PDF Oxu

Siyasət

  • 27

Azərbaycanda son illər ərzində geniş quruculuq işləri aparılır

Azərbaycanda son illər ərzində geniş quruculuq işləri aparılır

Azərbaycan Prezidenti İlham Əliyev Siyəzəndə Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib


Avqustun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Siyəzən rayonuna gəlib. Dövlətimizin başçısı əvvəlcə Siyəzən şəhərinin mərkəzində salınmış Heydər Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Prezident İlham Əliyevə Heydər Parkında görülmüş işlər barədə məlumat verildi. Bildirildi ki, Heydər Əliyev prospektində yerləşən bu park 2010-cu ildə istifadəyə verilmişdir. Bir hektardan çox ərazisi olan Heydər Parkında yaşıllıq zolağı genişləndirilmiş, yaraşıqlı fəvvarə kompleksi, sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Bildirildi ki, parkda inşa olunan Heydər Əliyev Mərkəzi əraziyə xüsusi gözəllik verir.

Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, ölkəmizin hər yerində olduğu kimi, Siyəzən sakinləri də ulu öndər Heydər Əliyevin xatirəsini əziz tuturlar. Şəhərdə yeni tikilən Heydər Əliyev Mərkəzi ümummilli liderin xatirəsinə dərin ehtiramın nümunəsidir. Mərkəzdə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer almışdır. Burada dünya miqyasında tanınan siyasi xadim Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, bu dahi şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, nizami ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolara geniş yer verilmişdir.

Qeyd olundu ki, tikintisinə 2008-ci ildə başlanılan mərkəzin ikimərtəbəli binası ümummilli liderin adını daşıyan parkın ən gözəl guşəsində, özünəməxsusluğu ilə seçilən orijinal layihə əsasında inşa edilmişdir. Binanın ümumi sahəsi 600 kvadratmetrdir. Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir. Mərkəzdə ümummilli liderin həyat və fəaliyyətini, xarici ölkələrdə və respublikamızın regionlarında keçirdiyi görüşləri əks etdirən 12 fotoguşə yaradılmışdır. 300 kvadratmetr sahəsi olan birinci mərtəbədə ulu öndərin büstü qoyulmuşdur. Burada kompyuterlərlə təchiz olunan xarici dil dərnəyi, konfrans zalı və ən müasir avadanlıqlarla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərir. Mərkəzdə şagirdlər üçün Azərbaycan ədəbiyyatını və zəngin tariximizi dərindən öyrənmək üçün xüsusi dərnəklər mövcuddur. Mərkəzin guşələrində müxtəlif xarici dillərdə ümummilli lider Heydər Əliyevin fəaliyyətindən bəhs edən nəşrlərə də geniş yer verilmişdir. Mərkəzin ikinci mərtəbəsində rəsm, xalçaçılıq dərnəkləri fəaliyyət göstərəcəkdir. Burada virtual sinif otağı da yaradılmışdır. Mərkəzin qonaqları bu virtual sinif otağının imkanlarından istifadə etməklə Heydər Əliyevin həyat və fəaliyyəti ilə yaxından tanış ola biləcəklər. Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev Siyəzən şəhərinin yeni giriş hissəsi, Bayraq Meydanı və gənclər mərkəzinin eskiz layihəsini əks etdirən stendlərə baxdı. Dövlətimizin başçısı gələcəkdə həyətlərin abadlaşdırılmasını və mövcud ticarət obyektlərinin fasadlarının üzlənməsini əks etdirən stendlərlə də tanış oldu. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi.

Dövlətimizin başçısı mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev Siyəzən rayon ictimaiyyətinin nümayəndələri və tibb işçiləri ilə görüşdü.

