Dövlətin təməli inkişaf və uğurlardır
Ölkəmiz Azərbaycanın bu gün beynəlxalq aləmdə iqtisadi inkişaf tempinə görə ən öndə gedən dövlətlər sırasında olması heç kimdə şübhə doğurmur. Respublikada gerçəkləşdirilən irimiqyaslı layihələr və davamlı islahatlar dövlətin möhkəm təməl sütunlarını gücləndirərək xalqın rifahının daha da yaxşılaşdırılması istiqamətində əsaslı baza formalaşdırmış, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyi daha da möhkəmlənmişdir.
İcra olunan işlərin məntiqi nəticəsi olaraq, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da islahatçı ölkə kimi qəbul edilmişdir. Bu isə, onu sübut edir ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən siyasi kurs Azərbaycanı tərəqqiyə, inkişafa və daha böyük uğurlara aparan ən doğru yol, ən doğru seçimdir. Təsadüfi deyil ki, ölkə rəhbəri İlham Əliyev tərəfindən respublikada gerçəkləşdirilən sosial-iqtisadi islahatların sürətlənməsi bu ilin ötən aylarında da inkişaf dinamikasının möhkəmlənməsinə səbəb olmuş, iqtisadiyyatın daha da güclənməsi üçün əlverişli imkanlar yaratmışdır. Bütün bu məsələlər barəsində Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ətraflı məlumat verilmiş, ilin qalan dövrü üçün qarşıda duran prioritet vəzifələr müəyyənləşdirilmişdir.
Yerlərdə sosial-iqtisadi vəziyyətlə tanışlıq və uğurlu rəqəmlər
İlin əvvəllərindən başlayaraq Prezident İlham Əliyevin bölgələrə müntəzəm səfərlərinin və rayonlarda əhali ilə keçirilən görüşlərinin intensiv xarakter alması, eləcə də, yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli tanış olması, regionların inkişafı, yoxsulluğun azaldılması ilə bağlı müəyyən edilmiş strateji proqramlar üzrə konkret tapşırıqlar və göstərişlər verməsi proqramın icrasının və əhatəliliyinin daha da sürətlənməsinə səbəb olub. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilərək, həyata keçirilən strategiya nəticəsində 2011-ci ilin birinci yarısında ölkəmizdə islahatların davamlılığı təmin edilmişdir. Düşünülmüş iqtisadi siyasət, liberallaşmanın struktur və keyfiyyət baxımından dərinləşməsi, dayanıqlı maliyyə ehtiyatlarının yaradılması, investisiya siyasətinin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, sosial infrastrukturun yenidən qurulması Azərbaycan iqtisadiyyatının inkişafını şərtləndirmişdir. Dövlət başçısının vurğuladığı kimi, bütün bu uğurlarımızın təməlində uzun illər aparılan düşünülmüş iqtisadi siyasət, iqtisadi islahatlar dayanır.
Bu ilin ilk yarısında infrastruktur sahəsində də mühüm irəliləyişlərə nail olunmuşdur. Sosial infrastruktur layihələri paytaxtı və iri şəhərləri əhatə etməklə yanaşı, respublikamızın bütün bölgələrində həyata keçirilməkdədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirmişdir ki, son illər ölkəmizin maliyyə imkanlarının yaxşılaşması infrastruktur layihələrin geniş vüsət almasına öz mühüm təsirini göstərir: "Hazırda ölkəmizdə bir neçə vacib, böyük infrastruktur layihələr həyata keçirilir. O layihələrin icrası ilə bağlı mütəmadi qaydada mənə məruzələr edilir... İlin birinci yarısında büdcəyə düzəlişlər edilmişdir. Bunun nəticəsində ilk dəfə olaraq, Azərbaycan büdcəsi - büdcə xərclərimiz 20 milyard dollara çatmışdır ki, bu da rekord göstəricidir. Əlbəttə, bu, bizə imkan verir ki, ilin axırına qədər vacib olan infrastruktur və sosial məsələlərin həlli üçün əlavə maddi imkanları ortaya qoyaq".
