PDF Oxu

Siyasət

  • 31

Qaçqın və məcburi köçkünlərə qayğı dövlətin prioritet vəzifələrindəndir

Qaçqın və məcburi köçkünlərə qayğı dövlətin prioritet vəzifələrindəndir

Həmişə olduğu kimi, bu gün də ölkədə qaçqın və məcburi köçkün problemi prioritet məsələ olaraq qalır. Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində öz doğma yurd-yuvalarını tərk edərək, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların yaşayış durumuna və sosial vəziyyətinə ciddi təsirlər yaradıb. Çünki qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən birini təşkil edir.

Onu da vurğulamaq lazımdır ki, qaçqın və məcburi köçkünə çevrilən insanların üzləşdiyi sosial və digər problemlərin həlli istiqamətində atılan ilk addımlar, bilavasitə, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev cənabları hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən bildirmişdir: "Ölkədə bir dənə də çadır düşərgəsi qalmayacaq". Ölkə başçısının bu vədi vaxtından bir il əvvəl yerinə yetirildi və çox acınacaqlı şəraitdə yaşayan məcburi köçkünlərin çadır həyatına son qoyuldu, onlar müasir standartlara uyğun, tam infrastruktura malik yeni qəsəbələrə köçürüldülər.


Qəbul edilən hər üç Dövlət Proqramı qaçqın və məcburi köçkünlərin həyat tərzinin yaxşılaşdırılmasına xidmət edir


Qaçqın və məcburi köçkünlərin hərtərəfli müdafiəsi istiqamətində dövlətin gördüyü işləri sistemli və ardıcıl həyata keçirmək məqsədilə, Prezident İlham Əliyevin Prezidentlik fəaliyyəti dövründə 3 Dövlət Proqramı qəbul olunub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, 2004-cü ildə qəbul olunan Dövlət Proqramı tam icra edilib, 2007-ci ildə qəbul olunmuş Dövlət Proqramının isə 80 faizi icra olunub və bu gün də davam etdirilir. Ehtiyac duyulduğu üçün ölkə Prezidenti İlham Əliyev 2011-ci ilin 21 fevralında məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Hər bir Dövlət Proqramı təxminən 500 milyon manatlıq həcmində işlərin görülməsini nəzərdə tutur. 2011-ci ildə qəbul olunan Dövlət Proqramına əlavələrdə 8 bənd var. Burada Abşeron rayonunun Masazır qəsəbəsində ayrılmış torpaq sahəsində Bakı Dövlət Universitetinin 7 yataqxanasından 2-də müvəqqəti məskunlaşmış 800 nəfərdən ibarət 210 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi, Naftalan şəhərindəki 4 sanatoriyada müvəqqəti məskunlaşmış 2620 nəfərdən ibarət 524 məcburi köçkün ailəsi üçün Goranboy rayonu ərazisində ayrılmış torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi, Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış 5445 nəfərdən ibarət 1210 məcburi köçkün ailəsi üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi və həmçinin, digər rayonlarda qəsəbələrin tikilməsi nəzərdə tutulur. Komitənin məlumatına görə, artıq bu prosesə başlanıb. 20 ailə artıq yeni mənzillərə köçürülüb, həmin mənzillər sahiblərinə təhvil verilib: "Ümumiyyətlə, 1993-2011-ci illərdə ölkədə olan bir milyondan artıq qaçqın və məcburi köçkünlərə 3,7 milyard manat vəsait sərf olunub. Bura həm büdcə, həm Dövlət Neft Fondunun, həm də beynəlxalq humanitar təşkilatların vəsaiti daxildir. Belə ki, 3,7 milyard manatın 2,1 milyard manatı büdcə, 860 milyon manatı Dövlət Neft Fondunun, 740 milyon manatı isə beynəlxalq humanitar təşkilatların vəsaitidir. Bu vəsaitlər hesabına ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınmış, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülmüşdür. Həmin qəsəbələr hər cür sosial infrastruktura malikdir. Həmin qəsəbələrdə 126 məktəb, 4 musiqi məktəbi, 40 uşaq bağçası, 45 tibb obyektləri tikilib istifadəyə verilib. 600 km asfalt yol, 700 km su xətti, 1100 km isə alçaq və yüksək gərginlikli elektrik xətləri çəkilib. Qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 2011-ci ildə dövlət büdcəsindən təxminən 190 milyon manat, 110 milyon manat isə Dövlət Neft Fondundan ayrılıb. Təxminən 20 milyon manat isə beynəlxalq maliyyə qurumları ayıracaq. 190 milyon manat büdcə vəsaitinin 90 milyon manatı nəğd şəklində hər bir məcburi köçkünə ayda 15 manat verilməklə ödənilir. Yəni 90 milyon manat birbaşa plastik kartlar vasitəsilə əldə edilir. Komitənin əməkdaşlarının əmək haqlarından başqa qalan bütün vəsait mərkəzləşdirilmiş qaydada istismar təşkilatlarına xəzinədarlıq vasitəsilə ödənilir. Ötən il bir məcburi köçkünə ölkədə 684 manat xərclənib. Bura həm yemək, həm də kommunal xərclər daxildir. 2003-cü ildə bu rəqəm 121 manat olub. Bəzilərinə bu fərq adi görünə bilər. Amma dünyanın konflikt zonalarında bu, ən yüksək rəqəmdir".

Komitənin məlumatına görə, cari ildə Ağcabədi rayonu ərazisində 552 evdən ibarət qəsəbə istifadəyə veriləcək. Bu qəsəbə Laçın məcburi köçkünləri üçün tikilir. Goranboy rayonunda 9 ədəd beşmərtəbəli bina tikilir. Bura vaxtilə Naftalan sanatoriyasında yerləşdirilən bütün qaçqınlar köçürüləcək. Mingəçevir şəhərində 10 ədəd 9 mərtəbəli 502 evdən ibarət qəsəbə salınacaq. Ramana qəsəbəsində bir ədəd beşmərtəbəli 80 mənzildən ibarət bina tikilir. O da bildirildi ki, Bakı şəhərində 54 min qaçqın və məcburi köçkün ailəsi, yəni 217 min əhali yaşayır. Onlar paytaxtda 1037 obyektdə məskunlaşıblar. Bunun 262-si yataqxanadır. Bu yataqxanalarda 15 min ailə, 48 min nəfər məcburi köçkün yerləşir. Yataqxanaların qısa müddətdə boşaldılması, təbii ki, mümkün deyil. 20 min ailə 364 ictimai binada, 4300 ailə 75 pansionatda, 720 ailə 46 məktəbdə, 1400 ailə 136 uşaq bağçasında yaşayır. Həmçinin, Sumqayıt şəhərində də üç istiqamətdə işlər görülür. Bir sözlə, görünən odur ki, dövlətimizin maliyyə imkanları gücləndikcə, büdcə gəlirləri və eyni zamanda, digər maliyyə mənbələrindən ayrılan vəsaitlər qaçqınların həyat şəraitinin yüksəldilməsinə yönəldilir.


R.Kamalqızı

Digər xəbərlər