Prezident İlham Əliyev mərasimə toplaşanları salamlayaraq bildirdi ki, Siyəzən rayonunda infrastruktur layihələri icra edilir, yollar salınır, magistral yol çəkilib, Bakıya gediş-gəliş çox rahatdır. Eyni zamanda, kənd yollarının çəkilişi ilə bağlı əlavə konkret tədbirlər görülməlidir və görüləcəkdir:


"Heydər Əliyev Mərkəzinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Gözəl mərkəzdir, gözəl meydandır. Mərkəzdə həm ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş etdirilir, eyni zamanda, dərnəklər fəaliyyət göstərəcəkdir. Bir sözlə, bu mərkəz rayon sakinlərinə xidmət edəcəkdir. Siyəzən rayonunun inkişafı ilə bağlı mənə indi kiçik təqdimat verilmişdir. Mən bu planları dəstəkləyirəm, bəyənirəm. Çox şadam ki, yeni rəhbərlik qısa müddət ərzində rayonun hərtərəfli inkişafı üçün artıq konkret təkliflər hazırlamışdır. Güman edirəm ki, qısa müddət - bir neçə il ərzində Siyəzən rayonunun və rayon mərkəzinin siması tamamilə dəyişdiriləcəkdir. Yəni, Siyəzən müasir, gözəl rayon mərkəzinə çevriləcəkdir. Əlbəttə ki, kəndlərdə də bütün quruculuq, abadlıq işləri aparılmalıdır.

Bildiyiniz kimi, Azərbaycanda son illər ərzində geniş quruculuq işləri aparılır. Bütün bölgələrdə canlanma, inkişaf vardır, konkret layihələr icra edilir. Mən istəyirəm ki, hər bir yerdə, hər bir rayonda işlər yüksək səviyyədə aparılsın. İlk növbədə insanları narahat edən problemlər tezliklə aradan qaldırılsın və bu istiqamətdə konkret addımlar atılmışdır. Bunu Siyəzən rayonunun timsalında da görə bilərik, infrastruktur layihələri icra edilir, yollar salınır, magistral yol çəkilmişdir, Bakıya gediş-gəliş çox rahatdır. Eyni zamanda, kənd yollarının çəkilişi ilə bağlı əlavə konkret tədbirlər görülməlidir və görüləcəkdir. Elektrik enerjisi təchizatı. Bu məsələ ilə bağlı heç bir problem yoxdur. Qazlaşdırma proqramı icra edilir. Bilirsiniz ki, Siyəzəndə bütün dövrlərdə qaz təchizatı başqa rayonlara nisbətən daha da yaxşı olmuşdur. Ancaq qarşıya vəzifə qoymuşuq ki, bütün kəndlərə qaz xətləri çəkilsin. İndi bu istiqamətdə işlər görülür. İçməli su, kanalizasiya layihələrinin icrası ilə bağlı işlər gedir və bu proqram da demək olar ki, bütün bölgələri əhatə edir. İllər boyu yığılıb qalmış problemlər Azərbaycanda birdəfəlik həll olunmalıdır." Rayon sakini Qələmşah Babayev Siyəzən rayonunun inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev Siyəzən Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib


Avqustun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Siyəzən Uşaq İncəsənət Məktəbinin yeni inşa olunmuş inzibati binasının açılışında iştirak edib. Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, son bir neçə ildə Siyəzəndə çoxlu sosial təyinatlı infrastruktur obyektləri tikilib istifadəyə verilmişdir. Həmin binalar şəhərin simasına yaraşıq verməklə yanaşı, əhalinin rahatlığına da xidmət edir. Siyəzən Uşaq İncəsənət Məktəbinin yeni binası da bu sırada xüsusi yer tutur. 1990-cı ildə siyəzənli uşaqların istifadəsinə verilən məktəb incəsənətin müxtəlif növləri üzrə beynəlxalq müsabiqələrin bir çox qalib və mükafatçılarını yetişdirmişdir. Əvvəllər başqa ünvanda yerləşən və baxımsız vəziyyətdə olan incəsənət ocağı indi yeni məkana köçmüşdür.

