Xəbər verdiyimiz kimi, Fransanın "Total" neft şirkəti Xəzərdə böyük qaz yatağı aşkar etdiyini elan edib. Yataq Bakıdan 100 km cənubda- Xəzərin Azərbaycan sektorundakı "Abşeron" blokunda yerləşir. Kəşfiyyatın ilk nəticələri quyunun bir neçə milyon kub fut qaz və kondensat potensialı olduğunu təsdiq edib. Hazırda quyunun dərinliyi 6550 metrə çatıb. Daha dərin qatların kəşfiyyatı məqsədilə qazıntı işləri davam etdirilir (layihə dərinliyi 7000 metrdir). Daha sonra quyuda mümkün layların həcmini təsdiq etmək üçün yoxlama aparılacaq.
"Bu, bizim neft və qaz potensialının təsdiqlənmiş ehtiyatlardan qat-qat çox olduğunun sübutudur"
Azərbaycan Prezidenti İlham Əliyev "Total" şirkətinin baş vitse-prezidenti Maykl Borrellin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən "Abşeron" blokunda iri qaz yatağının kəşf edilməsini ölkəmizin həyatında əlamətdar hadisə kimi dəyərləndirib. O, yeni qaz yatağının kəşf olunmasının Azərbaycanın dünyanın ən böyük qaz istehsal edən ölkələri sırasında mövqeyini daha da möhkəmləndirəcəyini vurğulayıb. Prezident qeyd edib ki, bu əlamətdar hadisə Azərbaycanın neft və qaz potensialının indiyəcən təsdiqlənmiş ehtiyatlardan qat-qat çox olduğunun növbəti əyani sübutudur.
Dövlət başçısı uzun illərdir Fransa şirkətinin Azərbaycanda bir sıra layihələrdə uğurla fəaliyyət göstərdiyini və yeni qaz yatağının kəşfinin böyük nailiyyət olduğunu bildirib. O, Azərbaycanın neft-qaz strategiyasını uğurla davam etdirmək üçün bundan sonra da məqsədyönlü və ardıcıl siyasətini davam etdirəcəyini vurğulayıb.
Dövlət başçısı yeni yatağın Azərbaycanın regionda və dünyada mövqeyinin möhkəmlənməsinə, respublikanın sosial-iqtisadi inkişafının daha da güclənməsinə və xalqın maddi-rifah halının yaxşılaşmasına mühüm təsir göstərəcəyini vurğulayıb. Prezident bildirib ki, "Abşeron" blokunda yeni qaz yatağının kəşfi Ulu Öndər Heydər Əliyevin yeni neft strategiyasının uğurla davam etdirildiyini və Azərbaycanın neft-qaz ölkəsi kimi də beynəlxalq imicinin durmadan möhkəmləndiyinə dəlalət edir: "Azərbaycan regional əməkdaşlığa da töhfələrini əsirgəmir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Avropa ilə Asiya arasında mühüm körpü rolunu oynayan Azərbaycan son illərdə daha da gücləndirilən məqsədyönlü, çoxşaxəli və balanslaşdırılmış dövlət siyasəti nəticəsində hazırda dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir".
"Azərbaycanı regionun ən iri qaz ixracatçılarından birinə çevirə bilər"
Dünyanın transmilli neft-qaz şirkətlərindən olan "Total" Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. "Abşeron" layihəsində "Total" şirkətinin törəmə qurumu olan "Total EP Apşeron" 40% paya malikdir. Daha 40% Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ), 20% Fransanın "Gaz de France SUEZ" şirkətinə məxsusdur.
İqtisadçı-ekspert Vüqar Bayramov "Səs"ə açıqlamasında bildirib ki, "Abşeron" blokunda iri qaz yatağının tapılması heç də təsadüfi deyil: "Bu yataqda sovet dövründə kəşfiyyat işləri aparılmışdı. Lakin mavi qaz yatağın dərinliyində yerləşdiyindən sovet texnologiyası qazın tapılması və hasil edilməsini həyata keçirə bilmədi. Bununla belə, həmin dövrdə də "Abşeron" blokunda iri qaz yatağının olması müəyyən edilmişdi". V.Bayramovun sözlərinə görə, "Abşeron" blokunda iri qaz yatağının tapılması qaz satışından ölkənin əldə edəcəyi gəlirlərin artması baxımından önəmlidir: "Abşeron" blokundakı iri qaz yatağı, eləcə də, 2016-cı ildən istifadəyə verilməsi planlaşdırılan "Şahdəniz" yatağının 2-ci fazası göstərilən dövrdən sonra Azərbaycanın hasil və ixrac etdiyi qazın həcmində kəskin artımların olacağını deməyə əsas verir. 2010-cu ilin nəticələrinə görə, Azərbaycanın mavi qaz hasilatı 28 milyard kubmetr təşkil edir. 2016-cı ilə qədər qaz hasilatında müəyyən artımlar gözlənilsə də, əsaslı artımlar bu dövrdən sonra başlayacaq". Ekspert 2016-cı ildən sonra ölkənin mavi qaz ixracatının il ərzində 40 milyard kubmetrə qədər yüksələcəyini deyir: "Bu da Azərbaycanı regionun ən iri qaz ixracatçılarından birinə çevirə bilər".
