Azərbaycan Prezidenti İlham Əliyevin son 8 ildə elmi əsaslarla yürütdüyü sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin edib. Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf mərhələsinə qədəm qoyub.
Son illərdə ölkədə makroiqtisadi sabitlik, strateji valyuta ehtiyatlarının artımı və səmərəli istifadəsi, milli valyutanın sabitliyi təmin edilib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib. Ən təqdirəlayiq hal isə odur ki, qeyri-neft sektorunun inkişaf sürəti neft sektorunu üstələyib.
Son 2 il ərzində Azərbaycan iqtisadiyyatı 15 faiz artıb. Bu artım qəbul edilmiş regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası nəticəsində mümkün olub. Əgər vaxtında regionların inkişafına böyük diqqət yetirilməsəydi, çox güman ki, iqtisadiyyatımız bu gün birtərəfli iqtisadiyyat kimi özünü göstərərdi.
Dövlətimizin başçısı İlham Əliyev ikinci regional Dövlət Proqramının icrasını da daim diqqət mərkəzində saxlayır, mütəmadi şəkildə yerlərdə olur, görülən işlərlə ciddi şəkildə maraqlanır, qarşılaşılan problemlərin həlli ilə bağlı konkret tapşırıqlar verir.
Müntəzəm surətdə həyata keçirilən bu səfərlər regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində mühüm rol oynamaqla yanaşı, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran özünəməxsus vəzifələrin müəyyənləşdirilərək yerinə yetirilməsini təmin edir.
Birinci Dövlət Proqramında olduğu kimi, yeni proqramda da sosial infrastrukturun daha da inkişaf etdirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması prioritet vəzifələrdəndir. Əhalinin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri də sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəyə, o cümlədən, əlillərə, veteranlara, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə xüsusi diqqətin yetirilməsidir.
Azərbaycan Prezidenti, eyni zamanda, qeyd edib ki, indi bəzi ölkələrdə iqtisadi-maliyyə böhranının ikinci dalğası başlanıb: "Azərbaycanda biz bunun tam əksini görürük. Bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşıdır. Bütün görülən işlər bir məqsədi güdür ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Bu il həyata keçirilən pensiya islahatı nəticəsində 900 minə qədər pensiyaçının pensiyası orta hesabla 40 faiz artır.
İnkişaf etmiş ölkələrdə sosial ödəmələr, sosial proqramlar kəsilir, azalır, ixtisar edilir, maaşlar kəsilir, dövlət qurumlarında işləyənlərin iş yerləri bağlanır. Biz görürük ki, Azərbaycanda iş yerləri açılır, maaşlar, pensiyalar artırılır, sosial proqramlar icra edilir. Bir dənə də olsun sosial proqramda geriləmə, yaxud da ki, ixtisar olmamışdır".
Məhz reallaşdırılan tədbirlərin, xüsusilə, regional proqramın uğurla həyata keçirilməsinin nəticəsidir ki, cari ilin ötən 7 ayı ərzində sosial - iqtisadi sahələrdə mühüm uğurlar əldə edilib. Statistika Komitəsinin məlumatında bildirilir ki, bu ilin 7 ayının makroiqtisadi göstəricilərinin ötən ilin yanvar-iyul aylarının nəticələri ilə müqayisəsi ölkənin həm iqtisadi, həm də sosial sahələrinin dinamik inkişaf etdiyinə dəlalət edir.
Yeddi ay ərzində məhsul istehsalı çoxalmış, xidmətlərin çeşidi genişlənmiş, yeni iş yerləri açılmış, əhalinin həyat səviyyəsi yüksəlmişdir. Belə ki, ilin əvvəlindən ötən dövrdə 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul istehsalı 1,1 faiz, yaxud müqayisəli qiymətlərlə 267,9 milyon manat artaraq 26,5 milyard manata çatıb.
ÜDM-in 66,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən, 53,4 faizi sənayedə, 7,3 faizi inşaat kompleksində, 6 faizi kənd təsərrüfatında yaradılıb. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 27,4 faiz, o cümlədən, nəqliyyatda 6,2 faiz, ticarət və pullu xidmətdə 8,4 faiz, rabitədə 1,7 faiz, sosial və digər xidmətlərdə 11,1 faiz təşkil edib. ÜDM-in 5,9 faizi məhsula və idxala xalis vergilərin payına düşüb. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2936,5 manat (3708,2 ABŞ dolları) olub.
Regionların inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, aqrar sahədə də bu ilin ötən aylarında müsbət göstəricilər əldə edilib. Belə ki, avqustun 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 98,5 faizi, yaxud 919,7 min hektarı biçilib və həmin sahələrdən 2268,2 min ton məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 4,8 sentner artaraq 24,7 sentner təşkil edib.
Bundan əlavə, məhsulu toplanmış 4,5 min hektar qarğıdalı sahəsindən 14,9 min ton məhsul götürülmüşdür. Yığım başlanandan sahələrdən 503 min ton və ya keçən ilin müvafiq dövründə olduğundan 31,3 min ton çox kartof, 709,4 min ton (55,6 min ton çox) tərəvəz, 144,8 min ton (4 min ton çox) meyvə və giləmeyvə, 308 min ton (62,8 min ton çox) bostan məhsulları, 338,1 ton (23,1 ton az) yaşıl çay yarpağı, 1168,8 ton, yaxud 212,6 ton çox tütün toplanıb.
Bu dövrdə 243,3 min ton, yaxud 2010-cu ilin yanvar-iyul aylarına nisbətən 5,5 faiz çox diri çəkidə ət, 941,3 min ton (8,4 faiz çox) süd, 14,6 min ton (6,8 faiz çox) yun istehsal olunub. Beləliklə, keçən illə müqayisədə bitkiçilik məhsulları istehsalı 15,1 faiz, heyvandarlıq məhsulları istehsalı 4,8 faiz, kənd təsərrüfatının ümumi məhsulu 10,2 faiz artıb.
2011-ci ilin birinci yarısında ölkədə 43,8 min yeni, o cümlədən, 32,5 min daimi iş yeri açılıb. Ümumilikdə isə, 2003-cü il oktyabrın 1-dən 2011-ci il iyulun 1-nə kimi olan dövrdə 956,7 min, o cümlədən, 687,3 min daimi iş yerləri yaradılıb. Regionların inkişafına yönəldilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində yaradılmış iş yerlərinin 78,8 faizi regionlarda, 87,4 faizi qeyri-dövlət sektorunda açılıb.
Göründüyü kimi, həyata keçirilmiş düzgün iqtisadi siyasət nəticəsində həm ölkəmizin gəlirləri artıb, həm də əhalinin yaşayış səviyyəsi yüksəlib. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın inkişafından Azərbaycan xalqı bəhrələnməlidir.
Elçin Bayramlı