Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakının Binəqədi qəsəbəsində daxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub. Bakı və Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrə uyğun olaraq paytaxtın bütün qəsəbələrində ardıcıl tədbirlər həyata keçirilir. Binəqədi qəsəbəsində də bu işlər sürətlə gedir. Binəqədi qəsəbəsində əsaslı təmir olunmuş daxili yolların sxemi əsasında Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, bu qəsəbədə 16 kilometr, ümumilikdə 80 min kvadratmetr yol sahəsinə yeni asfalt örtüyü döşənib. Qəsəbədaxili yolların abadlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Binəqədi qəsəbəsində küçələrin işıqlandırma sistemi də tamamilə yenidən qurulub, qəsəbədaxili küçələrdə 100-dən çox xaricdən gətirilmiş yeni işıq dirəkləri quraşdırılıb.
Görülən işlərlə tanış olan dövlət başçısı kənd sakinləri ilə görüşüb söhbət etdi. Qəsəbə ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar. Azərbaycan Prezidenti İlham Əliyev qəsəbə sakinlərini salamlayaraq bildirdi ki, başqa qəsəbələrdə olduğu kimi, Binəqədi qəsəbəsində də çox sürətli inkişaf gedir:
"Sizi ürəkdən salamlayıram. Yenidən görüşürük. Bir neçə il bundan il əvvəl Binəqədi qəsəbəsində olmuşam və o vaxt biz yeni yolun açılışında bərabər iştirak etmişdik. İndi isə vaxt gəlib çatıbdır ki, biz qəsəbədaxili yolları da sahmana salaq. Mənə verilən məlumata görə, iki ay ərzində 16 kilometr qəsəbədaxili yeni yollar çəkilibdir. Bu, şəkillərdə də göstərilib. Əlbəttə, siz qəsəbə sakinləri yaxşı bilirsiniz ki, bunlar torpaq yol idi. İndi isə asfalt yoldur. Başqa qəsəbələrdə olduğu kimi, Binəqədi qəsəbəsində də çox sürətli inkişaf gedir. Bakıətrafı qəsəbələrin inkişafı proqramı icra edilir. Proqram çox dəqiqdir və konkret xarakter daşıyır. Nəinki yollar, bütün infrastruktur yeniləşməlidir. Elektrik xətləri, qaz təchizatı məsələləri tədricən həll olunur. Mənə deyilənə görə, bu məsələlərlə bağlı ciddi problem yoxdur. Əminəm ki, bütün bu məsələlər müəyyən edilmiş vaxtda həll olunacaqdır.
Binəqədi qəsəbəsində həyata keçirilən abadlıq və quruculuq işlərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirən sakinlər dövlət başçısına arzu və istəklərini çatdırdılar.