Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan rayonuna gəlib. Dövlətimizin başçısı əvvəlcə rayon mərkəzindəki Heydər Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Prezident İlham Əliyevə məlumat verildi ki, Heydər Əliyev prospektində yerləşən bu park 2007-ci ildə istifadəyə verilib. Dörd hektardan çox ərazisi olan Heydər Parkında yaşıllıq zolağı genişləndirilib, göz oxşayan fəvvarə kompleksi yaradılıb. Parkda rayon sakinlərinin istirahəti üçün hər cür şərait vardır. Prezident İlham Əliyev sentyabrın 13-də Qobustan rayonuna səfəri çərçivəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısına məlumat verildi ki, 38 hektar ərazidə inşa olunan mərkəz külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilmişdir. Bu isə ölkədə alternativ enerjinin hər üç yolla əldə edilməsi istiqamətində görülən işlərin real nümunəsidir.
Prezident İlham Əliyev mərkəzin fəaliyyətini əks etdirən stendlə tanış oldu. Bildirildi ki, poliqon ərazisində hər birinin gücü 0,9 meqavata çatan üç külək turbini, 1,8 meqavat gücündə günəş enerjisi stansiyası və 1 meqavat gücündə bioenerji qurğusu yaradılmışdır. Burada, eyni zamanda, tənzimləyici qurğu, su anbarı, sınaq meydanı, emalatxana fəaliyyət göstərir. Ərazidə yaradılan xüsusi avtodayanacaqda isə elektrik enerjisi ilə işləyən avtomobillərin akkumulyatorlarını cərəyanla doldurmaq mümkündür. Bir necə dəqiqə ərzində enerji ilə təchiz edilən avtomobil 250 kilometr məsafə qət edə bilər.
Sonra dövlətimizin başçısı idarəetmə mərkəzi ilə tanış oldu. Məlumat verildi ki, burada yaradılan laboratoriyada mərkəzdə istifadə olunan qurğuları yoxlamaq və eksperimentlər aparmaq mümkündür. İki tədris otağında təlim və tədris kurslarının təşkili nəzərdə tutulmuşdur. Poliqonda və mərkəzdə texnoloji proses dispetçer məntəqəsindən idarə olunur. Ümumilikdə agentlik tərəfindən ölkə ərazisində 21 ölçü-müşahidə stansiyasının tikilməsi nəzərdə tutulmuşdur ki, bunun birincisi Qobustandakı mərkəzdə yaradılmışdır. Prezident İlham Əliyev mərkəzi işə saldı.
Dövlətimizin başçısı günəş enerjisinin əldə olunması üçün ayrıca sahədə yerləşən panelləri müşahidə etdi, mərkəzin sınaq-təcrübə sahəsi ilə tanış oldu. Azərbaycan Prezidenti mərkəzdə istifadə olunan qurğular, o cümlədən ölkəmizdə istehsalı nəzərdə tutulan foto-elektron panellərin nümunələrinə baxdı, ərazidə yaradılan təcrübə istixanasının fəaliyyəti ilə tanış oldu. Bildirildi ki, burada alternativ enerji ilə istənilən bitkini lazımı temperaturda yetişdirmək mümkündür. Mərkəzdəki 330 kubmetr tutumu olan soyuducu kamerada müsbət 5 dərəcədən mənfi 5 dərəcəyədək temperatur yaradıla bilər.