İlin əvvəlindən inşaat kompleksində 4,5 milyard manat məbləğində vəsaitdən istifadə edilmişdir. İstifadə edilmiş vəsaitin 57,2 faizi və ya 2,6 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2010-cu ilin birinci yarısına nisbətən inşaat işlərinə sərf olunmuş vəsait qoyuluşunun həcmi 17,8 faiz, bilavasitə, tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 2,2 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 72,8 faizini və ya 3,3 milyard manatını daxili investisiyalar təşkil etmiş və 9 faiz artmışdır.
Kompleksdə aparılmış inşaat işləri nəticəsində bir sıra infrastruktur layihələri reallaşdırılmışdır. Belə ki, Bakı şəhərində "Dərnəgül" metrostansiyası, Qazax-Gürcüstan dövlət sərhədi, Kürdəmir-Ucar, Tovuz-Böyük Qışlaq-Qaralar, Astara-Bala Şahağac, Ağcabədi-Qaradolaq-Kəbirli və İmişli-Qaravəlli-Mirili avtomobil yollarının yenidən qurulması başa çatdırılmışdır. Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 5959,9 milyon manat vəsaitin 1311,7 milyon manatından istifadə edilmişdir. Respublikamızın maliyyə ehtiyatlarının həcminin artaraq 38 milyard dollara çatması, eləcə də, büdcə vəsaitlərinin 20 milyard dollar təşkil etməsi sosial infrastruktur sahələrində daha yeni layihələrə başlamağa əlverişli zəmin yaradır. Məlum olduğu kimi, hökumət büdcənin böyük bir hissəsini sosial proqramlarla yanaşı, investisiya və infrastruktur proqramlarına yönəldir. Ötən dövr ərzində sosial obyektlərin tikintisi, məktəb və xəstəxanaların inşası, təmiri, yeni müasir tibb müəssisələrinin yaradılması və ən son texnika ilə təminatı, qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin salınması, körpü, yol tikintisi, elektrik stansiyalarının yenidən qurulması və digər layihələr infrastruktur proqramlarının çox əhatəli olduğunu təsdiqləyir.
Nəhəng infrastruktur şəbəkəsi
İnfrastruktur layihələri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür. Prezident İlham Əliyev qeyd etmişdir ki, bu cür layihələr həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, həm insanların daha rahat infrastrukturla təmin olunmasına səbəb olur, həm də Azərbaycanın regionda gücünü artırır.
Vətəndaşları qayğılandıran problemlərin sürətli həlli
Dövlətimizin başçısı respublikanın bütün bölgələrində sosial və infrastruktur layihələrinin, inkişaf proqramlarının davamlı olaraq həyata keçiriləcəyini və mövcud olan problemlərin tamamilə öz həllini tapacağını qeyd etmişdir. Ölkə üzrə əhəmiyyətli layihələr bütün bölgələrə öz müsbət təsirini göstərəcəkdir. İçməli su təminatı, kanalizasiya xətlərinin yenilənməsi, yol çəkilişi, məktəb və xəstəxanaların bərpası, digər obyektlərin inşası başa çatdırılacaqdır: "Bu ilin sonuna qədər kənd yollarının tikintisinə böyük vəsait ayrılacaqdır. Dövlət büdcəsində bu vəsait nəzərdə tutulub və elə etməliyik ki, kənd yollarının tikintisi ilə daha da ciddi məşğul olaq. Əvvəlki dövrdə Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitin hesabına bəzi rayonlarda kənd yolları tikilmişdir. Onların əksəriyyəti torpaq yolları idi, çox yararsız vəziyyətdə idi. İndi isə ilin sonuna qədər böyük kənd yolları layihəsi icra ediləcəkdir. Əlbəttə ki, gələn il də bu layihə icra ediləcək və biz çalışmalıyıq ki, bütün kəndlərdə yollar yaxşı səviyyədə olsun. Yəni, məqsəd bundan ibarətdir. Bu ilin sonuna qədər bir neçə rayonda bu layihələr icra olunacaqdır".
Xatırladaq ki, həyata keçirilən infrastruktur layihələri, eyni zamanda, vətəndaşları uzun illərdən bəri narahat edən, qayğılandıran bir sıra problemlərin kompleks həllini nəzərdə tutur. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, paytaxtın və rayonların elektrik enerjisi, işıq və qazla təchizatının yaxşılaşdırılması həm də yeni istehsal müəssisələrinin yaradılması, normal fəaliyyət göstərməsi baxımından vacibdir.
RÖVŞƏN RƏSULOV