Məktəbin foyesindəki stendlərdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini əks etdirən fotolar nümayiş olunur. Burada, həmçinin ölkəmizin müxtəlif bölgələrində istifadəyə verilən yeni uşaq gənclər mərkəzlərinin açılışlarından fotoşəkillər də yer almışdır.

Dövlətimizin başçısına məlumat verildi ki, tikinti zamanı məktəbin həyəti abadlaşdırılmış, 4,8 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınmışdır. Ən müasir tələblər səviyyəsində tikilmiş məktəbin dəhlizlərində Azərbaycanın və xarici ölkələrin tanınmış musiqiçilərinin və bəstəkarlarının portretləri asılmışdır. Binada nəzəriyyə, xalq çalğı alətləri və fortepiano şöbələri fəaliyyət göstərir. Bundan başqa, 18 sinif otağı, festivalların, müsabiqələrin və konsertlərin keçirilməsi üçün zal və yeməkxana da vardır. Məktəbdə muğam, tar, kamança, fortepiano, qarmon, nağara, klarnet, xor, təsviri incəsənət və rəssamlıq bölmələri fəaliyyət göstərir.

Prezident İlham Əliyev məktəbin xor kollektivinin ifasını dinlədi. Bildirildi ki, 52 müəllimin işlədiyi məktəbdə Siyəzən şəhərindən və ətraf kəndlərindən 247 uşaq müxtəlif bölmələrdə təhsil alır. Son illərdə məktəbin yetirmələri Rusiya, Belarus, Çexiya və digər ölkələrdə keçirilən beynəlxalq musiqi festivalları və rəsm müsabiqələrinin laureatları olmuş və fəxri fərmanlara layiq görülmüşlər.

Dövlətimizin başçısı məktəbin müəllimlərinə və şagirdlərə uğurlar arzuladı. Sonda xatirə şəkli çəkdirildi.



Prezident İlham Əliyev Şabranda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib


Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın şimal bölgəsinə səfəri çərçivəsində avqustun 15-də Şabran rayonunda olub.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şabran şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq işləri barədə məlumat verildi. Bildirildi ki, abidənin yerləşdiyi meydanda geniş abadlıq işləri görülüb, yaşıllıq zolağı salınıb.

Şabranda Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzi açılıb


Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şabran şəhərində inşa olunmuş Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyevə məlumat verildi ki, Şabran rayonunun inkişafı daim ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində diqqət mərkəzində olmuşdur. Ümummilli liderin diqqət və qayğısını Şabran rayonunun ictimaiyyəti hər zaman ehtiramla yad edirlər. Ulu öndərin xatirəsinin rayonda əbədiləşdirilməsi üçün tədbirlər görülür.

Şabran şəhərində inşa olunan Heydər Əliyev Mərkəzi də ulu öndərin zəngin həyat yolunun səhifələrini vərəqləməyə, Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmağa imkan verir. Buradakı zəngin materiallardan da aydın görünür ki, Heydər Əliyev ən mürəkkəb ziddiyyətli tarixi proseslərin gedişindən müdrikliklə baş çıxaran, ən çətin vəziyyətlərdə belə, təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri uzaqgörənliklə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin maraqlarını praqmatik düşüncəsi və təcrübəsi ilə dəqiqliklə hesablaya bilən lider olmuşdur. Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıtmışdır. Müstəqil Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacarmışdır. Xalqımızın dahi oğlunun siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qalxmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, mühüm və sanbalı ilə seçilmişdir. Bildirildi ki, mərkəzdə foto-video studiyası, virtual sinif yaradılmışdır. Mərkəzin ikinci mərtəbəsində xalçaçılıq və rəssamlıq dərnəkləri fəaliyyət göstərir. Mərkəz bütün zəruri avadanlıqla, o cümlədən yüksək sürətli internetlə, kompyuterlərlə təchiz edilmişdir. Ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan bu mərkəz ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərinə verilən dəyərin təzahürüdür.

Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi, mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.