Poliqonun ərazisini gəzən Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, burada qurulan işıqlandırma sistemi və istixana alternativ enerji ilə işləyir. Ərazidə birmərtəbəli 10 yaşayış binası da inşa olunmuşdur ki, onların işıqlandırma sistemi günəş enerjisi ilə işləyir. Mərkəzin gücünün gələcəkdə 5,5 meqavata çatdırılması nəzərdə tutulmuşdur. Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışından sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Qobustanlılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev mərasim iştirakçılarını salamlayaraq bildirdi ki, bu gün Qobustanda çox gözəl və tarixi hadisə baş verir: "Mənə verilən məlumata görə, Azərbaycanda, dünyada ilk dəfə olaraq hibrid tipli müasir günəş və külək elektrik stansiyasının açılışını qeyd edirik. Bu, həm Qobustan, həm də ölkəmiz üçün çox gözəl hadisədir. Çünki bu, müasirlikdir, yenilikdir, yeni texnologiyalardır. Biz həm bu texnologiyaları hazırda xaricdən alırıq, eyni zamanda, Azərbaycanda indi tikilməkdə olan günəş batareyaları zavodu da yaxın zamanlarda işə başlayacaqdır. Beləliklə, biz birinci mərhələdə Qobustan şəhərini tam şəkildə alternativ, yəni bərpa olunan enerji ilə təmin etməliyik. Əgər bu layihə uğurlu olarsa, - mən şəxsən buna şübhə etmirəm,- ondan sonra biz bu gözəl təcrübəni başqa şəhərlərdə və rayonlarda tətbiq edə biləcəyik. Buraya böyük investisiyalar qoyulubdur. Həm günəş batareyaları quraşdırılıb, həm də külək elektrik stansiyasının fəaliyyəti üçün lazımi avadanlıq gətirilibdir. Eyni zamanda, burada tədris işləri də yüksək səviyyədə təşkil ediləcək, təcrübə mübadiləsi aparılacaqdır. Bir sözlə, Qobustan, hesab edirəm ki, alternativ və bərpa olunan enerjinin istehsalı üçün nəinki Azərbaycanda, bütün bölgədə öz sözünü deyəcəkdir. Qobustan rayonunun imkanları demək olar ki, böyük dərəcədə artacaqdır. Eyni zamanda, hər bir vətəndaş üçün ucuz enerjidən istifadə etmək onun ailə büdcəsinə də böyük dəstək olacaqdır. Çünki bu, həm ucuz, həm bərpa olunan enerjidir. Ümid edirəm ki, yaxın zamanlarda vətəndaşlar da bu stansiyanın səmərəsini və ümumiyyətlə bu yeniliyin imkanlarını lazımınca qiymətləndirəcəklər. Azərbaycan inkişaf edir. Azərbaycanda bütün qabaqcıl texnologiyalar tətbiq edilir. Ölkəmizdə istənilən sahədə, o cümlədən bizim üçün yeni olan bərpa edilən enerji sahəsində dünyada mövcud olan ən yüksək standartlar tətbiq edilir. Sual yarana bilər: Azərbaycanın zəngin neft-qaz yataqları olduğu təqdirdə nə üçün biz bu işə o qədər böyük maraq göstəririk?! Mən hesab edirəm, məhz o ölkələr ki, təbii ehtiyatlarla zəngindirlər, onlar bu işlərdə qabaqcıl rol oynamalıdırlar. Bizim təbii ehtiyatlarımız vardır. Biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edə bilmişik. Bu gün nəinki özümüzü, qonşu ölkələri də həm elektrik enerjisi ilə, həm qazla, neftlə təmin edirik. Ancaq biz istəyirik ki, bu işlər daha da səmərəli şəkildə görülsün. Təbii ehtiyatlarımızdan daha da az, bərpa olunan alternativ enerji mənbələrindən isə tam şəkildə istifadə edək. Bu məqsədlə bir müddət bundan əvvəl bərpa olunan enerji üzrə Dövlət Agentliyi yaradılıbdır. Agentliyin işi artıq göz qabağındadır. Bu, birinci layihədir, planlar çox böyükdür. Mənə bu gün verilən məlumata görə, indi bütün ölkə üzrə müşahidə sistemi quraşdırılır, yerlər müəyyən edilir, harada ki, biz külək və günəş enerjisini istehsal edəcəyik, o yerlər, əlbəttə ki, ümumi enerji şəbəkəsinə yaxın olmalıdır. Eyni zamanda, bu sistem kənd təsərrüfatı üçün yararlı olmayan torpaqlarda quraşdırılmalıdır ki, biz torpağımızdan da səmərəli şəkildə istifadə edək. Bir daha demək istəyirəm ki, təbii ehtiyatlarımız, xüsusilə son vaxtlar kəşf etdiyimiz böyük qaz yataqları nəinki ölkəmiz üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır. Bundan sonra ən azı yüz il Azərbaycan həm özünü, həm də digər başqa ölkələri qazla təmin edə biləcəkdir.
Bu sistem isə tam yeni bir yanaşmadır. İndi dünyada ən qabaqcıl təcrübə nədirsə, burada quraşdırılır. Ondan da əlavə, dünya miqyasında birinci hibrid tipli elektrik stansiyasıdır. Əlbəttə ki, bu ölkəmiz üçün yeni bir təşəbbüsdür. Ancaq mən hesab edirəm ki, bir neçə ildən sonra bu gün burada göstərilən imkanlardan Azərbaycan vətəndaşları səmərəli şəkildə istifadə edəcəklər." Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Qobustan rayonuna səfəri çərçivəsində müasir taxıl anbarı kompleksi ilə tanış olub.
Diqqətə çatdırıldı ki, Prezident İlham Əliyevin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən respublikamızın regionlarında taxıl məhsullarının saxlanılması üçün ümumi dəyəri 39,7 milyon manat, tutumu 267 min ton olan 17 taxıl anbarı kompleksinin inşasına 21,4 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrin icrası artıq başa çatdırılmışdır. Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tövsiyə və tapşırıqlarını verdi. Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan rayonuna səfəri çərçivəsində "Kafur-pas" MMC-nin tinglik mərkəzinin açılışında iştirak edib. Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi. Dövlətimizin başçısına məlumat verildi ki, adətən Azərbaycanın müxtəlif ərazilərində əkilən ağac və bəzək kolları xarici ölkələrdən idxal olunur. Qobustanda yaradılan tinglik mərkəzi isə bu məsələnin daha sərfəli yolla həllinə şərait yaradır. Ağac, kol bitkilərinin reabilitasiyasının təşkili və dekorativ bitkilərin becərilməsi üçün seçilən bu ərazi bütün lazımi şəraitlə təmin edilmişdir. Tinglik mərkəzinə üç kilometr məsafədən su xətti çəkilmişdir. Suvarma sistemi avtomatlaşdırılmışdır. Mərkəzdə əkin sahəsindən əlavə giriş qala qapısı, su deposu yaradılmışdır. Açıq su deposunun üzərində dördmərtəbəli ekoloji sağlamlıq mərkəzi tikilir. Ərazidə inzibati bina ilə yanaşı, istirahət guşələri yaradılmışdır. Buradakı iki süni göldə balıq və digər su canlıları saxlanılır. Tinglik mərkəzində avtomobillərin rahat hərəkəti üçün daxili yollara asfalt örtüyü salınmışdır. Zövqlə əkilmiş gözoxşayan ağac və gül kolları burada istirahət edənlərdə xoş təəssürat yaradır. Hazırda mərkəzin ərazisində 70 adda 20 mindən çox ağac və bəzək kolu əkilmişdir. Dövlətimizin başçısı elektromobillə mərkəzin ərazisini gəzdi. Qeyd olundu ki, gələcəkdə burada botanika, zoologiya və idman dərnəklərinin təşkili də nəzərdə tutulmuşdur. 53 nəfərin çalışdığı tinglik mərkəzində Qırğızıstandan gətirilən dəvə yunundan qırğız yurtları da qurulmuşdur. Bu yurtların sütunları 99 şam ağacının gövdəsindən hazırlanır. Mərkəzə gələn şəxslər burada da istirahət edə bilərlər. Gələcəkdə tingliyin "Qobustan Bağ-Bağat" mərkəzi kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Mərkəzə gələnlər müxtəlif növ ağaclar sifariş verməklə yanaşı, burada ailəvi istirahət edə biləcəklər. Sonra mərkəzin bitki sərgisi ilə tanış olan dövlət başçısı görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi. Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə məlumat verildi ki, ulu öndərin abidəsinin yerləşdiyi parkda son vaxtlarda yenidənqurma və abadlıq işləri görülmüş, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılmış, yaşıllıq zolağı genişləndirilmişdir. Dünən Prezident İlham Əliyev Şamaxıya səfəri çərçivəsində Olimpiya İdman Kompleksində aparılan yenidənqurma işləri ilə tanış olub. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, burada yenidənqurma işlərinə ötən il başlanmışdır. Layihəyə əsasən 2,5 min kvadratmetr sahəsi olan əsas binanın və digər yardımçı binaların fasadı müasir örtüklə və xüsusi dizayna malik şüşələrlə üzlənir. Komplektin bütün elektrik, işıqlandırma, havalandırma, su təchizatı və kanalizasiya sistemləri yenilənir. Bildirildi ki, komplektin böyük idman zalında da yenidənqurma işləri aparılır, burada idmanın bütün növləri üzrə yarışların keçirilməsi üçün hər cür şərait yaradılacaqdır. Üzgüçülük hovuzunun tavanı iki metrədək qaldırılmışdır. Dam örtüyünün metal konstruksiyaları dəyişdirilmişdir. Hovuz yeni müasir avadanlıqla təchiz edilir. Hazırda hovuzda havalandırma və sutəmizləyici qurğular quraşdırılır.
Azərbaycan Prezidenti stadionla tanış oldu. Bildirildi ki, iki min nəfərlik tribunası olan stadion beynəlxalq standartlara uyğun inşa edilir. Artıq stadionun tribuna hissəsi və oyun meydanının tikintisi başa çatdırılmışdır. Burada altıcərgəli yeni qaçış zolağı da salınır. Ərazidə müasir tələblərə uyğun 8 kottec inşa edilir. Bu kotteclərdə ümumilikdə 60 nəfəri yerləşdirmək mümkün olacaqdır.
Bildirildi ki, kompleksin ərazisini sel sularından qorumaq üçün uzunluğu 500 metr olan suötürücü beton kanal tikilir. Prezident İlham Əliyev görülən işlərlə bağlı tövsiyə və tapşırıqlarını verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Şamaxı Cümə məscidində aparılan bərpa və yenidənqurma işləri ilə tanış olub. Azərbaycan Prezidentinə əvvəlcə məscidin ətrafında aparılan abadlıq işləri barədə məlumat verildi. Dövlətimizin başçısı Şamaxı şəhərində yağış suları qəbul edən xəttin sxemini əks etdirən stendə baxdı. Məlumat verildi ki, uzunluğu 11 min poqonmetr olan xəttin üzərində 13 səviyyə quyusu, 191 baxış quyusu, 119 yağış barmaqlığı quraşdırılacaqdır. Xəttin orta dərinliyi 2,5 metr olacaqdır. Burada 110 min kubmetr həcmində torpaq işləri görüləcəkdir.
Məsciddə aparılan yenidənqurma işləri ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən biri olan Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə 743-cü ildə inşa edilmişdir. 1859-cu və 1902-ci illərdə baş verən zəlzələlər Cümə məscidinə ciddi ziyan vurmuşdur. Sonralar məscid Azərbaycanın ilk ali təhsilli memarı Zivər bəy Əhmədbəyovun və Polşa mühəndisi İosif Ploşkonun layihəsi əsasında yenidən bərpa olunmuşdur. 1918-ci ilin martında ermənilər tərəfindən Şamaxıda törədilən soyqırımı zamanı ən böyük qırğın Cümə məscidində baş vermişdir. Şamaxılıların Allah evi kimi məscidə sığınmasından istifadə edən ermənilər burada yanğın törədərək təxminən 1700 günahsız insanı qətlə yetirmişlər. Vurğulandı ki, sovet dövründə təyinatı üzrə istifadə olunmayan məscid məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Ancaq Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən milli mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu tarixi abidə təmir olunmuşdur. Bildirildi ki, milli mənəvi dəyələrimizin qorunması və inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısının təşəbbüsü və tapşırıqlarına əsasən, paytaxtda və digər bölgələrimizdə onlarla məscid, dini məbəd, tarixi abidə, ziyarətgah inşa edilmiş, bərpa olunmuş və yenidən qurulmuşdur. Prezident İlham Əliyevin ötən illərdə Şamaxıya səfəri çərçivəsində Cümə məscidində olması və "Şamaxıdakı Cümə məscidi Dövlət Tarix-Memarlıq Abidəsinin bərpası ilə əlaqədar tədbirlər haqqında" Sərəncam imzalaması da bu müqəddəs amaldan qaynaqlanır.
Qeyd edildi ki, Heydər Əliyev Fondu da bu istiqamətdə bir sıra mühüm layihələr həyata keçirir. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan "Tolerantlığın ünvanı: Azərbaycan" layihəsi çərçivəsində Şamaxıdakı Cümə məscidində aparılan işlər Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə də ikinci həyat verir.
Cümə məscidində aparılan bərpa və yenidənqurma işlərinin yüksək keyfiyyətlə, Azərbaycanın çoxəsrlik milli memarlıq irsi ənənələrinə uyğun şəkildə yerinə yetirilməsi üçün dövlətimizin başçısının Sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə vəsait ayrılmışdır. Bu da memarlıq üslubu, qədimliyi və orijinallığı ilə seçilən Şamaxı Cümə məscidinin yenidən qurulmasına imkan verəcəkdir. Beləliklə, Şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə məscidi ölkəmizdə milli mənəvi dəyərlərə göstərilən diqqət və qayğının bariz nümunəsinə çevriləcəkdir.
Prezident İlham Əliyev məscidin istifadəyə veriləndən sonrakı görüntüsünü əks etdirən stendə baxdı, tövsiyə və tapşırıqlarını verdi. Azərbaycan Prezidenti İlham Əliyev daha sonra Şamaxı rayonuna səfəri çərçivəsində sentyabrın 13-də Sabir qəsəbəsinə gəldi. Dövlətimizin başçısına məlumat verildi ki, 3444 nəfərin yaşadığı qəsəbədə 4190 təsərrüfat mövcuddur. Son vaxtlarda qəsəbənin küçələrində geniş abadlıq işləri görülmüş, elektrik və digər kommunal xətləri yenilənmiş, geniş yaşıllaşdırma işləri aparılmışdır. Qəsəbənin girişində görkəmli şair Mirzə Ələkbər Sabirin abidəsi ucaldılmışdır. Prezident İlham Əliyev dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin abidəsinin açılışında iştirak etdi, önünə gül dəstəsi qoydu. Dünən Prezident İlham Əliyev Şamaxıda "Şirvan" mehmanxanasında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bina 1974-cü ildə inşa edilmiş, ötən ilə qədər istifadədə olmuşdur. Binanın istifadəyə yararsız olması nəzərə alınaraq 2010-cu ilin fevralından mehmanxanada təmir işlərinə başlanmışdır. Onmərtəbəli, 36 nömrəsi olan mehmanxananın sahəsi 6 min kvadratmetrdir. Hazırda binanın interyerində son tamamlama işləri görülür. Burada yenidənqurma işlərini bu ilin dekabrında başa çatdırmaq nəzərdə tutulmuşdur. Məlumat verildi ki, əsas binada mini bar, hovuz, SPA mərkəzi, sauna, gimnastika bölməsi, türk hamamı, bilyard klubu, 10-cu mərtəbədə 60 nəfərlik restoran fəaliyyət göstərəcəkdir. Bundan əlavə, mehmanxananın həyətində tikiləcək binada böyük konfrans zalı, tədbirlərin keçirilməsi üçün müxtəlif zallar və digər inzibati otaqlar olacaqdır. Ərazidə uşaqlar üçün də oyun meydançaları yaradılacaqdır. Bildirildi ki, bu mehmanxana kompleksi böyük turizm potensialı olan Şamaxıda qonaqların qəbul edilməsində mühüm rol oynayacaqdır. Bundan əlavə, rayona dincəlməyə gələnlərin rahat şəraitlə təmin olunmasına geniş imkanlar açacaqdır. Dövlətimizin başçısı mehmanxananın yenidənqurmadan sonrakı vəziyyətini əks etdirən stendlə tanış oldu, tapşırıqlarını verdi. Sentyabrın 13-də Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur
Məlumat verildi ki, Azərbaycan astronomiya elminin inkişafında əhəmiyyətli rol oynayan Şamaxı Astrofizika Rəsədxanası 1959-cu ildə yaradılmış, 1960-cı ildən fəaliyyətə başlamışdır. Azərbaycanın tanınmış alimləri Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılan rəsədxana dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşməklə dünyanın bir sıra rəsədxanalarını qabaqlayır. Rəsədxana çətin müşahidə edilən Cənub səmasının öyrənilməsində üstünlüklərə malikdir. Belə ki, burada aydın gecələrin sayı il ərzində 190-200-ə çatır. Qeyd olundu ki, Azərbaycanda elmin inkişafına böyük diqqət göstərən Azərbaycan Prezidenti İlham Əliyev rəsədxananın yenidən qurulması, burada təmir-bərpa işlərinin aparılması ilə bağlı sərəncam və tapşırıqlar vermişdir. Dövlətimizin başçısının 2008-ci ilin sentyabrında və 2009-cu ilin iyulunda imzaladığı sərəncamlarla rəsədxananın maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti işlərinin aparılması üçün dövlət büdcəsində Prezidentin Ehtiyat Fondundan 8 milyon manat vəsait ayrılmışdır.
Rəsədxananın inzibati binasında yaradılan şəraitlə tanışlıq zamanı bildirildi ki, əsaslı yenidənqurma nəticəsində əraziyə Qırxbulaq mənbəyindən 6,5 kilometr uzunluğunda yeni su xətti, Çuxuryurd-rəsədxana əsas qaz kəməri çəkilmiş, yerüstü elektrik xətti tam yenilənmişdir. İnzibati binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.
Bildirildi ki, Şamaxı rəsədxanasının fəaliyyətini daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev 1974-cü ildə bu elm ocağına gəlmiş, alimlərlə görüşmüşdür. Prezident İlham Əliyev rəsədxana kompleksinin Yusif Məmmədəliyev adına yaşayış qəsəbəsində aparılan tikinti və yenidənqurma işləri ilə də tanış oldu. Dövlətimizin başçısı əvvəlcə akadmeik Yusif Məmmədəliyevin büstü önünə gül dəstəsi qoydu. Bildirildi ki, burada rəsədxanada çalışan elmi heyətin və onların ailələrinin yaşaması üçün yüksək infrastruktura malik şərait yaradılmışdır. Əməkdaşlar üçün 72 mənzildən ibarət beşmərtəbəli iki yaşayış binası inşa olunmuşdur. Kompleksə poçt, tibb məntəqəsi, uşaq bağçası kimi sosial təyinatlı obyektlər də daxildir. Mənzillərdə sakinlərin rahatlığı üçün hər cür şərait yaradılmışdır. Genişliyi və rahatlığı ilə seçilən bu mənzillər rəsədxanada çalışan elm adamlarının fəaliyyətlərini daha da stimullaşdıracaqdır. Sonra Prezident İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasının kollektivi ilə görüşdü. Sonda xatirə şəkli çəkdirildi. Həmin gün Prezident İlham Əliyev Şamaxıda Vergilər Nazirliyinin yeni Tədris Mərkəzinin açılışında iştirak etmişdir.
Mərkəzin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.
Vergilər naziri Fazil Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, son illərdə ölkəmizdə vergi sistemində aparılan islahatlar, ilk növbədə bu sahədə modern texnologiyaların tətbiqinə, yeni kadr hazırlığının həyata keçirilməsinə yönəlmişdir.
Prezident İlham Əliyev Tədris Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi. Bildirildi ki, Tədris Mərkəzinin inşasına 2008-ci ildə başlanmışdır. 2,5 hektar ərazidə aparılan inşaat işləri yüksək tikinti standartlarına tam cavab verir. Mərkəzin kompleksinə üçmərtəbəli tədris binası, ikimərtəbəli inzibati bina, müdavim və müəllim yataqxanaları, o cümlədən dəvət olunan ekspertlər üçün nəzərdə tutulan ikimərtəbəli dörd qonaq evi daxildir.
Mərkəzdə üç mühazirə auditoriyası yaradılmışdır. Bütün texniki vasitələrlə təchiz edilən auditoriyaların hər biri 20 nəfərlikdir. Burada üç səviyyədə hazırlıq nəzərdə tutulur. Mərkəzin strukturuna iqtisadiyyat və menecment, vergi metodologiyası, vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedraları, elmi tədqiqat bölməsi, tədris-metodika və maliyyə-təsərrüfat şöbələri daxildir. Tədris Mərkəzinin vəzifəli şəxslərinin say həddi 30 nəfər müəyyən edilmişdir.
Mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotoguşə yaradılmışdır. Burada Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli fəaliyyətin, o cümlədən vergi sisteminə göstərdiyi diqqət və qayğının müxtəlif məqamlarını əks etdirən fotolar və elmi-kütləvi ədəbiyyat nümayiş etdirilir. Konfrans zalı ilə tanışlıq zamanı dövlətimizin başçısına Avropadaxili Vergi Administrasiyaları Təşkilatının prezidenti Svein Ragnar Kristensenin videotəbriki təqdim olundu. O, Azərbaycan Prezidentini yüksək standartlara cavab verən bu cür Tədris Mərkəzinin istifadəyə verilməsi münasibətilə təbrik etdi. Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, hazırda nazirliyin sistemində vergi tədris modeli layihəsi uğurla tətbiq edilir. Bu layihədən vergi orqanları əməkdaşlarının peşə hazırlığının təkmilləşdirilməsi və ixtisaslarının artırılması prosesində mühüm vasitə kimi istifadə olunur. Həmçinin informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə əməkdaşların məsafədən tədrisinin müxtəlif formaları tətbiq edilir. Eyni zamanda, əməkdaşların bilik və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi də işdən ayrılmadan onlayn rejimində yerinə yetirilir. Akt zalı ilə tanışlıq zamanı bildirildi ki, 96 nəfərlik zalda mühüm tədbirlərin, təqdimat mərasimlərinin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Bununla yanaşı, mərkəzdə yüksək zövqlə tərtib edilən foye və guşələr burada hərtərəfli istirahət üçün geniş imkanlar açır.
Prezident İlham Əliyev müdavimlər üçün nəzərdə tutulan yataqxanadakı şəraitlə də tanış oldu. Bildirildi ki, burada üç nəfərlik 21, iki nəfərlik 3, bir nəfərlik 3 otaq vardır. Otaqların hər biri yüksək səviyyədə təchiz olunmuş, müdavimlərin yaşaması üçün hər cür şərait yaradılmışdır. Mərkəzin idman-sağlamlıq kompleksində yaradılan şəraitlə tanışlıq zamanı bildirildi ki, burada 80 kvadratmetrlik üzgüçülük hovuzu yaradılmış, trenajorlar quraşdırılmışdır. Kompleksdə eyni vaxtda 20 nəfərə xidmət göstərən kafe də vardır.
Tədris Mərkəzinin həyətyanı sahəsini gəzən dövlətimizin başçısı dəvət olunan xarici qonaqlar və ekspertlər üçün nəzərdə tutulan evlərdə yaradılan şəraitlə maraqlandı. Bildirildi ki, ikimərtəbəli evlərdə hər cür şərait yaradılmışdır. Qeyd edildi ki, burada müəllimlərin yaşaması üçün ayrıca korpus tikilmişdir. Bu korpusda birotaqlı 12, ikiotaqlı 24 mənzillər vardır. Tədris Mərkəzinin kitabxanası və internet mərkəzi buraya gələnlərin istifadəsinə verilmişdir.
Mərkəzdə yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısı kollektivlə görüşdü, onlara uğurlar arzuladı.
Sonda xatirə şəkli çəkdirildi.