PDF Oxu

Siyasət

  • 26

SƏRHƏDDƏN BAŞLAYIR VƏTƏN

SƏRHƏDDƏN BAŞLAYIR VƏTƏN

Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən, Sərhəd Qoşunları fəaliyyətə başlayıb. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə Sərhəd Qoşunları Milli Təhlükəsizlik Nazirliyinin tərkibində olub. 2002-ci il iyul ayının 31-də isə Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncamla müstəqil qurum- Sərhəd Xidməti yaradılıb.

Müstəqilliyin ilk illərində sərhədlərimizin qorunması işində ciddi problemlər var idi

Azərbaycan ötən əsrin sonlarında öz müstəqilliyini bərpa etdikdən sonra ölkənin təhlükəsizliyini qorumaq üçün həyata keçirilməli olan ən vacib məsələlərdən biri, dövlət sərhədlərinin etibarlı qorunmasının təşkil edilməsi idi. İlk baxışda asan görünən bu proses, əslində, çox çətin və ağır zəhmət tələb edən məsuliyyətli bir iş olduğundan burada problemlər kifayət qədər çox idi. Əsas problemlər ondan ibarət idi ki, Azərbaycan dövlət strukturları və Silahlı Qüvvələri yenicə formalaşmağa başlayırdı və bu sahədə maddi-texniki bazaya, peşəkar mütəxəssislərə ciddi ehtiyac var idi. Bundan başqa, Azərbaycan quru və dəniz sərhədi olan 5 dövlətin 3-ü ilə Sovet İttifaqı daxilində müttəfiq olduğundan, bu respublikalar arasında sərhəd sistemi yox idi. Buraya bir sıra texniki və maliyyə problemlərini də əlavə etsək, prosesin nə qədər çətin və məsuliyyətli olduğu ortaya çıxar. Bütün bunlara baxmayaraq, mövcud siyasi-ictimai situasiya ölkə sərhədlərinin etibarlı şəkildə qorunmasını tələb edirdi. Bunun üçün, sadəcə olaraq, vaxt, vəsait və kadrlar çatışmırdı. Həmin vaxt Azərbaycan xaricdən ciddi təhdidlərə məruz qalır, ölkəmiz qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün tranzit məkana çevrilmək üzrəydi. Müstəqilliyin ilk illərində dövlət hakimiyyətinin zəifliyi və təcrübəsizliyi özünü göstərdi. Məhz bunun nəticəsi idi ki, artıq 1992-1993-cü illərdə ölkədə ictimai-siyasi durum olduqca gərginləşdi. Ölkəni böyük fəlakətə sürükləyən bu prosesə yalnız Ümumilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra son qoyuldu. Ümummilli Lider bu məsələyə çox böyük diqqət yetirdi və qısa müddətdə ölkənin sərhədlərinin etibarlı şəkildə qorunmasının təşkilinə başlanıldı. Bu, milli təhlükəsizliyimiz üçün çox böyük xidmət idi.


"Hər bir ölkənin dövlət sərhədi onun dövlət müstəqilliyinin əsas amilidir"- Heydər Əliyev

2002-ci il martın 6-da MTN-in rəhbər heyəti və sərhəd qoşunlarının dəstə rəisləri ilə görüşdə Azərbaycan Prezidenti, Ümummilli Lider Heydər Əliyev sərhədlərimizin etibarlı tərzdə qorunmasının nə qədər vacib iş olduğunu bu sözlərlə ifadə etmişdi: "Hər bir ölkənin dövlət sərhədi onun dövlət müstəqilliyinin əsas amilidir. Ona görə sərhədlərin hər bir ölkə üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini və onların qorunmasının həm ölkənin müstəqilliyi üçün, həm də xalqın yaşayışı üçün nə qədər vacib olduğunu, təbiidir ki, siz yaxşı bilirsiniz. Ötən illərdə görülən işlər nəticəsində biz indi mövcud olan sərhəd qoşunlarına və onların işlənməsi üçün lazım olan maddi-texniki bazaya malikik, lakin peşəkar kadr çatışmazlığı hiss olunur. Bu üzdən yaxın 5 ildə zabit kadrların hazırlanması üçün müəyyən tədbirlər planının baxılıb təsdiq olunması və həyata keçirilməsi üçün göstəriş vermişəm".