Azərbaycan Prezidenti Şabran Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olub


Avqustun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şabran Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı təmirdən sonra açılışında iştirak edib. Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Azərbaycanın siyasi və mədəni həyatında mühüm iz qoymuş, zəngin tarixə malik Şabran qədim yaşayış məskənlərimizdən biridir. Tədqiqatçılar yazılı tarixi mənbələrə və şəhərin müxtəlif hissələrində aparılan arxeoloji qazıntıların nəticələrinə əsaslanaraq burada hələ eramızın əvvəllərində yaşayış məskəni olduğunu müəyyən etmişlər. XVIII əsrdən etibarən Şabran tamamilə tənəzzülə uğramış və bu günümüzə qədim şəhərin xarabalıqları gəlib çıxmışdır. Bu gün bu ərazidə yeni şəhər, yeni Şabran inkişaf edir və böyüyür. Amma qədim şəhərin xarabalıqları arasında tariximizin bir çox qatları, əfsanə və rəvayətlərlə dolu hadisələr qalmışdır. Onları öyrənib üzə çıxarmaq, həm də mədəni irsimizin bir sıra maraqlı səhifələrinə işıq salmaq baxımından rayonda yaradılan tarix diyarşünaslıq muzeyi mühüm əhəmiyyət daşıyır. Bu muzeydə qədim Şabranın tarixini əks etdirən və turistlər üçün də maraq doğuran çoxlu eksponatlar vardır. Ümumilikdə, Şabran rayonunda 150-dək tarixi abidə qeydiyyatdadır ki, onlardan ən möhtəşəmi qədim Şabran və Çıraqqala abidələridir. Son illər bu abidələrin həm mədəni irs nümunəsi, həm də turizm potensiallı məkan kimi təbliği yönündə müəyyən işlər görülür. Muzeydə bu abidələr haqqında maraqlı məlumatlar təqdim edilir.

Məlumat verildi ki, muzeyin həyətində Şabranın qədim tarixini əks etdirən daş eksponatlar, o cümlədən rayonda aparılan arxeoloji qazıntılar nəticəsində tapılan müxtəlif növ əşyalar nümayiş etdirilir. Muzeydəki eksponatlar arasında Şabranın xəritəsi, rayon haqqında ümumi məlumatlar və dövlət atributları yer almışdır. Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı Sərəncama əsasən Dəvəçi rayonu ərazisindəki qədim Şabran şəhəri tarix və mədəniyyət abidəsi kimi qoruq elan edilmişdir. Ötən il isə bu qədim şəhərin və rayonun tarixi adı özünə qaytarılmışdır.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Dəvəçi rayonunun adı dəyişdirilərək Şabran adlandırılmışdır. Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" Proqramına əsasən, Şabran şəhəri 2011-ci ildə "Azərbaycanın əfsanələr paytaxtı" elan olunmuşdur.

Dövlətimizin başçısı muzeyin girişində quraşdırılan fotostendlərə baxdı. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin daxili və xarici siyasətini, o cümlədən ümummilli liderin və dövlətimizin başçısının Şabran rayonuna səfərlərini əks etdirən fotoguşələr də vardır. Bundan başqa, muzeydə rayonun tanınmış ziyalıları və 1941-1945-ci illər müharibəsinin şabranlı qəhrəmanları haqqında məlumatlar da yerləşdirilmişdir. Rayonun şəhidləri üçün isə ayrıca guşə yaradılmışdır.

Prezident İlham Əliyevə məlumat verildi ki, muzeydə Şabranın tarixini, mədəniyyətini əks etdirən 3 min 572 eksponat nümayiş olunur. Eksponatların bir çoxu şəhərdə aparılmış arxeoloji qazıntılar zamanı tapılmışdır. Muzeydə rayonda toxunan xalçalardan da nümunələr vardır. Hazırda rayonda "Pirəbədil", "Şahnəzərli", "Zeyrə", "Pirəbədil-Heyrəti", "Hacı Qayıb", "Yeni Çiçi" xalçaları toxunur.

