PDF Oxu

Siyasət

  • 35

Yol iqtisadiyyatdır, mədəniyyətdir, həyatdır

Yol iqtisadiyyatdır, mədəniyyətdir, həyatdır

Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Bu sahədə görülən işlərin beynəlxalq standartlara uyğun yüksək keyfiyyətlə icra olunduğunu xatırladaraq qeyd edək ki, təqribən 10 il əvvəl ölkədə böyük miqyaslı yol çəkilişlərini ancaq xarici şirkətlər yerinə yetirirdi. Azərbaycanın maliyyə imkanları o səviyyədə deyildi ki, yerli şirkətlər, yaxud Nəqliyyat Nazirliyinin müvafiq bölmələri bu işləri öz hesabına görsünlər. Xatırlatmaq mümkündür ki, vaxtilə Ələt-Qazıməmməd, eləcə də, Ələt-Salyan yolunun bir hissəsi qardaş Türkiyənin şirkətləri ilə bağlanmış müqavilə əsasında əsaslı şəkildə yenidən qurulmuşdu.


Beynəlxalq standartlara cavab verən Azərbaycan yolları


Artıq bir neçə ildir ki, ölkəmizin enerji ehtiyatlarının dünya bazarlarına nəqlindən əldə olunmuş gəlirlər iri maliyyə tutumlu yol nəqliyyat layihələrini icra etməyə imkan verir. Məhz bu amilin nəticəsidir ki, son illərdə Bakı ilə yanaşı, paytaxtı regionlarla birləşdirən magistral avtomobil yollarının əksəriyyəti ən yüksək beynəlxalq standartlar səviyyəsində yenidən qurulmuşdur. Bakı-Şamaxı, Bakı-Sumqayıt-Rusiya sərhədi, Bakı-Kürdəmir-Ucar-Yevlax-Gəncə-Qazax-Gürcüstan sərhədi yolları və digər magistrallar məhz belə qiymətləndirilir.

Son illər inşa olunmuş bu yolların üstün cəhətlərindən biri asfalt salınmasından əvvəl yolların betonla bərkidilməsidir. Bununla bağlı ölkə Prezidenti İlham Əliyevin dediyi fikirləri xatırlatmaq yerinə düşər: "Beton yollar Avropanın ən inkişaf etmiş şəhərlərində tikilir. Ancaq biz nəinki aeroportdan şəhərə gələn yolu beton örtüyü ilə tikmişik, eyni zamanda, Bakı-Sumqayıt və Bakı-Rusiya sərhədinə qədər yolu belə tikirik. Bu yollar insanlara rahatlıq gətirəcək. Əsas məqsəd budur".


Regionlarda da işlər sürətlə davam etdirilir


Prezident İlham Əliyev paytaxtda və ölkənin digər şəhərlərində nəqliyyatın tənzimlənməsi üçün görülmüş işləri yüksək qiymətləndirərək, qeyd edir ki, Nəqliyyat Nazirliyi ölkə başçısı tərəfindən verilən tapşırıqlara əsasən bütün bu işləri yüksək peşəkarlıqla, zövqlə icra edir. "Körpülərimiz, yol ötürücülərimiz nəqliyyat infrastrukturu olmaqla yanaşı, eyni zamanda, memarlıq nümunələridir. Bunlar görünüşü, dizaynı, gözəlliyi və müasirliyi ilə paytaxtımıza yaraşıq verir".

Görülən bütün bu işlər məhz cənab Prezidentin təşəbbüsü ilə, rəhbərliyi, diqqət və qayğısı ilə həyata keçirilir, gerçəkləşdirilir. Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatına çox böyük töhfələr verməklə yanaşı, yol infrastrukturuna da yeni həyat, yeni nəfəs, yeni mədəniyyət gətirib.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər