlar isə Prezident İlham Əliyevin ölkədə uğurla həyata keçirdiyi iqtisadi siyasətin nəticəsidir.


Elçin Bayramlı

Digər xəbərlər