Prezident İlham Əliyev Şabranın ilkin orta əsrlərdə maketinə baxdı. Qeyd edildi ki, Şamaxı şəhər kimi tam formalaşana qədər Şabran Şirvanşahların paytaxtı olmuşdur. Burada qədim Şabranın ticarət əlaqələrini əks etdirən sxem də maraq doğurur. Tarixçilər qeyd edirlər ki, qədim Şabranda yüksək səviyyədə istehsal sahələri olmuş və şəhərsalma prinsiplərinə əməl edilmişdir. O dövrdə məhz Şabran şəhərində məhək daşı istehsal edilmişdir. Məhək daşı ilə qədim dövrlər qızılın əyarı müəyyən olunurdu. Bir sözlə, arxeoloqların Şabran qoruğunda apardıqları qazıntılar zamanı aşkar edilən müxtəlif eksponatlar indi rayon Tarix-Diyarşünaslıq Muzeyinin qiymətli eksponatları sırasındadır. Qədim Şabranda tapılan əşyalar sırasında o vaxt əraziyə çəkilən su və kanalizasiya xətlərinin nümunələri, qədim su qabları da diqqəti cəlb edir.

Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev Şabran Tarix-Diyarşünaslıq Muzeyinin daha da zənginləşdirilməsi barədə tapşırıq və tövsiyələrini verdi.

Prezident İlham Əliyev Şabran Mədəniyyət Sarayı ilə tanış olub


Avqustun 15-də Azərbaycan Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan və təmir edilən Şabran Mədəniyyət Sarayı ilə tanış olub. Məlumat verildi ki, əvvəllər kinoteatr kimi fəaliyyət göstərən binanın əsaslı təmirinə 2007-ci ildən başlanılıb. Sahəsi 580 kvadratmetr olan sarayda aparılan yenidənqurma zamanı işlərin yüksək səviyyədə görülməsinə maksimum diqqət yetirilib.

Prezident İlham Əliyev sarayın foyesində yaradılan fotoguşələrlə tanış oldu. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyət və incəsənət sahəsinə göstərdikləri qayğını əks etdirən fotolardan ibarət guşə də yaradılıb. Bu fotolardan aydın görünür ki, ulu öndər Heydər Əliyev mədəniyyət və incəsənət xadimlərinə daim böyük diqqət və qayğı ilə yanaşıb, onların yaradıcı imkanlarının daha da artırılması üçün mühüm işlər görüb. Bu siyasəti Prezident İlham Əliyev də layiqincə davam etdirir. Bu gün mədəniyyət xadimləri ən yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunublar.

Dövlətimizin başçısı əvvəlcə Mədəniyyət Sarayının zalı ilə tanış oldu. Burada rayon əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait vardır. Sarayın ikinci mərtəbəsində inzibati otaqlar yaradılıb, rejissor pultu quraşdırılıb. Yenidən qurulan Şabran Mədəniyyət Sarayı mədəniyyət və incəsənətsevərlərə layiqli hədiyyə olmaqla yanaşı, həm də şəhərin görkəminə xüsusi gözəllik verir.

Bildirildi ki, 320 nəfərlik zalda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb, müasir akustika sistemi quraşdırılıb.

Prezident İlham Əliyev Şabranın "Xınayaxdı" folklor kollektivinin ifasında ədəbi-bədii kompozisiyaya tamaşa etdi.

Səhnədə xalqımızın qədim adət-ənənələrini əks etdirən nümunələr maraqla qarşılandı. Bu, xalqımızın kökümüzə və ənənələrimizə olan bağlılığını göstərir, həmçinin, bu amilləri gələcək nəsillərə ötürmək baxımından da böyük rol oynayır. Şabran Mədəniyyət Sarayının nəzdində "Xınayaxdı" folklor kollektivi ilə yanaşı, "Çıraqqala" zurnaçılar kollektivi və "Şabran" teatr studiyası da fəaliyyət göstərir. Bu kollektivlər rayonun mədəni həyatında fəal iştirak edirlər. Bundan başqa, onlar həm də respublika əhəmiyyətli tədbirlərdə və müxtəlif müsabiqələrdə Şabranı layiqincə təmsil etməyə çalışırlar. Sarayda yaradılan şərait bundan sonra həmin kollektivlərə daha yaxşı işləmək, yaradıcılıq imkanlarını genişləndirmək imkanı verəcəkdir.

