PDF Oxu

Siyasət

  • 7

Təkcə son 7 il ərzində ölkəmizdə 900 minə yaxın yeni iş yeri açılıb

Təkcə son 7 il ərzində ölkəmizdə 900 minə yaxın yeni iş yeri açılıb
Sentyabrın 15-də - Bilik günüdə Bakının Səbail rayonundakı 6 nömrəli tam orta məktəb yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Müəllim, şagird və valideynlər dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Məktəblilər Prezident İlham Əliyevə gül dəstələri təqdim etdilər.
Dövlətimizin başçısı məktəbin həyətinə toplaşanların qarşısında çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, bu gün yenidən qurulan məktəbin tarixində əlamətdar gündür. Məktəbin böyük tarixə malik olduğunu qeyd edən Prezident İlham Əliyev bu təhsil müəssisənin bir çox məzunlarının Azərbaycanın inkişafına dəyərli töhfələr verdiyini xatırlatdı:
"Əziz uşaqlar, əziz müəllimlər, əziz valideynlər!
Mən sizin hamınızı yeni dərs ilinin başlanması münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu gün 6 saylı məktəbin həyatında çox əlamətdar və tarixi bir gündür. Bu gün biz məktəbin yeni binasının açılışını qeyd edirik. Bu gözəl, möhtəşəm bina əminəm ki, məktəbin həyatında unudulmaz hadisə olacaqdır. Bildiyiniz kimi, 6 saylı məktəbin çox böyük tarixi, böyük ənənələri vardır. Məktəbdə müxtəlif dövrlərdə oxumuş insanlar Azərbaycanın inkişafına öz töhfələrini vermişlər. Ancaq məktəbin binası köhnəlmişdi və yeni binanın tikintisinə ehtiyac var idi. Hazırda tikilmiş bina dünyanın ən yüksək standartlarına cavab verir. Eyni zamanda, məktəbin sahəsi də iki dəfədən çox genişləndirilmişdir. Məktəbin sahəsi 6500 kvadratmetrdən 13 min 500 kvadratmetrədək böyümüşdür. Siniflərin sayı iki dəfədən çox artmışdır. Yeni idman kompleksi tikilmişdir. Yəni, məktəbdə oxuyan uşaqlar indi burada yaradılmış şəraitlə tanış olacaqlar. Həm uşaqlar, həm müəllimlər üçün çox gözəl şərait yaradılmışdır.
Mənim üçün 6 saylı məktəb doğma, əziz məktəbdir. Mən on il burada, bu məktəbdə oxumuşam. Bütün bu ətraf ərazilər mənim üçün doğmadır. Mənim uşaqlıq yaşlarım elə bu məhəllədə keçibdir. Mən çox şadam ki, bu gün böyük tarixə malik olan 6 saylı məktəbin yeni həyatı başlayır.
Mənim üçün məktəb illəri hər bir insan kimi unudulmaz illərdir. Burada, bu məktəbdə mənə verdikləri biliklərə görə müəllimlərimə minnətdaram və o xatirələri həmişə ürəyimdə saxlayıram.
Bununla bərabər, mənim üçün bütün məktəblər əzizdir və doğmadır. Məhz buna görə Azərbaycanda son illər ərzində məktəb tikintisi çox geniş vüsət almışdır. Son illər ərzində 2161 məktəb tikilib və təmir edilmişdir. Bütün məktəblərdə kompyuter sinifləri yaradılıbdır. Hesab edirəm ki, Azərbaycanda təhsilin səviyyəsi müasir tədris prosesinin inkişafı hesabına daha da qalxacaqdır.
Bu dərs ili ərəfəsində Bakı şəhərində 70-ə yaxın məktəb əsaslı təmir edilmişdir, yeni korpuslar tikilmişdir. Bölgələrdə 60-a yaxın məktəb tikilib təmir edilmişdir. Bakının bütün bölgələrində - ən ucqar qəsəbələrdən tutmuş şəhər mərkəzinə qədər məktəblərdə geniş quruculuq işləri aparılıb. Mən ümid edirəm ki, növbəti iki il ərzində Bakı şəhərində bütün məktəblər ən yüksək standartlara cavab verəcəkdir. Beləliklə, məktəblərin tikintisi və təmiri ilə bağlı proqramımız başa çatacaqdır.
Ancaq məktəblərin tikintisi və təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri vacib olsa da, işimiz bununla məhdudlaşmamalıdır. Əsas məsələ təhsilin keyfiyyətidir və uşaqlara verilən biliklərdir. Bu, həm uşaqlara, həm bizə, həm də dövlətə lazımdır. İndiki şəraitdə hər bir insanın taleyi onun əlindədir.
