PDF Oxu

Siyasət

  • 31

Strateji inkişaf konsepsiyası

Strateji inkişaf konsepsiyası

"Bizim həyata keçirdiyimiz bütün layihələr, bütün proqramlar gələcəyə yönəldilibdir. Həm bugünkü uğurlu dinamik inkişafımızı təmin edirik və ən əsası isə, bütün bu işlər uzunmüddətli inkişaf strategiyamız çərçivəsində görülür"- Azərbaycan Prezidenti İlham Əliyev belə deyib.


Ümumi inkişafımızda özəl sektorun böyük rolu var


Azərbaycan Prezidentinin bölgələrə son səfəri həmişəki kimi yaddaqalan və önəmli olub. Dövlət başçısı onlarla yeni obyektin açılışında iştirak edib, vətəndaşlarla görüşüb söhbət edib.

Prezident qeyd edib ki, ölkənin bütün bölgələrində işlər yaxşı gedir, regionlar canlanır, inkişaf edir. Regionlarda sosial infrastruktur yaradılır, müəssisələr, iş yerləri açılır, yollar çəkilir.

Gələcəkdə biz, sadəcə olaraq, bax bu yolla, seçilmiş yolla getməliyik ki, ölkəmizin inkişafı daimi olsun. Bunu etmək üçün bütün imkanlarımız, iqtisadi resurslarımız var, düşünülmüş siyasətimiz var və bizim bütün planlarımız, proqramlarımız xalq tərəfindən dəstəklənir. Çünki bunlar quruculuq işləridir, bu işlər ölkəmizin uzunmüddətli inkişafı üçün bu gün zəmin yaradır.

Dövlət başçısı xüsusi vurğulayıb ki, bu gün yaradılan müəssisələr gələcəkdə Azərbaycanın inkişaf etdirilməsində öz rolunu oynayacaqdır. Hazırda daha çox qeyri-neft sektoruna, sənaye müəssisələrinin yaradılmasına diqqət göstərilir. Burada, əlbəttə, özəl sektorun çox böyük rolu var. Azərbaycan dövləti özəl sahibkarlığın inkişafı üçün lazımi tədbirləri görür.

Sahibkarlıq hər bir ölkənin iqtisadiyyatının avanqardıdır. Azərbaycan hökuməti də məhv yerli sahibkarlığı inkişaf etdirmək üçün müxtəlif dövlət proqramları həyata keçirir. Nəticədə özəl sektorun büdcədə və ÜDM-də payı sürətlə artıq, qeyri-neft sektorunun çəkisi yüksəlir. Bu da ölkə iqtisadiyyatının tarazlı və davamlı inkişafını təmin edən əsas amillərdən biridir.


Yoxsulluq tamamilə aradan qaldırılmalıdır


Digər tərəfdən, dövlət xətti ilə həyata keçirilən infrastruktur layihələri, bax, bu imkanları yaradır: elektrik enerjisi, qaz təchizatı, su xətlərinin çəkilməsi - bütün bu işlər ölkənin hər yerində görülür. Bu, elə bir vəziyyət yaradır ki, investisiyaların cəlb olunması üçün Azərbaycan öz cazibədarlığını saxlayır.

Prezident İlham Əliyev bildirib ki, son illərdə bütün qəbul edilmiş proqramlar icra olundu, işsizliyin aradan qaldırılması üçün böyük və təsirli addımlar atıldı, yoxsulluğun səviyyəsinin aşağı salınması üçün çox ciddi işlər görüldü və təbii ki, insanların maddi rifahı yüksəldi.

"Ancaq biz elə etməliyik ki, Azərbaycanda yoxsulluq kimi sosial bəla, ümumiyyətlə, aradan qaldırılsın, işsizlik tamamilə aradan qaldırılsın. Azərbaycanda istehsal olunan məhsullar xarici bazarlara ixrac edilsin, biz artıq buna başlamışıq və daha da böyük həcmdə etməliyik. Daxili tələbatımızı özümüz təmin etməliyik və elə güclü sənaye potensialı yaratmalıyıq ki, Azərbaycan neft amilindən asılı olmayaraq, bundan sonra onilliklər ərzində inkişaf etsin və xalqımız yaxşı yaşasın.

İqtisadi inkişafla bərabər,- nəzərə alaq ki, bunsuz bütün bu işləri görmək mümkün olmayacaq, - əlbəttə ki, sosial məsələlərin həllinə həmişə çox böyük diqqət göstərməliyik".

Qeyd edək ki, son 7 ildə ölkədə yoxsulluq səviyyəsi 49%-dən 9 %-ə enib. Bütün sosial proqramlar uğurla icra olunub. Ünvanlı sosial yardımlarla dövlət imkansız ailələrin yaşayış səviyyəsinin yaxşılaşmasına yardımçı olur.


"Özümüzü ərzaqla tam təmin edə bilərik"


Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində regionların inkişafının önəmli rolunu qeyd edib: "Biz elə etməliyik ki, əsas ərzaq məhsulları ilə özümüzü təmin edək. Artıq bu yolda çox böyük uğurlara biz nail olmuşuq. Hazırda bitkiçilikdə və quşçuluq sənayesində özümüzü təmin etmək imkanlarımız təxminən 70 faiz səviyyəsindədir. Ət, süd məhsulları, bitki yağları, şəkər və digər əsas ərzaq məhsulları ilə, demək olar ki, biz özümüzü 90 faiz təmin edirik.