Mədəniyyət Sarayı ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.


Mədəniyyət və istirahət parkı ilə tanışlıq


Dünən Prezident İlham Əliyev Şabran Mədəniyyət Sarayı ilə tanışlıqdan sonra yaxınlıqdakı Məmmədağa Nəzirov adına mədəniyyət və istirahət parkında oldu. Bildirildi ki, Məmmədağa Nəzirov İkinci Dünya müharibəsində faşizm üzərində qələbəyə tarixi töhfələrini verən qəhrəman Vətən övladlarından biridir. Böyük Vətən müharibəsində faşistlərə qarşı rəşadətlə döyüşən igid partizan Məmmədağa Nəzirovun xatirəsi bu gün də şabranlılar tərəfindən ehtiramla anılır. Qeyd olundu ki, parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Ümumi sahəsi 0,7 hektara yaxın olan istirahət guşəsində yaşıllıq zolaqları salınmış, fəvvarələr quraşdırılmışdır. Sonra dövlətimizin başçısı parkın yaxınlığında inşa edilən bulaq kompleksinə baxdı. Bildirildi ki, müasir üslubda inşa edilən bu kompleksdən şəhər əhalisi şollar suyu alır. Bu bulağın inşası həm də şəhər sakinlərinin sosial məsələlərinin həlli istiqamətində atılan addımlardan biridir.

Prezident İlham Əliyev "Şabran ilkin orta əsrlərdə" adlı fotostendlə də tanış oldu. Respublikamızın digər bölgələri kimi, Şabran da qədim tarixi abidələri ilə tanınır. Rayon ərazisində ilkin orta əsrlərə aid çox sayda tarixi abidələr qorunub saxlanılır. Bölgənin bu cür abidələrlə zəngin olması bu gün müasir səviyyədə inkişaf edən Şabranın qədim tarixindən xəbər verir. Heç şübhəsiz ki, bu fakt həm də rayona əlavə turist axınının artmasına səbəb olan başlıca meyarlardan biri kimi səciyyələndirilir.

Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tövsiyə və tapşırıqlarını verdi.


Prezident İlham Əliyev Şabran Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib


Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şabran rayonuna səfəri çərçivəsində Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, bu gün Şabran rayonunda təhsil, səhiyyə, infrastruktur və digər sahələrdə işlər yüksək səviyyədə aparılır. Rayon əhalisinin rifah halının yüksəldilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Uşaqların təlim-tərbiyəsi və onların sağlam böyüməsi də daim diqqət mərkəzindədir. Bu baxımdan Şabran Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi xüsusi əhəmiyyət daşıyır. Şəhərin Zərifə Əliyeva küçəsində yerləşən mərkəzin tikintisinə 2010-cu ilin sonunda başlanılmışdır. Yüksək səviyyədə aparılan inşaat işləri bu il avqustun əvvəlində başa çatdırılmışdır.

Bildirildi ki, ikimərtəbəli mərkəz Şabranda uşaqların təlim və tərbiyəsinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunmuşdur. Mərkəzdə uşaqlar üçün "Nağıl otağı" yaradılmışdır.

