PDF Oxu

Siyasət

  • 51

Azərbaycanda sosial siyasət uğurla həyata keçirilir

Azərbaycanda sosial siyasət uğurla həyata keçirilir

Ölkəmizin strateji valyuta ehtiyatları artır. İlin əvvəlindən ehtiyatlarımız 9 milyard dollar artmışdır. Bu da çox gözəl göstəricidir. Biz həm əldə edilmiş gəlirləri ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan sahələrə məqsədyönlü şəkildə xərcləyirik, eyni zamanda, ehtiyatları daha da artırırıq. Bütövlükdə, hazırda ölkəmizin strateji valyuta ehtiyatları 38 milyard dollar səviyyəsindədir. Bu, çox böyük rəqəmdir və əminəm ki, bu rəqəm ilin sonuna qədər artacaqdır. Bu, bizə imkan verir ki, ölkə iqtisadiyyatının inkişafını təmin edək, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resursları cəlb edək- Azərbaycan Prezidenti İlham Əliyev hökumətin sonuncu müşavirəsində bildirib.


Dövlət başçısı deyib ki, bu ilin birinci yarısında həmişəki kimi, sosial məsələlərin həlli də diqqət mərkəzində olmuşdur və bu istiqamətdə çox vacib addımlar atılmışdır: "Bəzi kateqoriya üzrə- büdcədən maliyyələşən təşkilatlarda çalışan insanların əməkhaqları qaldırılmışdır. Ən böyük nailiyyət pensiyaların artımı ilə bağlıdır. İyulun 1-dən 2006-cı ilə qədər pensiyaya çıxmış pensiyaçıların orta pensiyası təxminən 40 faiz artmışdır. İndi dəqiqləşmə gedir, hesablamalar aparılır və bu, çox böyük artımdır. Deyə bilərəm ki, bəlkə də dünya miqyasında bu illər ərzində buna bənzər hadisə olmamışdır.

Çünki bəzi ölkələrdə- harada ki, maliyyə və iqtisadi böhran özünü büruzə verir, nəinki pensiyalar artırılır, əksinə, azaldılır, maaşlar, sosial proqramlar kəsilir, büdcədən maliyyələşən təşkilatlarda işləyən insanların maaşları və sosial təminatı aşağı düşür.

Qeyd edək ki, Azərbaycanda isə 900 minə qədər pensiyaçının pensiyası 40 faiz artıb. Pensiyaçıların sosial təminatının yaxşılaşdırılması nəticəsində 1 milyona qədər Azərbaycan vətəndaşı maddi vəziyyətini böyük dərəcədə yaxşılaşdıracaq. Bu, bir daha onu göstərir ki, Azərbaycan iqtidarının siyasəti sosialyönümlüdür.

Hazırda ölkəmizdə ünvanlı sosial yardım proqramı aparılır. Bu proqram 125 min ailəni əhatə edir. Hər ay orta hesabla hər bir ailəyə 104 manat kömək göstərilir. Bu da yoxsul təbəqəyə Azərbaycan dövləti tərəfindən göstərilən qayğıdır. Son 7 il ərzində yoxsulluq şəraitində yaşayanların sayı 5 dəfə aşağı düşüb. Şübhə yoxdur ki, bu ilin yekunlarına görə bu rəqəm yenə də aşağı düşəcək. Azərbaycanda bir neçə proqram icra edilir. Hər bir proqram konkret məna daşıyır. Heç bir proqram, sadəcə olaraq, hansısa bir niyyət, şüar xarakteri daşımır. Hər bir proqramın təməlində icra mexanizmləri, maliyyə resursları və düşünülmüş iş cədvəli vardır.

Həm iqtisadi siyasət, siyasi sabitlik, sahibkarlığın, kənd təsərrüfatının inkişafı, kreditlərin, subsidiyaların verilməsi, texnikanın alınması və fermerlərə icarəyə verilməsi, gübrə və yanacağın güzəştli şərtlərlə fermerlərə verilməsi- bütün bu kompleks tədbirlər, üstəgəl ölkəmizdə aparılan böyük infrastruktur layihələrin icrası, elektrik xətlərinin, yolların, o cümlədən, kənd yollarının çəkilişi, qazlaşdırmanın aparılması bu vəziyyətə gətirib çıxarıb.

Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sektoru artıb. Artım 7,2 faiz təşkil edib. Bu, əslində, son illər ərzində aparılan məqsədyönlü islahatların nəticəsidir. Əsas məqsəd qeyri-neft sektorunun inkişafının, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin edilməsidir.

Dövlət başçısı qeyri-neft sektorundakı inkişaf tempinin artmasını müsbət qiymətləndirərək deyib: "7,2 faiz səviyyəsində artan qeyri-neft sektorunun göstəriciləri bizi çox sevindirir. Bu, onu göstərir ki, ölkə dinamik inkişaf edir. Azərbaycan iqtisadiyyatının enerji amilindən asılılığı azalır. Eyni zamanda, bizə ümid verir ki, növbəti aylarda və illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əlavə imkanlar da yaradılacaqdır.

