Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə "Həştərxan şəhərinin fəxri vətəndaşı" adı verilib. Bu barədə qərar Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan vilayəti üzrə regional bölməsinin təşəbbüsü ilə 2011-ci il sentyabrın 8-də "Həştərxan şəhəri" bələdiyyə qurumunun Şəhər Duması tərəfindən qəbul edilib. Sənədi Şəhər Dumasının sədri Y.Simeonova imzalayıb.
Azərbaycan dövlətinin başçısı bu fəxri ada əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Rusiya-Azərbaycan dostluğunun və strateji tərəfdaşlığın inkişafı və möhkəmlənməsində xidmətlərinə, Həştərxanda iri sosial-mədəni və iqtisadi layihələrlə bağlı təşəbbüslərinə, bu layihələri və Rusiya Federasiyasındakı Azərbaycan diasporunun fəaliyyətini dəstəkləməsinə görə layiq görülüb.