Mərkəzin kitab fondu ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, burada 5 mindən artıq latın qrafikalı ədəbiyyat toplanmışdır. Bunlardan da 500-ə yaxını uşaq ədəbiyyatıdır. Birinci mərtəbədə abonent otağı da yaradılmışdır. Həm azyaşlı, həm də orta məktəb şagirdlərinin sifarişi burada qəbul olunacaqdır. Vurğulandı ki, hazırda mərkəzin 2 minədək oxucusu vardır. Mərkəzin kitab sərgisində burada olan ədəbiyyatlardan nüsxələr yerləşdirilmişdir. Dövlətimizin başçısına bildirildi ki, ikinci mərtəbədə informasiya-biblioqrafiya otağı yerləşir. Burada mərkəzə daxil olan dövri nəşrlər, qəzet, jurnal, uşaqlar üçün tədris vasitələri, elektron vəsaitlər, öyrədici albomlar yerləşdirilmişdir. Yardımçı fond da bu mərtəbədə yerləşir ki, burada ehtiyat ədəbiyyat nüsxələri saxlanılır. Qeyd olundu ki, Uşaq Yaradıcılıq Mərkəzinin oxu zalı və elektron kitabxanası da ən müasir standartlara cavab verir. Elektron kitabxanada avtomatlaşdırılmış idarəetmə sistemi quraşdırılmışdır. Sistemin yaddaşına 707 adda 35 minədək kitab, dövri mətbuat, qəzet və jurnallar daxil edilmişdir. Dövri mətbuatın elektron kartotekası yaradılmışdır. Burada oxuculara onlayn xidmət də göstərilir. Bildirildi ki, sistem vasitəsilə dövlətimizin başçısının imzaladığı Sərəncam, Fərman və qanunların tam mətnindən ibarət baza yaradılmışdır. Ayrıca linkdə klassik və müasir əsərlərin, həmçinin uşaq ədəbiyyatına dair bir çox əsərlərin tam mətni oxucuların istifadəsinə verilmişdir. Bir sözlə, yeniyetmələrin rahat istifadəsi üçün burada hər cür şərait yaradılmışdır. Mərkəzin ətrafındakı parklar yenidən qurulmuş, uşaqların və sakinlərin istirahəti üçün şərait daha da yaxşılaşdırılmışdır.

Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev Şabran Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib


Avqustun 15-də Prezident İlham Əliyev Şabran Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verdi ki, bu gün ölkəmizdə ən çox diqqət göstərilən və müasir səviyyədə yenilənən sahələrdən biri də səhiyyədir. Azərbaycan səhiyyəsi indi özünün ən yüksək inkişaf dövrünü yaşayır. Ölkəmizdə bütün xəstəxanalar və tibb ocaqları müasir səviyyədə təmir olunur, onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqla zənginləşdirilir. Bu gün paytaxtla yanaşı, respublikanın ən ucqar rayonlarında da müasir tibb ocaqları, diaqnostika mərkəzləri yaradılır. Bütün bunlar dövlətin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür.

Prezident İlham Əliyev Şabran Rayon Mərkəzi Xəstəxanasının rəmzi açılışını bildirən lenti kəsdi. Bildirildi ki, xəstəxana üçün yeni binanın tikilməsi dövlətin səhiyyə sisteminin inkişafına göstərdiyi diqqətin davamlı xarakter aldığını bir daha nümayiş etdirir. Üçmərtəbəli xəstəxananın tikintisinə 2008-ci ilin oktyabrında başlanılmışdır. Burada tikintinin ümumi sahəsi 5 min 117 kvadratmetrdir. Xəstəxananın inşaat işləri müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, 80 çarpayılıq xəstəxananın birinci mərtəbəsində doğum şöbəsi və poliklinika fəaliyyət göstərir. Burada rentgen, ultrasəslə müayinə, stomatoloq, otolorinqoloq, terapevt kabinetləri vardır. Bütün kabinetlər ən müasir avadanlıqla təchiz edilmişdir. Xəstəxanada terapiya və uşaq xəstəlikləri, cərrahiyyə, anesteziologiya və intensiv terapiya şöbələri də vardır. Bu şöbələrdə də müasir texnologiyaların ən son tələblərinə uyğun hazırlanan tibbi avadanlıq quraşdırılmışdır. Xəstəxananın müasir avadanlıqla təmin edilməsi, ilk növbədə, burada tibbi müayinələrin və müalicə işinin ən yüksək səviyyədə təşkilinə və aparılmasına hərtərəfli imkan yaradır. Qeyd olundu ki, Şabran Rayon Mərkəzi Xəstəxanasında 60-dək həkim və 140-dək orta tibb işçisi sakinlərin sağlamlığının keşiyində dayanacaqdır. Bu xəstəxananın istifadəyə verilməsi həm də ölkədə səhiyyə sahəsinin ən müasir səviyyəyə çatdırılması istiqamətində Prezident İlham Əliyevin atdığı addımların növbəti uğurlarından biridir. Dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən bu tədbirlər Azərbaycan səhiyyə sisteminin daha yaxşı təşkilinə geniş imkanlar açmışdır. Şabran Rayon Mərkəzi Xəstəxanası ilə tanışlıqdan sonra dövlətimizin başçısı ictimaiyyətin nümayəndələri və tibb işçiləri ilə görüşdü. Yeni xəstəxana binasının istifadəyə verilməsi münasibətilə tibb işçilərini və ictimaiyyətin nümayəndələrini təbrik edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın bütün bölgələrində belə gözəl xəstəxanalar açılır:

