Bu gün, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, neft gəlirlərindən səmərəli istifadəyə yönələn addımlardan biri kimi 1999-cu ildə Neft Fondunun yaradılması xüsusilə qeyd olunmalıdır. Ölkə başçısı Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın bütün təbii ehtiyatları xalqa xidmət etməli, neftdən əldə olunan gəlirlər şəffaf və ədalətli bölünməlidir. Zamanında və yerində atılmış və zərurətdən doğan bu addım Azərbaycan xalqı tərəfindən iqtisadi inkişafda yeni mərhələnin başlanması, eləcə də Ulu Öndər Heydər Əliyevin milli sərvətlərimizdən gələcək nəsillərin bəhrələnməsi və iqtisadiyyatın kompleks inkişafının təmin olunmasına yönəlmiş uzunmüddətli iqtisadi strategiyasının nəticəsi kimi dəyərləndirilməkdədir. Həmçinin, 2004-cü ildə dövlət başçısı İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya"nın (2005-2025-ci illər) mühümlüyünü də vurğulamaq lazımdır. Belə ki, iqtisadi tərəqqi güclü sosial siyasət üçün prioritetdir.
Yerinə yetirilən vədlər, qarşıda dayanan
vəzifələr
Prezident İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq ölkə başçısı seçildikdən sonra, keçirilən rəsmi andiçmə mərasimində əhalinin sosial müdafiəsinin gücləndirilməsini prioritet məsələ kimi qəbul etdiyini deyərək, vurğulamışdır ki, vətəndaşların əmək haqları, pensiyalar hər il ən azı, iki dəfə artırımalıdır. Bu inamın yaranmasına səbəb isə Azərbaycanın iqtisadi imkanlarının geniş və əlverişli olması idi. Hazırda həmin addımlar öz davamlılığı ilə, nəinki ölkədə, eləcə də, dünya miqyasında diqqət mərkəzindədir.
2011-ci ilin büdcə xərclərinin əsas prioritetləri yenə də xərclərin sosial və investisiya yönümlülüyünün təmin edilməsindən, dövlətin müdafiə qabiliyyətini gücləndirmək üçün tələb olunan maliyyə ehtiyatlarının yaradılmasından, ünvanlı sosial yardımın, regionların sosial-iqtisadi inkişafına dair tədbirlərin, investisiya və sosial proqramların təminatından və digər tədbirlərdən ibarətdir. Xatırladaq ki, Milli Məclis "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə dəyişikliklər haqqında" qanun layihəsini təsdiqləyib. 2011-ci il dövlət büdcəsinin gəlirləri 3493,2 milyon manat məbləğində artırıldı. Bu artımdan sonra cari ilin dövlət büdcəsinin gəlirləri 15554,2 milyon manat oldu. 2011-ci il dövlət büdcəsinin xərcləri isə 15941,2 mln. manat təşkil etməklə bu il üçün təsdiq edilmiş ilkin büdcə xərclərinə nisbətən 3193,2 milyon manat və ya 25 faiz artırıldı. Artımdan sonra xərclərin 48,4 faizini və ya 7716,5 milyon manatını cari xərclər, 49,4 faizini və ya 7878,0 milyon manatını əsaslı xərclər, 2,2 faizini və ya 346,7 milyon manatını dövlət borclarına xidmətlə bağlı xərclər təşkil edəcək". Cari xərclərin artırılması üçün nəzərdə tutulan 698,0 milyon manatın 462,7 milyon manatı və ya 66,3 faizi ilk növbədə pensiya təminatı sistemində aparılan islahatlara tətbiq edilməsinə, həmçinin, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda (təhsil, elm, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin mühafizəsi) çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əmək haqları, sosial müavinətlər və təqaüdlərin maliyyələşdirilməsi xərclərinə yönəldiləcək.
Büdcənin artımı həm infrastruktur, həm də sosial məsələlərin həllini sürətləndirir
Prezident İlham Əliyev vurğulayır ki, dövlət büdcəsinin 20 milyard dollardan artıq olması böyük göstəricidir. Həqiqətən də, əgər 2003-cü ilin dövlət büdcəsinin cəmi 1,2 milyard dollar olduğunu xatırlasaq, bu gün həmin rəqəmin 20 milyard dollara çatması bir daha onu təsdiq edir ki, son 7-8 ildə bu istiqamətdə nəhəng işlər gerçəkləşdirilib. Eyni zamanda, büdcənin artımı infrastruktur layihələrinin icrasını, eləcə də, sosial məsələlərin həllini daha da davamlı xarakter almasına şərait yaradır.
"Bu da onu göstərir ki, Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edir. Bizim siyasətimiz məhz bundan ibarətdir" deyən Prezident İlham Əliyev xüsusilə, vurğulayır ki, əsaslı iqtisadi islahatların aparılması güclü sosial siyasətlə tamamlanan amillərdəndir.
