Azərbaycanla Monteneqro arasında səmərəli əməkdaşlıq əlaqələri qurulur
Dünən Azərbaycan Respublikasında rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviçin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro Prezidenti Filip Vuyanoviçi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Monteneqro Prezidentinə raport verdi. Monteneqronun və Azərbaycanın dövlət himnləri səsləndi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Monteneqro Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Filip Vuyanoviçə, Monteneqro nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin təkbətək görüşü olub. Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğu vurğulandı. Monteneqro Prezidenti Filip Vuyanoviçin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti qeyd olundu, ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirildi.
Dövlət başçıları beynəlxalq və regional məsələlər barədə də fikir mübadiləsi apardılar. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur. Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:
"Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Mən sizin hamınızı Azərbaycanda salamlayıram, xoş gəlmisiniz! Bu, Sizin Azərbaycana birinci səfərinizdir və bu, əlbəttə ki, ikitərəfli əlaqələrimizdə çox mühüm yer tutan bir səfərdir. Bu səfər tarixdə qalacaq, çünki birinci rəsmi səfərdir. Mən əminəm ki, səfər çox uğurlu keçəcək və səfərin nəticələri çox müsbət olacaqdır. Bizim ikitərəfli münasibətlərimiz çox uğurla və deyə bilərəm ki, çox böyük sürətlə inkişaf edir. Qısa müddət ərzində həm siyasi, həm iqtisadi sahələrdə məsləhətləşmələr aparılmışdır. Hər iki tərəf bu əlaqələrin inkişafı üçün dəyərli töhfələrini verir. Mən əminəm ki, bu gün aparılan və aparılacaq danışıqlar ölkələrimizi daha da yaxınlaşdıracaqdır. Bir daha Sizi salamlayıram, xoş gəlmisiniz!"
Monteneqro Prezidenti Filip VUYANOVİÇ səmimi qəbul üçün
minnətdarlığını bildirib: "İcazə verin, bu səfərə dəvət etdiyinizə görə mən Sizə dərin təşəkkürümü bildirim və bir daha Sizi salamlayım. Bir daha fürstədən istifadə edərək, Sizə dərin təşəkkürümü bildirirəm və öz nümayəndə heyətim adından Sizin nümayəndə heyətini səmimi qəlbdən salamlayıram. Bildiyiniz kimi, xarici işlər nazirlərinin qarşılıqlı səfərləri həyata keçirilmişdir və hesab edirəm ki, bu səfərimiz də əlaqələrimizin bundan sonra dərinləşməsinə və inkişaf etdirilməsinə öz müstəsna töhfəsini verəcəkdir. Hesab edirəm ki, iki ölkə arasında siyasi əlaqələr iqtisadi əlaqələrin bünövrəsini qoyacaq və inkişaf edəcəkdir." Daha sonra Prezident İlham Əliyevin və Prezident Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Monteneqro sənədlərinin imzalanması mərasimi olmuşdur. "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Monteneqronun Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Monteneqronun mədəniyyət naziri Branislav Miçunoviç imzaladılar. "Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç imzaladılar. "Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş"i Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç imzaladılar. "Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç imzaladılar. Azərbaycan- Monteneqro sənədlərinin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev və Prezident Filipp Vuyanoviç mətbuata bəyanatlarla çıxış etmişlər. Dövlətimizin başçısı bir daha monteneqrolu həmkarını ölkəmizdə salamladı və dedi ki, Azərbaycan tərəfi bu səfərə böyük əhəmiyyət verir. Çünki bu, münasibətlərimizin tarixində ilk rəsmi səfərdir. Bizim siyasi əlaqələrimiz inkişaf edir. Siyasi sahədə aramızda heç bir problem yoxdur, əlaqələrin inkişafı üçün hər iki tərəfdə böyük maraq və istək vardır, - deyən Prezident İlham Əliyev bildirdi ki, iqtisadi sahədə əlaqələrin möhkəmləndirilməsi diqqət mərkəzində olmalıdır.
İkitərəfli əlaqələrin inkişafı üçün gözəl şəraitin yaradıldığını qeyd edən dövlətimizin başçısı energetika və nəqliyyat sahələrinin əməkdaşlıq üçün maraq doğuran olduğunu vurğuladı. Regional məsələlərdə Azərbaycan ilə Monteneqro arasında fikir ayrılığının olmadığını vurğulayan Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Monteneqro Prezidentinə məlumat verdiyini dedi və ümidvar olduğunu bildirdi ki, yaxın gələcəkdə bu məsələ öz ədalətli həllini tapacaqdır. Görüşdə Avratlantik strukturlara inteqrasiya ilə bağlı fikir mübadiləsinin də aparıldığını deyən dövlətimizin başçısı bu səfərin ikitərəfli əlaqələr üçün vacib olduğunu vurğuladı.
Monteneqro Prezidenti Filip Vuyanoviç Azərbaycan dövlətinin başçısına xoş sözlərinə görə təşəkkür etdi. Azərbaycanın iqtisadi inkişafı bizi çox sevindirir və bu sürətli inkişafın bundan sonra da davam edəcəyinə əminəm, - deyən Monteneqro Prezidenti son illərdə ölkələrimiz arasında sıx əlaqələrin qurulması istiqamətində addımların atıldığını bildirdi. Filip Vuyanoviç qarşılıqlı sərmayələrin qoyulması istiqamətində mühüm tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırdı. Bizim münasibətlərimiz mövcuddur və bu, məni çox sevindirir, - deyən Monteneqro Prezidenti indi mədəniyyət sahəsində ölkələrimiz arasında güclü əlaqələrin formalaşdığını bildirdi. Filip Vuyanoviç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT və Avropa təşkilatlarının mövqeyini dəstəklədiyini vurğuladı. "Azərbaycana bu səfərim əlaqələrimizin yeni mərhələyə daxil olması deməkdir" - deyən Monteneqro Prezidenti bu münasibətlərin xalqlarımızın mənafeyi naminə inkişaf edəcəyini diqqətə çatdırdı.