Ulu Öndər sərhəd qoşunlarının qarşısında sərhədi qorumaq baxımından çox böyük vəzifələrin durduğunu vurğulayaraq demişdi: "Bunlardan birincisi beynəlxalq terrorizmlə mübarizədir. Məhz sizin əldə etdiyiniz materiallar göstərir ki, həqiqətən, Azərbaycan bu barədə beynəlxalq terrorizm üçün bir hədəfdir. Ona görə bunları nəzərə almaq lazımdır və beynəlxalq terrorizmlə mübarizə sizin birinci növbəli vəzifəniz olmalıdır". Ölkə başçısı daha bir vacib problemə toxunaraq, onun qarşısının alınması üçün konkret işlər görülməsinin vacibliyini bildirmişdi: "Narkotiklərin daşınmasının qarşısının alınması çox vacib vəzifələrdən biridir. Birinci növbədə, yenə də Azərbaycan burada tranzit ölkə kimi narkotiklərin daşınması üçün əlverişlidir. İkincisi, Azərbaycanın özündə də narkotik maddələrin qəbul olunması, təəssüf ki, müəyyən qədər genişlənibdir. Ona görə də narkotiklərin Azərbaycana gətirilməsinin qarşısı ciddi şəkildə alınmalıdır".

Əsas işlərdən biri kimi Prezident Heydər Əliyev qaçaqmalçılıqla ciddi mübarizə aparmağı göstərirdi: "Bizim sərhədlərin möhkəmliyi və gömrük xidmətinin vəzifələri Azərbaycanın ticarət dövriyyəsinin təmin olunması üçün əsas şərtlərdir. Bunları təmin etmək lazımdır. Qaçaqmalçılığın genişlənməsi Azərbaycanın xarici ticarət dövriyyəsinə çox böyük zərər verir və bizim iqtisadiyyatımıza zərər verir. Bunun qarşısı ciddi alınmalıdır".


İlham Əliyev: "Dövlət Sərhəd Xidməti dünya miqyasında

layiqli yerini tuta bilib"

Son 7 ildə Prezident İlham Əliyevin sərhədlərimizin müdafiəsinə diqqət və qayğısı nəticəsində dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi sürətlənib, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili başa çatdırılıb, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülüb. Son illərdə yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminatı sahəsində də mühüm addımlar atılıb.

Dövlət başçısının Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması barədə 2007-ci il 12 iyun tarixli Sərəncamı da sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynayıb. Bu akademiya DSX üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrların, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədi ilə yaradılıb. Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Akademiyasının açılışındakı çıxışı zamanı sərhədçilərin fəaliyyətini yüksək qiymətləndirib: "Mən çox şadam ki, Dövlət Sərhəd Xidməti bu gün dünya miqyasında özünə layiq yerini tuta bilibdir və Azərbaycanın sərhədlərinin qorunması işində böyük nailiyyətlərə çatıbdır. Biz elə etməliyik ki, gələcəkdə də Azərbaycanın sərhədləri lazımi səviyyədə qorunsun".


Elçin Quliyev: "Sərhədlərin

mühafizəsi ilə bağlı Dövlət Proqramı çərçivəsində böyük işlər görülüb"

DSX-nin rəisi, general-leytenant Elçin Quliyev "Azərbaycan Respublikası dövlət sərhəd mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı"nın müasir sərhəd-mühafizə infrastrukturunun yaradılmasında müstəsna əhəmiyyətinin olduğunu bildirib. Generalın sözlərinə görə, Proqram çərçivəsində Türkan qəsəbəsində DSX sahil mühafizəsinin yeni bazası, aviasiya bazaları, "Sərhədçi" İdman Olimpiya Mərkəzi, Şüvəlan qəsəbəsində hərbi hissə, "Sərhədçi" istirahət mərkəzi, Xudat şəhərində yaşayış massivi, Horadiz, Şəki, Zaqatala, Şəmkir və Göytəpə sərhəd dəstələrinin qarnizonları, Astara rayonunda katerlər divizionu, Xızı rayonunda səhra təlim poliqonu, Novxanıda müasir atçılıq mərkəzi, Səngəçal qəsəbəsində mərkəzi anbarlar kompleksi, hərbi hissələrdə sərhəd komendantlığı və zastavası kompleksləri, ümumən dövlət sərhədində 589 bina inşa edilərək xidməti istifadəyə verilib. Bakı şəhərində sərhədçi zabitlər üçün 264 mənzilli 3 yaşayış binası tikilib. Göründüyü kimi, Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası xeyli gücləndirilib ki, bu da sərhədçilərimizin yüksək keyfiyyətlə xidmət etməsində başlıca amillərdəndir. Təbii ki, sərhədlərimizin toxunulmazlığının təmin edilməsinin və etibarlı qorunmasının çox aktual olduğu bir dövrdə Azərbaycan sərhədçiləri Vətənin keşiyində layiqincə dururlar. Sərhədçilər üçün Vətən sərhəddən başlanır.


Elçin Bayramlı


Qeyd: Yazı Azərbaycan Sərhəd Mühafizəsinin 92 illiyi ilə bağlı Dövlət Sərhəd Xidmətinin keçirdiyi müsabiqədə mükafata layiq görülüb.

Digər xəbərlər