"Bu yataq Azərbaycanın müstəqilliyi illərində "Şahdəniz"dən sonra 2-ci böyük qaz yatağıdır"
"Total"ın "Abşeron" bloku barədəki məlumatına münasibətini açıqlayan Azərbaycan Neft Araşdırmalar Mərkəzinin (ANAM) rəhbəri İlham Şabanın sözlərinə görə isə, bu, onu göstərir ki, Azərbaycan 2020-ci ildə, faktiki olaraq, dünyada qaz ölkəsi olaraq tanınacaq. "O dövr üçün "Şahdəniz-2"də qaz ixracı maksimum mərəhələsinə çatacaq. "Abşeron"da 2022-ci ildə hasilat gözlənilir. Həm də sözügedən yatağın çox çətin quruluşunu nəzərə almaq lazımdır. Hazırda Azərbaycan bütün gücünü "Şahdəniz-2" layihəsinə verdiyi üçün heç bir qazma qurğusunun olmaması ilə bağlı "Abşeron"da işlər "Şahdəniz-2" başa çatandan sonra başlayacaq"- ekspert "Səs"ə bildirib.
Xatırladaq ki, keçən ilin noyabrında ARDNŞ Xəzərin Azərbaycan sektorunda böyük qaz yatağı "Ümid"in açıldığını bəyan edib. Bu yataq Azərbaycanın müstəqilliyi illərində "Şahdəniz"dən (1,2 trilyon kubmetr qaz ehtiyatı var) sonra açılan ikinci böyük qaz yatağıdır. "Ümid"in açılmasına gətirib çıxaran ilk kəşfiyyat quyusunun nəticələrinə görə, karbohidrogenlərin ehtiyatı ən azı 200 milyard kubmetr qaz və 30 milyon ton qaz-kondensat qiymətləndirilir. "Ümid" yatağında tapılan ehtiyatların ümumi qiyməti 40 milyard dollar təşkil edir. Yeri gəlmişkən, sentyabrın ortalarında "BP-Azerbaijan" şirkəti Xəzərin Azərbaycan sektorunda "Şəfəq" və "Asiman" dəniz strukturlarında üçölçülü seysmik kəşfiyyat işlərinə başlayacaq.
3D-seysmik kəşfiyyat 1500 kvadrat kilometr sahəni əhatə edəcək və ilk dəfə olaraq 650-850 metr dərinliyində aparılacaq. İşlərin qrafikinə əsasən alınan məlumatların təhlili 1 il davam edəcək və 2012-ci ilin sonlarına kimi başa çatacaq. 2013-cü ildə- 2014-cü ilin birinci yarısında məlumatların interpretasiyasının başa çatdırılması planlaşdırılır. 2014-cü ilin ikinci yarısında və 2016-cı ilin birinci yarımilinə qədər kəşfiyyat quyularının planlaşdırılması həyata keçiriləcək. Layihə dərinliyi 7000 metr olan kəşfiyyat quyusunun qazma nöqtəsi 2016-cı ilin birinci yarısında müəyyən ediləcək. "Şəfəq-Asiman" blokunda ilk kəşfiyyat quyusunun qazılmasının 2016-cı ilin IV rübündə həyata keçirilməsi planlaşdırılır. "Şəfəq-Asiman" müqavilə sahəsi Bakının 125 km cənub-şərqində dənizin təxminən 650-850 metr dərinliyində yerləşir. Bu blokda proqnozlaşdırılan karbohidrogen ehtiyatları 500 milyard kubmetr qaz və 65 milyon ton kondensat təşkil edir.
"Bu kəşf ölkənin qaz balansını artıracaq və Azərbaycana olan diqqət bir qədər də artacaq"
Azərbaycanın qaz ehtiyatları indiyədək 2,2 trilyon kubmetr həcmində qiymətləndirilirdisə, "Abşeron" strukturunun açılması ilə bu həcm 2,550 trilyon kubmetrə çatacaq. Belə ki, "Abşeron" blokunda qaz ehtiyatları 350 milyard kubmetr həcmində qiymətləndirilir. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Yusifzadənin sözlərinə görə, "Abşeron" strukturunda kondensat ehtiyatları 45 mln. ton həcmində qiymətləndirilir. Bu ehtiyatların doğruldulması üçün əlavə quyular qazılmalıdır. "Bununla yanaşı, "Babək" strukturunda qaz ehtiyatları 400 milyard kubmetr, "Ümid"də 200-300 milyard kubmetr həcmində qiymətləndirilir. Eyni zamanda, "Asiman", "Şəfəq", "Naxçıvan" və s. strukturlar ölkənin qaz balansını artıracaq və Azərbaycana olan diqqət bir qədər də artacaq", - deyə ARDNŞ-in vitse-prezidenti sözlərinə əlavə edib. Hazırda qazma qurğuları ilə bağlı problemin olduğunu deyən Yusifzadə bu problemlərin aradan qaldırılması üçün işlərin aparıldığını bildirib: "Qurğunun alınması və tikintisi üçün danışıqlar aparılır. Belə olan halda, "Abşeron" strukturundan ilk qazı 2020-2022-ci ildə ala biləcəyik. Əgər həmin nöqtədə platforma tikilərsə, prosesi daha 5 il tezləşdirə bilərik".
Yusifzadə 2012-ci ilin ilk yarısında Abşeronda 4000 metr dərinliyindən 1500 metr məsafədə maili quyu qazılmasına başlanacağını da vurğulayıb. Yeni yataqların istismari nəticəsində Azərbaycan azı 50 il ərzində stabil qaz ixracatçısı ölkəsinə çevrilə bilər. Azərbaycanda əmtəəlik qaz 30-40 milyard kubmetr ola bilər. Bunun da 10 milyardı Azərbaycana qalacaq, qalan 30 milyardı ixrac etməklə qaz ölkəsinə çevriləcəyik.
Elçin Bayramlı