PDF Oxu

Siyasət

  • 37

Azərbaycan doğru yoldadır

Azərbaycan doğru yoldadır

Sirr deyil ki, inkişaf etmiş ölkələri fərqləndirən cəhətlərdən biri də ümumi daxili məhsulun formalaşmasında kiçik və orta sahibkarlığın xüsusi yer tutmasıdır. Azərbaycan da bu yolla gedir. Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün ciddi işlər aparılır. Dövlət tərəfindən ayrılmış kreditlər, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə görülən işlər də sahibkarlığın inkişafına çox böyük dəstəkdir.


"Ölkədə sahibkarlığı daha sürətlə inkişaf etdirməliyik"


Azərbaycanda makroiqtisadi sabitlik qorunur və inflyasiya tempi sabit saxlanılır. Dövlət başçısı hökumətin sonuncu müşavirəsində bildirib: "Biz xüsusilə istehlak bazarına nəzarətimizi gücləndirməliyik. Bu sahədə böyük işlər görülüb və davam etdirilməlidir.

Qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməliyik, azad rəqabəti təmin etməliyik, inhisarçılıq meyillərinin qarşısını almalıyıq ki, ölkədə sahibkarlığı daha da sürətlə inkişaf etdirək, buna daha böyük təkan verək".

İqtisadiyyatımızın çoxşaxəli iqtisadiyyat kimi formalaşmasında qeyri-neft sektorunun inkişafı həlledici rol oynayır. Əgər dövlət tərəfindən bu siyasətə başlanılmasaydı, indi ölkə iqtisadiyyatının inkişafı birtərəfli ola bilərdi.

Prezidentin tapşırığı ilə həm mərkəzi qurumlar, həm də bölgələrdə yerləşən qurumlar sahibkarlığın inkişafına kömək göstərir, onlara heç bir maneçilik törətmir. Vergi sahəsində aparılan islahatlar da uğurludur. Azərbaycanda artıq "Bir pəncərə" prinsipi tətbiq olunur. Ölkə Prezidenti qeyd edib ki, Azərbaycanda bu sahədəki durum inkişaf etmiş ölkələrdəkindən fərqlənməməlidir. Şübhə yoxdur ki, bu sahədə daha köklü və əsaslı tədbirlər görüləcək.

"Harada qüsur varsa, aradan qaldırmalıyıq"

Dünya İqtisadi Forumunun hesablamalarına görə, rəqabət qabiliyyətliliyi baxımından Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerdədir. İnsan inkişafı indeksi ilə bağlı verilən məlumatlar da onu göstərir ki, bizim iqtisadiyyatımız və ölkədə gedən iqtisadi-sosial islahatlar uğurludur.

Beynəlxalq aparıcı reytinq agentlikləri böhran illərində Azərbaycanın reytinqlərini artırıblar. Bu, onu göstərir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir. Dövlət başçısı hökuməti buna arxayın olmamağa çalışır: "Ancaq bu, o demək deyil ki, ölkədə hər şey yaxşıdır. Əlbəttə ki, yox. Biz çalışmalıyıq, harada qüsurlar, çatışmayan cəhətlər varsa, onları aradan qaldırmalıyıq. Harada ki, bizdə görülən işlər hələ beynəlxalq standartlara cavab vermir, onları beynəlxalq standartlara, Avropa standartlarına yaxınlaşdırmalıyıq. Mən hesab edirəm ki, əgər biz buna nail olsaq, büdcə gəlirlərimiz artacaq və ümumiyyətlə, ölkədə uçot-hesabat məsələləri daha da dəqiq həll olunacaqdır. Bir daha demək istəyirəm ki, bunu etmək üçün, bu sahədə işlərin daha da səmərəli şəkildə aparılması üçün bütün imkanlar var".

Qeyd edək ki, keçən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 115 milyon manat məbləğində kreditlər verilib. Bu kreditlərin demək olar ki, 99 faizdən çoxu bölgələrə aid olan vəsaitdir.


"Çalışmalıyıq ki, idxaldan asılılığımızı minimuma endirək"

Dövlət başçısının fikrincə, kənd təsərrüfatının inkişafını stimullaşdırmaq üçün əlavə tədbirlər görülməli, subsidiyaların verilməsi davam etdirilməlidir. Əvvəlki illərdə görülmüş işlər öz bəhrəsini verir, soyuducu anbarların, taxıl anbarlarının tikintisi kənd təsərrüfatının inkişafına öz müsbət təsirini göstərir. Növbəti illərdə bu müsbət meyillər daha da gücləndirilməlidir.

Prezidenti İlham Əliyev hökumət üzvləri qarşısında mühüm vəzifələr müəyyənləşdirib. "Çalışmalıyıq ki, Azərbaycanda maksimum dərəcədə ərzaq məhsullarının istehsalını təşkil edək, idxaldan asılılığımızı minimuma endirək. Bir sıra məhsullar üzrə buna nail ola bilmişik, ancaq harada ki, hələ idxaldan çox asılıyıq, o sahələri gücləndirməliyik. Bu barədə müvafiq göstərişlər verilmişdir.

Bunu investisiya proqramı çərçivəsində müəyyən qədər həll etmək olar, eyni zamanda, kreditlərin verilməsi məhz bu sahələrə yönəldilməlidir. Hesab edirəm ki, 2011-2012-ci illərdə biz bu məsələni həll etməliyik".


"İri fermer təsərrüfatlarının yaradılması təmin olunmalıdır"

Prezidentin fikrincə, aqrolizinq, aqroservislərin fəaliyyəti kənd təsərrüfatının inkişafına böyük dəstəkdir, bu sahədə də dövlətin müdaxiləsi və siyasəti həlledicidir. Taxıl istehsalının artırılması üçün əlavə tədbirlər görülür.

Böyük fermer təsərrüfatlarının yaradılması üçün müəyyən addımlar atılır. Azərbaycanda torpaq islahatı aparılıb, ölkəmiz bu sahədə MDB məkanında qabaqcıl yerlərdədir.

Ancaq bununla bərabər, hələ istifadədə olmayan torpaqların istifadəyə cəlb edilməsi üçün əlavə tədbirlər görülür. Böyük fermer təsərrüfatlarının yaradılması üçün dövlət tərəfindən bütün infrastruktur, təchizat məsələləri həll olunur.

Azərbaycanda istehsal olunan məhsulların bir çoxu artıq dünya standartlarına cavab verir, çox keyfiyyətli, təmiz, təbii kənd təsərrüfatı məhsullarıdır. Milli sərgilərin keçirilməsi bu məqsədə nail olmaq üçün kömək göstərilir.

Beləliklə, məlum olur ki, ölkənin gəlirləri təkcə cari məqsədlər üçün xərclənmir, həm də iqtisadiyyatın davamlı inkişafı üçün investisiya layihələrinə xərclənir. Bu da Azərbaycan iqtisadiyyatının davamlı və tarazlı inkişafını təmin edəcək və gələcək nəsillərə daha güclü iqtisadiyyatı miras buraxmağa imkan verəcək.

Elçin BAYRAMLI

Digər xəbərlər