Prezident İlham Əliyev Xaçmazda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xaçmaz rayonuna səfərə gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə abidənin ətrafında yaradılan şərait barədə məlumat verildi. Qeyd edildi ki, şəhərin mərkəzi olan bu ərazidə geniş abadlıq işləri aparılmış və park salınıb. Burada sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev əsaslı təmirdən sonra istifadəyə verilmiş Xaçmaz Rayon Mərkəzi Xəstəxanası ilə tanış olub
Dünən Prezidenti İlham Əliyev sentyabrın 23-də əsaslı təmirdən sonra istifadəyə verilmiş Xaçmaz Rayon Mərkəzi Xəstəxanası ilə tanış olub.
Xəstəxananın kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.
Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə məlumat verdi ki, bu gün ölkədə ən çox diqqət göstərilən və müasir səviyyədə yenilənən sahələrdən biri də səhiyyədir. Azərbaycan səhiyyəsi indi özünün ən yüksək inkişaf dövrünü yaşayır. Ölkəmizdə səhiyyənin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Respublikamızda bütün xəstəxanalar və tibb ocaqları müasir səviyyədə təmir olunur, onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqla zənginləşdirilir. Bu gün paytaxtla yanaşı, respublikanın ən ucqar rayonlarında da müasir tibb ocaqları, diaqnostika mərkəzləri yaradılır.
Bildirildi ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması dövlətin səhiyyə sisteminin inkişafına göstərdiyi diqqətin davamlı xarakter aldığını bir daha təsdiq edir. Xəstəxanada aparılan işlər müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilmişdir. Xəstəxana 110 çarpayılıqdır. Burada rentgen, ultrasəslə müayinə, stomatoloq, otorinolarinqoloq, terapevt və digər kabinetlər vardır. Bütün kabinetlər ən müasir tibbi avadanlıqla təchiz edilmişdir. Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, artıq rayon sakinlərinin sağlamlıq kartlarının hazırlanması prosesinə başlanmışdır. Bu kartlarda hər bir sakinin sağlamlığına dair bütün məlumatlar öz əksini tapacaqdır. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının bu cür müasir şəraitlə təmin edilməsi ilk növbədə burada tibbi müayinələrin və müalicə işinin ən yüksək səviyyədə təşkili və aparılması üçün hərtərəfli imkanlar yaradır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən belə tədbirlər ölkəmizin səhiyyə sisteminin daha yaxşı təşkilinə geniş imkanlar açmışdır.
Səhiyyə ocağında yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Xəstəxananın həkimi Mahirə Kərimova kollektiv adından dövlətimizin başçısına minnətdarlığını bildirdi. Sonda xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev Xaçmazda Şahmat Məktəbinin açılışında iştirak edib
Sentyabrın 23-də Prezident İlham Əliyev Xaçmaz Şahmat Məktəbinin açılışında iştirak edib. Dövlətimizin başçısı şahmat məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, Prezident İlham Əliyevin "Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında" Sərəncamı və "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"na uyğun olaraq Xaçmaz rayonunda da beynəlxalq standartlara uyğun yeni şahmat məktəbi inşa edilib. Qısa zamanda tikilən məktəbin ümumi sahəsi 720 kvadratmetrdir. Dizaynında şahmat fiqurlarından və digər şahmat elementlərindən istifadə olunan binanın tikintisi zamanı yüksək memarlıq quruluşuna nail olunmuşdur. İkimərtəbəli binanın ətrafında yaşıllıq zolağı salınmış, abadlıq işləri görülmüşdür.
Məktəbdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən şahmatın inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotoguşə yaradılmışdır.
Məktəbdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada 40 nəfərlik yarış zalı, kompyuter, məşq otaqları və digər otaqlar vardır. Kompyuterlərə xüsusi şahmat proqramları yüklənmişdir. Burada şahmat üzrə müxtəlif səviyyəli yarışlar keçirmək mümkündür. Şahmat məktəbində yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev tövsiyə və tapşırıqlarını verdi.
Azərbaycan Prezidenti Xaçmazda Xalça Muzeyinin açılışında iştirak edib
Dünən Prezident İlham Əliyev Xaçmazda xalça muzeyinin açılışında iştirak edib. Əvvəlcə muzeyin yerləşdiyi mədəniyyət və istirahət parkı ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, muzeydə daha çox ölkənin şimal bölgəsi üzrə xalçaçılıq məktəbinin 60-dək nümunəsi sərgilənir. Muzeyin eksponatları arasında məşhur xalçaçı rəssam Kamil Əliyevin "Heydər Əliyevin xalça portreti" əsəri xüsusi əhəmiyyət kəsb edir. Bu gün xalçalarımız Azərbaycan mədəniyyətinin ən böyük hamisi olan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə daha da zənginləşir, bu sənətin inkişafı ilə bağlı görülən işlər xalçalarımızın milli və dünyəvi dəyərini daha da artırır. Prezident İlham Əliyev xalça muzeyində və uşaq-gənclər kitabxanasında yaradılmış şəraitdən razılığını bildirdi.
