Sentyabrın 23-də Bakıda, "Gülüstan" sarayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş ikigünlük Beynəlxalq bayram tədbiri işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq tədbirin açılış mərasimində iştirak edib. Tədbir iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış etdi. Qonaqları ölkəmizdə salamlayan dövlətimizin başçısı müstəqilliyimizin bərpa edildiyi 20 il ərzində baş verən hadisələrdən danışdı. Müstəqilliyimizin ilk illərində ölkədə acınacaqlı vəziyyətin hökm sürdüyünü diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanın bütün bu çətinliklərin öhdəsindən gələ bildiyini, mürəkkəb vəziyyətdə - 1993-cü ildə xalqımızın müdrik seçim edərək, ulu öndər Heydər Əliyevi ölkə rəhbərliyinə dəvət etdiyini dedi. Bildirdi ki, məhz ümummilli liderin yürütdüyü siyasət nəticəsində Azərbaycanda inkişafın təməli qoyuldu, islahatlar başladı, atəşkəsə nail olundu. 1994-cü ildə ölkəmizin inkişafı üçün mühüm amil olan neft sahəsində "Əsrin müqaviləsi" imzalandı. Dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığımız, onların təcrübəsindən yararlanma iqtisadiyyatımızı gücləndirdi. Bu gün Azərbaycan bir sıra mühüm iqtisadi layihələrin təşəbbüskarıdır. Azərbaycanın ən böyük probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu qeyd edən dövlətimizin başçısı vurğuladı ki, bu problem təkcə Azərbaycana deyil, bütün regiona təhlükədir. Münaqişə haqqında qonaqlara ətraflı məlumat verən Prezident İlham Əliyev bunun nəticəsində Azərbaycanın Ermənistan tərəfindən etnik təmizləməyə məruz qaldığını, ölkəmizdə 1 milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu bildirdi. Təəssüflər olsun ki, vəziyyət hələ də dəyişməyib, - deyən Prezident İlham Əliyev münaqişə ilə bağlı BMT-nin və digər beynəlxalq qurumların qəbul etdiyi qətnamələri xatırlatdı və onların bu günə qədər icra olunmadığını, qəbul edilən qərarların yalnız kağız üzərində qaldığını vurğuladı. Dövlətimizin başçısı tədbir iştirakçılarına müraciət edərək, bu məsələni geniş müzakirə etməyə çağırdı.
Prezident İlham Əliyev Azərbaycanın tolerant ölkə olduğunu, burada müxtəlif xalqların və dini təriqətlərin sülh və əmin-amanlıq şəraitində yaşadığını və ölkəmizin bununla qürur hissi duyduğunu vurğuladı. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, Avropada tətbiq edilən uğurlu muxtariyyət nümunələri Dağlıq Qarabağda da tətbiq edilə bilər.
Azərbaycandakı hazırkı vəziyyət barədə danışan Prezident İlham Əliyev dedi ki, ölkəmizin iqtisadiyyatı inkişaf etdirilməkdədir. Azərbaycan ümumi daxili məhsulun inkişafında ən yüksək göstəricilərə nail olmuşdur. İşsizlik problemi həllini tapmış, son yeddi il ərzində yoxsulluq 5 dəfə azalmışdır. Bu il pensiyalar 40 faiz artırılmışdır. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 70 faizini təşkil edir. Liberal iqtisadi vəziyyət, siyasi islahatlar, sosial məsələlərin həlli cəmiyyətdə münbit şərait yaradıb, - deyən Prezident İlham Əliyev ölkəmizdə qanunun aliliyinin, söz azadlığının təmin edildiyini də diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycanda islahatların həyata keçirilməsi prosesi davam edir. Başlıca məqsədimiz müasir dövlətin yaradılmasıdır. Avropa İttifaqı-Azərbaycan münasibətlərinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz Avropa İttifaqı ilə yalnız enerji məsələlərində deyil, digər sahələrdə də əməkdaşlıq edir. Əlaqələrimiz getdikcə daha da güclənəcəkdir. Avropa İttifaqı-Azərbaycan əlaqələri qarşılıqlı hörmət və etimad üzərində qurulub. Sonra Azərbaycan barədə film göstərilmişdir. Filmin nümayişindən sonra AVCİYA-nın prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov çıxış edərək Prezident İlham Əliyevin bu tədbirdə iştirakının dövlətin ictimai sektora verdiyi dəstəyin nümunəsi olduğunu vurğuladı. Tədbirin əhəmiyyətindən danışan E.Süleymanov dedi ki, şanlı tarixə malik Azərbaycan Respublikası öz müstəqilliyini 20 il bundan əvvəl bərpa etmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 17 il bundan əvvəl imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın rifah halının yaxşılaşdırılmasında yeni dövrün əsasını qoymuşdur. Azərbaycanın 20 ildə əldə etdiyi uğurlar sırasında üçüncü sektorun da böyük rolunun olduğunu qeyd edən deputat vətəndaş cəmiyyətinin inkişafına, QHT-lərə göstərdiyi qayğı və diqqətə görə Prezident İlham Əliyevə təşəkkür etdi. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra bu günə qədər keçdiyi inkişaf yolundan danışan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da ölkəmiz haqqında qonaqlara ətraflı məlumat verdi. Şöbə müdiri bildirdi ki, Azərbaycan sivil, demokratik, dünyəvi dəyərlərlə yaşayan bir ölkədir. Azərbaycanın həm də zəngin enerji mənbəyi və mühüm nəqliyyat yollarının kəsişdiyi məkanı olduğunu qeyd edən Ə.Həsənov vurğuladı ki, respublikamızın enerji imkanları genişdir. Bu imkanlardan bütün dünya ölkələri faydalanır. Azərbaycan, həmçinin bir sıra beynəlxalq təşkilatların üzvdür və Cənubi Qafqazda bitərəf təhlükəsizlik mövqeyinə malikdir.
Azərbaycanın maliyyə imkanlarının davamlı inkişaf tempi ilə artdığını deyən Ə.Həsənov bildirdi ki, respublikamız dünyanın arzu olunan və etibarlı tərəfdaş imicini daim inkişaf etdirən ölkədir. Azərbaycan müstəqilliyini bərpa etdiyi vaxtdan ötən 20 il ərzində sivil və demokratik ölkəyə çevrilmiş, bu istiqamətdə uğurla irəliləyir. Azərbaycan heç vaxt demokratik idarəçilik sistemindən imtina etməyəcəkdir. Beynəlxalq tədbirdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, xarici qonaqlar çıxış edərək Azərbaycanın müstəqillik illərində qazandığı uğurlardan danışmışlar. Qeyd edək ki, Beynəlxalq bayram tədbirində dünyanın 58 ölkəsindən 300-dən artıq tanınmış ictimai-siyasi xadim, o cümlədən Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT, Avronest, Avropa ölkələri parlamentlərinin deputatları, dövlət xadimləri, Nobel mükafatı laureatları, ABŞ-ın regional spikerlərinin nümayəndələri, keçmiş konqresmen və senatorlar, alim və biznesmenlər iştirak edirlər. Beynəlxalq tədbir sentyabrın 24-də işini davam etdirəcəkdir.