Kənd təsərrüfatında artım yaxşıdır- 6,2 faiz. Bu da yaxşı göstəricidir. Əhalinin pul gəlirləri 17 faiz artıb. İnflyasiya isə cəmi 8,8 faiz artıb. Bu da onu göstərir ki, yenə də insanların rifah halının yaxşılaşdırılması üçün yaxşı şərait yaradılıb". Ölkə Prezidentinin sözlərinə görə, ölkəmizin ümumi inkişafı bu altı ayda çox uğurlu, dinamik olub: "Bütün iqtisadi infrastruktur və sosial məsələlər öz həllini tapmışdır. İlin birinci yarısında büdcəyə düzəlişlər edilmişdir. Bunun nəticəsində, ilk dəfə olaraq, Azərbaycan büdcəsi- büdcə xərclərimiz 20 milyard dollara çatmışdır ki, bu da rekord göstəricidir. Əlbəttə, bu, bizə imkan verir ki, ilin axırına qədər vacib olan infrastruktur və sosial məsələlərin həlli üçün əlavə maddi imkanları ortaya qoyaq".

Xatırladaq ki, bu ilin birinci yarısında 2 vacib proqram qəbul edilib. Onlardan biri "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Proqramıdır. Ölkə rəhbəri bu proqramla bağlı deyib: "Gənclərlə görüşlərim zamanı onlar tərəfindən qaldırılan məsələlərin, demək olar ki, hamısı o proqrama daxil edilib. Yerlərdən gələn təkliflər də təhlil edilib. Əminəm ki, proqramda nəzərdə tutulmuş bütün məsələlər 2015-ci ilə qədər həllini tapacaq və beləliklə gənclərin həm məşğulluğu, həm təhsillə bağlı olan problemlər, asudə vaxtlarının təşkili, gənclər üçün xüsusi fondun formalaşması və o fondun xətti ilə müxtəlif proqramların keçirilməsi təmin olunacaq. Proqram mətbuatda dərc edilib, bu barədə çox danışmağa dəyməz. Demək istəyirəm ki, bu proqramın çox böyük təsiri olacaqdır və biz tezliklə proqramın icrasına başlayacağıq".

İkinci vacib proqram Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı proqramıdır. Bu proqram daha da qısamüddətlidir- 2011-2013-cü illəri əhatə edir. Nəzərə alsaq ki, 2011-ci ilin yarısı artıq arxada qalıb, iki il ərzində Bakıda və bütün ətraf qəsəbələrdə çox böyük quruculuq-abadlıq işləri aparılacaq.

İndi qəsəbələrdə yeni su xətləri çəkilir. Kanalizasiya xətlərinin çəkilişi üçün tədbirlər görülür, yollar salınır. O qəsəbələrin əksəriyyətində əksər yollar torpaq yolları idi, yararsız vəziyyətdə idi. Yağış, qar yağan kimi o yollardan keçmək mümkün deyildi. İndi hər bir qəsəbədə gözəl yollar çəkilir, yeni məktəblər, tibb məntəqələri, poliklinikalar, xəstəxanalar tikilir, mövcud olanlar təmir edilir.

Yəni, qəsəbələrin bütün infrastrukturu 2013-cü ilə qədər yenilənməlidir. Dövlət başçısı bu proqramla bağlı bildirib: "Bu, çox böyük hədəfdir, böyük proqramdır və 2 il yarım ərzində bunu icra etmək çox çətindir. Mən bunu başa düşürəm, amma eyni zamanda, hədəf qoyulub ki, bu işləri biz qısa müddət ərzində görək. Çünki hesab edirəm ki, əgər biz bütün imkanları səfərbər etsək, buna nail olmaq mümkün olacaq. Eyni zamanda, qəsəbələrdə yaşayan insanların məşğulluğu üçün konkret tədbirlər nəzərdə tutulub. O cümlədən, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Bakıətrafı qəsəbələrə də kreditlərin verilməsi prosesi başlanmışdır. Növbəti illərdə, yəqin ki, biz bunu daha da böyük məbləğdə edəcəyik ki, orada kiçik emal müəssisələri, kiçik zavodlar, fabriklər yaradılsın və kənd təsərrüfatının inkişafı üçün lazımi layihələr icra edilsin". Ümumiyyətlə, regionların inkişaf proqramının icrası nəticəsində təkcə bu ilin 6 ayında 38 min yeni iş yeri açılıb və bu proses davam edir. Son illər ərzində 1 milyona qədər yeni iş yeri açılıb. Ölkə əhalisinin gəlirlərinin artmasın həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxarıb.

Elçin Bayramlı

Digər xəbərlər