Azərbaycanda çox gözəl şərait yaradılıbdır. Həm ictimai-siyasi vəziyyət çox yaxşıdır, həm iqtisadi inkişaf çox sürətlidir. Yeni imkanlar, yeni iş yerləri açılır. Təkcə son 7 il ərzində 900 minə yaxın yeni iş yeri açılmışdır. Biz çalışmalıyıq ki, bu iş yerlərində işləyən insanların peşəkarlığı yüksək səviyyədə olsun. Peşəkarlığın, biliyin, savadın, intellektin əsası məhz məktəblərdə qoyulur. Ona görə, məktəbdə verilən təhsil insanın həyatında həlledici rol oynayır. Hər bir insan üçün onun gələcəyi, onun taleyi məktəb illərində dərslərə verdiyi qiymətlə, diqqətlə birbaşa bağlıdır.
Mən tam əminəm və görürəm ki, bu gün Azərbaycan gəncləri biliklərə çox meyillidirlər. Gənclərimiz istəyirlər ki, yaxşı mütəxəssis, yaxşı peşəkar olsunlar. İstək ola bilər. Ancaq təhsilin keyfiyyəti də gərək bu istəklə uzlaşsın. Azərbaycanda təhsil sahəsində tətbiq edilən yeniliklər, müasir yanaşmalar, islahatlar ümid edirəm ki, yaxın gələcəkdə daha da yaxşı nəticələrə gətirib çıxaracaqdır. Biz gələcəyə çox böyük ümidlərlə baxırıq. Çünki bilirik ki, Azərbaycanın gələcəyi bugünkündən də gözəl olacaqdır. Bu gün Azərbaycan özünü dünya miqyasında sürətlə və uğurla inkişaf edən ölkə kimi tanıtdıra bilmişdir. Ancaq gələcəkdə elmə, təhsilə yeni texnologiyaların tətbiqinə göstəriləcək diqqət və həyata keçiriləcək proqramlar Azərbaycanı inkişaf etmiş ölkələrin sırasına daxil edəcəkdir."
Təhsil ocağının tarix müəllimi Elmin İmanov 6 nömrəli orta məktəbin qısa müddət ərzində ən yüksək standartlara uyğun qurulduğuna və bütölükdə təhsilə göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Valideynlər adından çıxış edən Sevda Katibli təhsildəki köklü dəyişikliklərə görə dövlətimizin başçısına təşəkkürünü çatdırdı. Qeyd etdi ki, ölkədə təhsil sahəsində yaradılan şərait Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın iradəsi və əzmkarlığı sayəsində mümkün olmuşdur. Sonra yeni dərs ilinin ilk zəngi çalındı.
Dövlətimizin başçısı məktəbin şagirdləri ilə xatirə şəkli çəkdirdi, onlarla səmimi söhbət etdi. Daha sonra Prezident İlham Əliyev məktəbin yenidənqurmadan sonra rəmzi açılışını bildirən lentı kəsdi.
Məktəbin binası qarşısında dövlətimizn başçısı vaxtilə ona dərs deyən müəllimləri ilə görüşdü, onlarla söhbət etdi. Müəllimlər xatirələrini bölüşərək, 6 nömrəli orta məktəbin məzunu olan Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini diqqətlə və böyük fəxr hissi ilə izlədiklərini vurğuladılar.
Dövlətimizin başçısı müəllimləri ilə xatirə şəkli çəkdirdi.
Prezident İlham Əliyev yenidənqurmadan sonra məktəbdə yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, altımərtəbəli təhsil müəssisəsində tədrisin müasir tələblər səviyyəsində təşkili üçün ideal imkan yaradılmışdır. Yenidənqurma işlərindən sonra məktəbin ərazisi genişləndirilərək 13 min kvadratmetrə çatdırılmışdır. Məktəb 2 min 270 şagird yerlikdir. Bu gün burada 1690 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 110 müəllim məşğul olur. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ümummilli liderin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə diqqət və qayğısını əks etdirən fotostend yaradılmışdr.
Prezident İlham Əliyev siniflərdə dərs prosesi ilə maraqlandı. Dövlətimizin başçısı əvvəlcə bu gün ilk dəfə məktəbə qədəm qoyan birincilərin təhsil aldığı sinfə baxdı, uşaqları yeni dərs ili münasibətilə təbrik etdi.
Yenidənqurma zamanı məktəbdə bütün infrastruktur yenilənmiş, xüsusi təhlükəsizlik sistemi yaradılmışdır. Tədris müəssisəsinin həyətində, dəhlizlərində və sinif otaqlarında baş verən proseslər 14 xarici və 97 daxili videokamera vasitəsilə izlənilir.
Məktəbin ikinci mərtəbəsində Heydər Əliyev Muzeyi yaradılmışdır. Muzeylə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada ümummilli lider Heydər Əliyev haqqında müxtəlif nəşrlər, ulu öndərin attestatının, diplomunun və tərifnamələrinin surətləri toplanmışdır. Burada dahi şəxsiyyətin həyat və fəaliyyətinə dair videomateriallar, fotolar da vardır. Ulu öndər Heydər Əliyev 6 nömrəli orta məktəbdə iki dəfə olmuşdur. Birinci dəfə 1977-ci ildə, oğlu, Azərbaycan Prezidenti İlham Əliyev orta məktəbi bitirərkən və 2001-ci il sentyabrın 1-də.
Heydər Əliyev Muzeyində ümummilli liderin "6 nömrəli məktəb həmişə Azərbaycanın nümunəvi, milli məktəblərindən biri olaraq qalacaq" fikri epiqraf seçilmiş xatirə kitabı da vardır.
Məktəbin konfrans zalında Prezident İlham Əliyev İP beynəlxalq proqramı barədə filmə baxdı. 1968-ci ildə Cenevrədə yaradılan proqram bu ildən 6 nömrəli məktəbdə də tətbiq ediləcəkdir. Ən əsası isə odur ki, təhsil ocağının şagirdləri bu nadir imkandan pulsuz istifadə edəcəklər. Bu il məktəbin 10-cu və 11-ci sinifləri üçün diplom proqramı tətbiq ediləcəkdir. Proqrama əsasən tədris bütün fənlər üzrə yalnız ingilis dilində aparılır. Şagirdlərin təhsili həm ölkə, həm də xarici mütəxəssislər tərəfindən qiymətləndirilir. 45 bal toplayan şagird avtomatik olaraq Oksford, Kembric kimi nüfuzlu təhsil müəssisələrinə daxil olmaq imkanı qazanır. İP diplomu dünyanın 2 min 544 universitetində tanınır. Bu proqramın 6 nömrəli məktəbdə tətbiqi ilə əlaqədar müəllimlər Hamburq və Sürixdə treninqlər keçmişlər. Təhsil müəssisəsinin imza atdığı daha bir yenilik - 10-cu sinifdən profil siniflərin yaradılmasıdır. İndi bu pilot proqram Bakının beş məktəbində tətbiq edilir.
Dövlətimizin başçısı müəllimlər otağına baxdı. Burada daha bir yenilik ondan ibarətdir ki, təcrübə mübadiləsi məqsədilə mətbuat konfranslarının, telekörpülərin keçirilməsi üçün Bakı və Sumqayıtın bir çox məktəbləri ilə birbaşa bağlantını təşkil etmək mümkündür. Təhsil ocağının bütün sinifləri kompyuter və proyektorlarla, bir çox sinif otaqları isə "ağıllı lövhə" adlandırılan smart lövhələrlə təchiz olunmuşdur. Bu interaktiv lövhələr ən son texnologiyalar əsasında qurulmuşdur. Məktəbin üç linqofon kabineti vardır. Hər biri 24 nəfərlik bu sinif otaqlarında ingilis və alman dilləri tədris olunacaqdır. Şagirdlərin keyfiyyətli və vaxtında qidalanmasını 186 yerlik yeməkxana və müasir avadanlıqla təchiz olunan mətbəx təmin edəcəkdir. Dövlətimizin başçısı məktəbin musiqi kabinetinə də baxdı. Burada Azərbaycanın dövlət himni ifa edildi. Prezident İlham Əliyev məktəb muzeyində də oldu. Muzeydə toplanan materiallar bir daha təsdiq edir ki, bu məktəb Bakının sayılıb-seçilən təhsil müəssisələrindən biri olmuşdur. Məktəb Azərbaycanın inkişafında böyük xidmətləri olan şəxsiyyətlərə təhsil verən komplekslərdən biridir. Burada məktəbin nailiyyətlərini əks etdirən stendlər qurulmuş, təhsil ocağının direktorlarının, fəxri məzunlarının, fəxri adlara layiq görülən müəllimlərinin fotolarından ibarət güşələr yaradılmışdır. Muzeydə Azərbaycan Prezidentinin attestatının surəti də vardır. Təhsil ocağının direktoru Gülşən Orucova məktəbdə fəxri məzunlar klubunun yaradıldığını bildirərək, bu klubun döş nişanını dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev məktəbin xatirə lövhəsini imzaladı.

Digər xəbərlər