Azərbaycanda dəqiq hədəflərə hesablanmış iqtisadi siyasət xəttinin uğurla davam etdirilməsi, onu deməyə əsas verir ki, ölkəmizin qarşısında duran bütün iqtisadi və sosial məsələlər öz həllini tapacaq. Milli inkişafdakı pozitiv meyilləri əsaslı şəkildə qoruyub saxlayan respublikamızın əldə etdiyi nəticələr möhkəm iqtisadi bazisə söykənir...
Prezident İlham Əliyevin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində, yoxsulluq həddinin aşağı düşməsində və əhalinin rifah halının yaxşılaşdırılmasında müstəsna rol oynamaqdadır.
Dövlət başçısının bütün bölgələrə mütəmadi səfərləri Dövlət Proqramının icrasını sürətləndirməklə, regionların tarazlı inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə təkan vermişdir. Ölkə üzrə həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi və iqtisadi sabitliyin qorunub saxlanması nəticəsində 2011-ci ilin birinci yarısı ərzində 32 mini daimi olmaqla 44 minə yaxın yeni iş yeri açılmış, 2,8 mindən çox yeni müəssisə yaradılmışdır. Ümumilikdə, son 7 il ərzində 687 mindən çoxu daimi olmaqla 957 minə yaxın yeni iş yeri açılmış, 40 mindən çox yeni müəssisə fəaliyyətə başlamışdır. Prezident İlham Əliyevin 2011-ci ilin birinci yarısında Gəncə və Naftalan şəhərlərində, Samux, Tovuz, Qazax, Goranboy, Kürdəmir, Abşeron, Qusar, Masallı, Lənkəran, Astara, Salyan, Sabirabad, Saatlı, İmişli, Ağcabədi və Zərdab rayonlarında, o cümlədən, Bakı şəhərində bir sıra infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olmuş, yerlərdə ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirmişdir. Prezident İlham Əliyev tərəfindən Astara, Salyan, Masallı, Sabirabad, Saatlı, İmişli, Ağcabədi və Zərdab, rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, Ağcabədi və Abşeron rayonlarında Olimpiya İdman Komplekslərinin, Saatlı rayonunda Olimpiya İdman Kompleksi və Gənclər Mərkəzinin tikintisinə, Sabirabad rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına, Gəncə və Sumqayıt şəhərlərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamlar imzalanmışdır.
Ölkə başçısının xüsusi diqqət və qayğısı nəticəsində regionlarda davamlı iqtisadi inkişaf təmin edilmiş və makroiqtisadi göstəricilərin daha da yaxşılaşmasına nail olunmuşdur. Belə ki, 2011-ci ilin birinci yarısında ölkə iqtisadiyyatında 22,5 milyard manatlıq ümum daxili məhsul (ÜDM) istehsal edilmiş, onun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 0,9 faiz və ya müqayisəli qiymətlərlə 169,9 milyon manat artmışdır. ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 2496,9 manat (3149,5 ABŞ dolları) təşkil etmişdir. ÜDM-in 66,2 faizi iqtisadiyyatın istehsal sahələrində, o cümlədən, 54,7 faizi sənayedə, 6,9 faizi inşaat kompleksində, 4,6 faizi kənd təsərrüfatında yaradılmış, 27,9 faizi xidmət sahələrinin payına düşmüşdür. Əlavə dəyər istehsalı ötən illə müqayisədə qeyri-neft sektorunda 7,2 faiz artmışdır. 2011-ci ilin birinci yarısında iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 4,5 milyard manat əsas kapitala investisiya yönəldilmişdir. Əsas kapitala yönəldilmiş ümumi sərmayənin 28,9 faizi neft sektorunun, 71,1 faizi isə qeyri-neft sektorunun inkişafında istifadə edilmişdir. Əsas kapitala qoyulmuş vəsaitin 72,8 faizini daxili investisiyalar, 27,2 faizini isə xarici investisiyalar təşkil etmişdir. 2011-ci ilin birinci yarısında əsas kapitala yönəldilmiş bütün investisiyaların 44,3 faizi sənaye sahələrinin inkişafına sərf edilmişdir.