Prezident İlham Əliyev Xaçmazda Heydər Əliyev Seyrəngahında yaradılan şəraitlə tanış olub
Sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində Heydər Əliyev Seyrəngahında yaradılan şəraitlə tanış olub. Bildirildi ki, seyrəngaha Heydər Əliyev bulaq kompleksi, İlham Əliyev bulaq kompleksi, samovar kompleksi, Heydər Əliyev prospektinin giriş qapısı kompleksi daxildir. İlham Əliyev bulaq kompleksində 15 metr hündürlüyündə bir bulaq, üç süni şəlalə və 48 fəvvarə quraşdırılmışdır. Kompleks müasir qaydada işıqlandırılmışdır.
Qeyd olundu ki, Heydər Əliyev bulaq kompleksi 2011-ci ilin mayında istifadəyə verilmişdir. Kompleksdə 21 metr hündürlüyündə bulaq, 3 süni şəlalə, 80 fəvvarə quraşdırılmışdır. Kompleksin ərazisində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mozaika ilə portretləri işlənmişdir. Hər iki kompleksin arasında olan Bakı prospekti boyunca 5 hektar ərazidə xiyaban salınmış, 12 metr hündürlüyündə samovar kompleksi yaradılmışdır.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, milli memarlıq elementlərinin geniş tətbiq olunduğu seyrəngahda daha çox buta naxış kompozisiyalarından istifadə edilmişdir. Bu da seyrəngahın ümumi görünüşünə xüsusi yaraşıq verir. Seyrəngahla tanış olan Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.
Prezident İlham Əliyev Xaçmazda Şəxsiyyətlər Muzeyi ilə tanış olub
Prezident İlham Əliyev sentyabrın 23-də Xaçmaz rayonuna səfəri çərçivəsində şəhərdəki Şəxsiyyətlər Muzeyi ilə tanış olub. Dövlətimizin başçısına məlumat verildi ki, Xaçmazda Şəxsiyyətlər Muzeyi 2006-cı ildə yaradılıb. O vaxt muzeydə 15 görkəmli şəxsiyyətin büstü var idi. 2010-cu ildə muzey genişləndirilərək yenidən qurulmuşdur. Hazırda iki hektaradək ərazisi olan açıq səma altında muzeydə dahi Nizami Gəncəvinin abidəsi ucaldılmış, Azərbaycanın 39 şair və yazıçısının, mədəniyyət və incəsənət xadiminin büstü qoyulmuşdur. Muzeydə olan beş fəvvarə yenidən qurulmuş, ərazidə bulaq kompleksi inşa edilmişdir.
Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tövsiyə və tapşırıqlarını verdi.
Xaçmazda kondensator zavodu istifadəyə verilib
Sentyabrın 23-də Prezident İlham Əliyev Xaçmaz kondensator zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin burada ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycan Prezidentinə məlumat verdi ki, son illərdə Xaçmazda müxtəlif təyinatlı istehsal müəssisələrinin yaradılması diqqət mərkəzindədir. Bu sırada rayonda yenidən qurulan kondensator zavodu da mühüm əhəmiyyət kəsb edir. Xaçmaz kondensator zavodu 1981-ci ildə Rusiyanın Tula şəhərində yerləşən Severo-Zadonsk hərbi təyinatlı zavodun tabeliyində olmuşdur. Əvvəllər kiçik sex kimi fəaliyyət göstərmiş, 1983-cü ildə burada zavod tikilmiş, müəssisə 1987-ci ildən tam fəaliyyətə başlamışdır. Bildirildi ki, vaxtilə Xaçmaz kondensator zavodunda istehsal olunan müxtəlif markalı kondensatorlar keçmiş SSRİ-nin bütün respublikalarına ixrac edilirdi. 1992-ci ildə bu zavod "Elektrolit" İstehsalat Birliyinin tabeliyinə verilmişdir. 1993-cü ildən isə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin strukturuna daxil edilmişdir. Zavodun əsas fəaliyyəti kondensatorlarla yanaşı, xalq istehlak mallarının istehsalı və əhaliyə pullu xidmət göstərməkdən ibarətdir.
Sonra dövlətimizin başçısı zavodun əvvəlki vəziyyətini əks etdirən filmə baxdı. Prezident İlham Əliyev müəssisədə yaradılan Heydər Əliyev muzeyi ilə də tanış oldu. Burada ulu öndərin Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlərə və dövlətimizin başçısının bu siyasəti davam etdirərək ölkənin müdafiə sənayesinin inkişafı istiqamətində gördüyü işlərə dair fotolar nümayiş etdirilir. Prezident İlham Əliyev zavodun kollektivinə uğurlar arzuladı, tövsiyə və tapşırıqlarını verdi.