"Bu gözəl xəstəxananın açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Çox gözəl xəstəxanadır. Həm xarici görünüşü, həm daxili dizaynı gözəldir. Eyni zamanda, burada bütün müasir avadanlıq da quraşdırılıb. Əminəm ki, həkimlər üçün burada işləmək çox zövq verəcəkdir. Əlbəttə ki, burada çox yüksək tibbi xidmət göstərilməlidir, xəstələrə yaxşı baxılmalıdır. Mən çox şadam ki, Şabran rayonunda belə gözəl, müasir xəstəxana tikilibdir. Siz, burada işləyən həkimlər yaxşı xatırlayırsınız ki, əvvəlki xəstəxananın vəziyyəti necə idi. İndi isə dünya səviyyəli tibb mərkəzi yaradılıb və burada yüksək səviyyəli tibbi xidmətin göstərilməsi üçün bütün şərait, bütün şöbələr vardır. Doğum, cərrahiyyə, pediatriya şöbələri, digər şöbələr, reanimasiya zalı çox gözəldir. Çox sevinirəm ki, Azərbaycanın bütün bölgələrində belə gözəl xəstəxanalar açılır. Bu, ölkəmizin həm gücünü göstərir, həm siyasətini əks etdirir. Çünki bizim siyasət sosialyönümlü siyasətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İnsan üçün onun sağlamlığı çox vacibdir. Sağlamlığı şərtləndirən amilləri həkimlər yaxşı bilirlər. Bir neçə amil vardır və onların içində tibbi xidmət əlbəttə ki, xüsusi yer tutur. Xəstəliyin vaxtında müəyyən edilməsi, düzgün diaqnozun qoyulması və düzgün müalicəsi demək olar ki, insanların, xəstələrin sağlamlığını müəyyən edir. Eyni zamanda, sağlamlığı təmin etmək üçün digər sahələrdə də işlər görülür. Ekologiya çox vacib rol oynayır. Şabran rayonunun ekoloji vəziyyəti çox yaxşıdır. Ancaq biz istəyirik ki, Azərbaycanın bütün bölgələrində ekoloji vəziyyət yüksək səviyyədə olsun. İçməli su insan sağlamlığı üçün çox vacib rol oynayır. Bu layihələr də hər bir rayonda, o cümlədən Şabranda artıq icra edilməyə başlanmışdır. İcra başçısı məlumat verdi, içməli su, kanalizasiya layihələri artıq icra edilir. Keyfiyyətli qida məsələsinə də diqqət göstərilir. İndi istehlak bazarına nəzarət aparılır. İnsanların sağlamlığı üçün mütləq idmanla məşğul olmaq lazımdır. Baxın, ölkəmizdə nə qədər idman qurğuları tikilibdir." Sonda xatirə şəkli çəkdirildi.

Digər xəbərlər