Bu dövr ərzində Bakıda "Dərnəgül" metro stansiyası, Abşeronda mebel fabriki və AZMDF zavodu, Samuxda meyvə qurudulması və emalı müəssisəsi, 500 kilovoltluq "Samux" yardımçı stansiyası, Ağcabədidə "Atena" süd istehsalı və emalı kombinatı, süd emalı zavodu, İmişlidə yem və bitki yağları fabrikləri, Saatlıda "Aqroservis" filialı, Tovuzda süd emalı zavodu, Astarada Qaz-Kompressor stansiyası, Naftalanda "Çinar Hotel" kompleksi və "Qaşaltı" sanatoriyası, Gəncədə fiziki qüsurlu uşaqlar üçün Regional İnformasiya Mərkəzi, Tovuzda və İmişlidə Olimpiya İdman Kompleksləri, Ağcabədidə Şahmat məktəbi istifadəyə verilmiş, Qazax-Gürcüstan Dövlət sərhədi avtomobil yolunun, Kürdəmir-Ucar avtomobil yolunun, Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun, Astara-Bala Şahağac avtomobil yolunun, Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolunun və İmişli-Qaravəlli-Mirili avtomobil yolunun yenidən qurulması başa çatdırılmışdır.
Regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində ötən ilin birinci yarısı ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 8,3 faiz, heyvandarlıq məhsulları istehsalı 4,8 faiz, bütövlükdə, kənd təsərrüfatı məhsulları istehsalı 6,2 faiz artmışdır. Cari ilin birinci yarısında "Aqrolizinq" ASC tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına alınan kənd təsərrüfatı texnikasının və texnoloji avadanlığın saxlanılması üçün xüsusi anbarların tikilməsi və alınan mineral gübrələrin paylanması üçün Şəki, Sabirabad, Xaçmaz, Cəlilabad, Şəmkir və Bərdə rayonlarında hər birinin tutumu 10-15 min ton olan 6 ədəd regional loqistik gübrə bazaları tikilib istifadəyə verilmişdir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2011-ci ilin birinci yarımili ərzində 823 sahibkarlıq subyektinə müvəkkil kredit təşkilatları vasitəsilə 71,9 milyon manat güzəştli kredit verilmişdir. Güzəştli kredit vəsaitlərinin 70,6 faizi aqrar sahənin inkişafına, o cümlədən, 58,2 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 12,4 faizi aqrar sahənin inkişafını stimullaşdıran infrastruktur sahələrinin (soyuducu anbar komplekslərinin) yaradılmasına verilmişdir. Bu kreditlər hesabına 3495 yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Güzəştli kredit vəsaitinin, 76,1 faizi respublikanın regionlarının, 23,9 faizi Bakı qəsəbələrinin payına düşmüşdür. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə güzəştli kredit alan sahibkarların sayı və güzəştli kreditlərin məbləği 1,5 dəfə, yeni iş yerlərinin sayı 1,6 dəfə artmışdır.
Əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarının asanlaşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən bankların filial şəbəkəsinin genişləndirilməsinin dəstəklənməsi davam etdirilmiş, 2011-ci ilin birinci yarısında 4-ü regionlarda olmaqla 9 bank filialı açılmışdır. Ümumilkdə, ölkə üzrə 317-si regionlarda olmaqla, 650 bank filialı, 63-ü regionlarda olmaqla 128 bank şöbəsi fəaliyyət göstərir. Dövlət Proqramına uyğun olaraq əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi daha da inkişaf etdirilmiş və pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sistemi təkmilləşdirilmişdir. Pensiyaçıların 99,4 faizi, o cümlədən, şəhərdə yaşayan pensiyaçıların 100 faizi, kənd yerlərində yaşayan pensiyaçıların isə 98,7 faizi pensiyalarını plastik kartlar vasitəsilə alırlar. Bu göstəriciyə görə Azərbaycan Respublikası dünyada ən şəffaf təcrübəyə malik ölkələrdən hesab edilir.
Beləliklə, Ümummilli Lider Heydər Əliyevin elmi təməllərə söykənən inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevrilmişdir. Bu gün ikinci elə bir dövlət tapmaq çətindir ki, ümumi daxili məhsulun artım tempinə görə dünyada liderliyini qoruyub saxlaya bilsin...
S.Əlioğlu