Bu, bizə nə verəcək? İlk növbədə, yerli istehsalın inkişafı daha da sürətlə gedəcək, digər tərəfdən, ərzaq təhlükəsizliyimizi təmin edəcəyik. İndi dünyada ərzaq təhlükəsizliyi haqqında ciddi söhbətlər gedir, müzakirələr aparılır. Çox böyük narahatlıq var ki, ərzaq təhlükəsizliyi məsələləri dünya miqyasında qabarıq şəkildə birinci plana çıxa bilər.

Belə olan halda, əlbəttə ki, insanlar böyük çətinliklərlə üzləşə bilərlər. Biz elə etməliyik ki, Azərbaycanda istehlak olunan ərzaq məhsullarının 100 faizi ölkəmizdə istehsal olunsun. Bundan əlavə, biz öz məhsullarımızla xarici bazarlara da çıxmalıyıq. Bizim məhsullarımız həm təbiidir, həm keyfiyyətlidir, həm də hazırda yeni texnologiyalar əsasında tikilmiş zavodlar, fabriklər dünya səviyyəli məhsul istehsalına şərait yaradır".


Gələcəyə yönəldilmiş

iqtisadi siyasət


İqtisadi inkişaf, sosial məsələlərin həlli, infrastruktur layihələri, abadlıq-quruculuq işləri, yeni müəssisələrin, iş yerlərinin yaradılması- bütün bunlar Azərbaycanda kompleks şəkildə və uğurla icra edilir.

Regionlarda magistral və rayonlararası yollar, bir sıra iri kənd təsərrüfatı məhsulları emalı müəssisələri, tikinti materialları buraxılan obyektlər, onlarca təhsil, səhiyyə müəssisələri tikilmiş və ya yenidən qurulmuşdur. Hazırda regionlarda əhalinin və sahibkarların kommunal xidmətlərlə təminatını daha da yaxşılaşdırmaq məqsədilə qaz kəmərləri, su xətləri çəkilir.

Azərbaycanda elə bir sahə yoxdur ki, orada tənəzzül müşahidə edilsin. Son illərdə iqtisadiyyatın davamlı inkişafına müsbət təsir göstərən amillərdən biri olan investisiya qoyuluşlarının həcmi də artıb. Ən diqqəti çəkən cəhət isə odur ki, ölkənin maliyyə imkanlarının genişlənməsi nəticəsində daxili investisiyalar xarici investisiyalara nisbətən xeyli artıb.

Bütün bunlar isə yerli sərmayədarların potensialının güclənməsini, onların investisiya qoymaq imkanlarının genişlənməsini göstərir. Eyni zamanda, büdcə gəlirlərinin artması da dövlətin investisiya imkanlarını gücləndirir, nəticədə qeyri-neft sektorunun inkişafını sürətləndirəcək infrastrukturun yenidən qurulmasına əlverişli şərait yaradır.

Bu sahədə əsas vəzifə iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşu imkanlarının genişləndirilməsi və daha əlverişli investisiya mühitinin təminatı məqsədilə bütün investorlar üçün azad rəqabət mühitinin yaradılmasından və sahədə mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsindən ibarət olacaq.


Müəssisələrin

yeniləşməsi ilə

xeyli iş yerləri açılır


Regionların sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə yeni Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin dinamikası, tədbirlər üzrə görülən işlərin həcmi və məqsədəuyğunluğu göstərir ki, regionlara göstərilən diqqət və qayğı nəticəsində ölkə vətəndaşlarının sosial vəziyyəti və maddi rifahı yaxşılaşmaqda davam edir.

Regionlarda yeni iş yerlərinin yaradılmasında köhnə müəssisələrin yenidən qurulmasının böyük önəmi var. Ümumiyyətlə, ölkənin uzunmüddətli iqtisadi və sosial inkişafını təmin etmək üçün investisiya siyasəti mühüm adətlərdən biridir.

Qarşıdakı illərdə özəlləşdirməyə açılmış müəssisələrdə şəffaf və səmərəli özəlləşdirmə prosesinin həyata keçirilməsi davam etdiriləcək. Qeyri-neft sektorunda müəssisələrin investisiya fəaliyyətinin dəstəklənməsi istiqamətində məqsədyönlü işlər həyata keçiriləcək, müasir istehsal avadanlıqlarının idxalı təşviq ediləcək.

Dövlət investisiya siyasəti regionlarda yeni iş yerlərinin yaradılmasına, infrastruktur obyektlərinin etibarlı istismarının təmin edilməsinə, insan kapitalının inkişafı və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi kimi prioritetlərin həyata keçirilməsinə yönəldiləcək.

Məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri yeni iş yerlərinin yaradılmasını məhdudlaşdıran amillərin aradan qaldırılması və məşğulluq səviyyəsinin artırılmasını stimullaşdıran şəraitin yaradılmasıdır. Bu baxımdan sahibkarlığın, əsasən, kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş tədbirlər xüsusi əhəmiyyət kəsb edir.

Qarşıdakı illərdə məşğulluq siyasətində əsas məqsəd əmək ehtiyatlarından daha dolğun istifadə etməklə, əhalinin səmərəli məşğulluğunun təmin edilməsindən ibarət olacaq.


Elçin Bayramlı

Digər xəbərlər