Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən "Şimal" elektrik stansiyasının 409 meqavat gücündə ikinci buxar-qaz enerji qurğusunun təməlqoyma mərasimində iştirak edib. İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyevə məlumat verildi ki, ikinci buxar-qaz enerji qurğusu Azərbaycan Respublikasının 2005-ci il 14 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Kredit Sazişi əsasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) dövlət zəmanətli krediti hesabına inşa ediləcək. Dövlətimizin başçısı layihənin baş planı, buxar-qaz qurğusunun sxemi və soyutma suyunun qəbuledici sisteminin stendinə baxdı. Məlumat verildi ki, "Şimal" elektrik stansiyasının sahəsi 68 hektar, ikinci buxar-qaz enerji qurğusunun tikiləcəyi ərazi isə 12 hektardır.
Qeyd edildi ki, tikinti işlərinə ötən il dekabrın 10-da baş podratçılar Yaponiyanın "Toyo Engineering Corporation" və Azərbaycanın "Azenco" Açıq Səhmdar Cəmiyyəti konsorsiumu ilə "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti arasında imzalanmış müqavilə əsasında başlanılıb. Tikinti işləri 2013-cü ilin sonunda başa çatdırılacaq. Sonra Azərbaycan Prezidenti metal gilizi bünövrəyə buraxdı və beton qarışığı tökən qurğunu işə saldı. İnşaatçılarla görüşən Prezident İlham Əliyev onları təbrik etdi. Ölkəmizin rəhbəri əmin olduğunu bildirdi ki, bu stansiya yaxın zamanlarda tikilib işə salınacaq və beləliklə, Azərbaycanın enerji potensialına böyük töhfə veriləcək:
""Şimal-2" stansiyasının tikintisi çox əlamətdar hadisədir. Bir tərəfdən ona görə ki, biz Azərbaycanda yeni, böyük infrastruktur layihəsinin icrasına başlayırıq. Bu, artıq Azərbaycanda ənənəvi xarakter daşıyır. Digər tərəfdən, bu stansiyanın tarixi də çox gözəldir. "Şimal-1" elektrik stansiyası on il bundan əvvəl tikilməyə başlanmışdır. 1998-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə aparılan danışıqlar nəticəsində "Şimal-1" elektrik stansiyasının tikintisi üçün Yaponiya hökuməti kredit ayırmışdır. 2000-ci ildə burada ulu öndərin iştirakı ilə "Şimal-1" elektrik stansiyasının təməl daşı qoyulmuşdur və 2002-ci ildə stansiya istifadəyə verilmişdir. Bu illər ərzində bütün bölgələrdə modul tipli elektrik stansiyaları tikilmişdir. Beləliklə, biz bölgələrdə və əlbəttə ki, Bakıda enerji qıtlığı problemini əsaslı şəkildə həll edə bilmişik. Yaxşı xatırlayıram, hələ 6-7 il bundan əvvəl qarşıya vəzifə qoymuşdum: Biz elə etməliyik ki, hər bir evdə, hər bir müəssisədə hər bir insan düyməni basıb sutkada 24 saat enerjini almalıdır. Bu gün biz buna nail ola bilmişik. Bu gün belədir və Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, başqa ölkələrə də elektrik enerjisini ixrac edir. Azərbaycan qonşu dövlətlərə elektrik enerjisini nəql edir və getdikcə nəql ediləcək enerjinin həcmi artacaqdır." Sonra dövlətimizin başçısı beton qarışığı tökən qurğunu işə saldı. Sonda xatirə şəkli çəkdirildi.