Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. AzərTAc xəbər verir ki, Sərəncama əsasən, Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naxçıvanın Nazirlər Kabinetinə 5 milyon manat vəsait ayrılmışdır. Ayrılmış vəsaitin 3 milyon manatı Culfa rayonunda uzunluğu 57,6 kilometr olan, 25 min nəfər əhalinin yaşadığı 20 kəndi əhatə edən Çeşməbasar-Boyəhməd avtomobil yolunun, 2 milyon manatı isə Kəngərli rayonunda uzunluğu 39,2 kilometr olan, 12 min nəfər əhalinin yaşadığı 5 kəndi əhatə edən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolunun yenidən qurulması üçün nəzərdə tutulmuşdur.