Həmin dəlillər və nəticələr yaxın zamanlarda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin hazırladığı "2003-2011-ci illərdə Azərbaycanın sosial-iqtisadi inkişafı" hesabatında da öz əksini tapmışdır. Belə ki, geridə qoyduğumuz son səkkiz ildə dövlət büdcəsinin gəlir və xərclərində artımı geniş təhlil edən mərkəzin hesabatında bildirilir ki, həmin müddət ərzində dövlət büdcəsinin gəlirlərinin orta artım tempi 40,4 faiz, xərclərinin isə orta artım tempi 40,1 faiz təşkil edib. 2003-cü illə müqayisədə gəlirlərin 9,3 dəfə, xərclərin isə 9,5 dəfə artdığı bildirilir.
Yoxsulluğun səviyyəsi ildən-ilə aşağı düşür
"Yoxsulluqla mübarizə bizim prioritet məsələlərimizdən biridir. Bu istiqamətdə işlər aparılır və Azərbaycanda yoxsulluğun səviyyəsi ildən-ilə aşağı düşür... Bu baxımdan, beynəlxalq təşkilatlarla birlikdə daha da ciddi işləməliyik. Azərbaycanda yoxsul adam olmamalıdır" söyləyən dövlət başçısı İlham Əliyev bu istiqamətdə də Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Ulu Öndər Heydər Əliyevin 20 fevral 2003-cü il tarixli Fərmanı ilə təsdiqlənən "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın uğurlu icrasından sonra, Prezident İlham Əliyevin 15 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə 2008-2015-ci illər üçün "Yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" təsdiqləndi və hazırda bu sənədin uğurlu icrasının nəticəsidir ki, yoxsulluq həddi 49 faizdən 9,1 faizə enib və bu rəqəmlər getdikcə daha da azalmaqda davam edir.
Reallığa söykənən uğur tandemi
Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev görülən işləri rəqəmlərlə vurğulayaraq, bunların cari ildə də davamlılığının təmin ediləcəyini diqqətə çatdırmışdır. Belə ki, sosial infrastrukturun yaradılması istiqamətində davamlı və əsaslı işlər reallaşdırılır. Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında açıqlanan rəqəmlərə nəzər salsaq, deyilənlərin reallığa söykəndiyinin şahidi olarıq: İqtisadiyyatımız 1,6 faiz, qeyri-neft sektoru 5,6 faiz, sənaye istehsalı 0,3 faiz, əhalinin real pul gəlirləri 16 faizdən çox artmışdır. Bütün bunlar reallığa söykənən uğurun, tərəqqinin əsaslı tandemidir.
Məcburi köçkünlər üçün yeni komplekslərin istifadəyə verilməsi davamlı xarakter alıb
Qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması da Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas, tərkib hissələrindəndir. Keçən illər ərzində də həmin istiqamətdə vacib addımlar atılmış, nailiyyətlər əldə olunmuşdur. 6600 köçkün yeni evlərə köçürülmüş, köçkünlər üçün böyük qəsəbələr inşa edilmişdir. 2011-ci ildə isə 6 kompleksin istifadəyə verilməsi gerçəkləşməkdədir. Zamanında Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, müdrik siyasəti nəticəsində yaratdığı Dövlət Neft Fondunun maliyyələşdirdiyi istiqamətlərdən biri də, təbii ki, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən uğurlu və davamlı layihələrdir.
Ötən il ən böyük infrastruktur layihələrindən biri olan Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildi. Bu su kəməri öz strateji əhəmiyyətinə görə Bakı-Tbilisi-Ceyhan neft kəmərinə bərabər tutula biləcək nəhəng, irimiqyaslı və həyati əhəmiyyətli layihədir. Azərbaycan dövləti bu su kəmərini çəkməklə bir daha sübut etdi ki, öz qüvvəsi, maliyyə imkanları hesabına ən mürəkkəb layihələri icra edə və onu məntiqi sonluğa çatdıra bilər. Su kəmərinin istifadəyə verilməsi mərasimində Prezident İlham Əliyev bildirmişdir: "Layihənin həyata keçirilməsi göstərir ki, bizim üçün ən böyük sərvət, ən böyük dəyər Azərbaycan vətəndaşıdır". Dövlət başçısının Sərəncamı ilə əhalinin suya olan borclarının silinməsi də bu diqqətin göstəricilərindəndir.
Artıq hər bir Azərbaycan vətəndaşı bilir və qəbul edir ki, qarşıya qoyulan hər bir məqsədin həyata keçməsi üçün, ölkədə zəruri olan bütün imkanlar mövcuddur. Təbii ki, bütün bu gerçəkliklərin arxasında dayanmış və isbat olunmuş ifadə, əsrarəngiz məfhum mövcuddur- GÜCLÜ PREZİDENT, GÜCLÜ XALQ VƏ GÜCLÜ DÖVLƏT.
RÖVŞƏN NURƏDDİNOĞLU