PDF Oxu

Siyasət

  • 11

Ölkəmizdə yoxsulluq səviyyəsi 9 faizə enib

Ölkəmizdə yoxsulluq səviyyəsi 9 faizə enib

Sentyabrın 27-də Bakı Sərgi Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Müstəqil Azərbaycan 20 ildə" adlı milli sərgi açılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgi ilə tanış olub.

Sərgidə 130-dan çox müəssisə, təşkilat və şirkət iştirak edir. Ümumi sahəsi 11 min kvadratmetr olan sərgidə Azərbaycanın son 20 ildə qazandığı uğurlar, o cümlədən ölkəmizin sənaye, yanacaq-energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, turizm, tikinti, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdəki nailiyyətləri nümayiş olunur. Sərgidə, həmçinin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını əks etdirən eksponatlar da təqdim edilir. Prezident İlham Əliyev 20 ildə ölkəmizin iqtisadiyyatında əldə olunmuş nailiyyətləri əks etdirən pavilyona baxdı. Pavilyonlardakı ekspozisiyalar inkişafımızın müxtəlif dövrlərini əhatə etməklə tərtib olunmuşdur. İqtisadi inkişaf naziri Şahin Mustafayev ölkəmizin sürətli iqtisadi inkişaf dövrünün - 2003-2011-ci illərin göstəricilərindən danışaraq məlumat verdi ki, həmin illərdə ümumi daxili məhsulun (ÜDM) orta illik artımı 14 faiz, o cümlədən qeyri-neft sektorunda 9 faiz olmuşdur. ÜDM-də özəl sektorun payı 81,7 faizə çatmışdır. İqtisadiyyata investisiya qoyuluşu 2,4 dəfə, o cümlədən xarici investisiya qoyuluşu 1,5, daxili investisiya qoyuluşu isə 5,5 dəfəyədək artmışdır. 2010-cu ilin sonuna ölkənin strateji valyuta ehtiyatları 14 dəfədən çox artaraq 29 milyard dolları ötüb. Qeyd edildi ki, dövlət büdcəsinin gəlirləri və xərcləri orta hesabla hər il 24 faiz, əhalinin gəlirləri 3,2 dəfə, orta aylıq nominal əmək haqqı isə 2,6 dəfə artmışdır. İnsan inkişafı indeksi isə yüksələrək Avropa və Mərkəzi Asiya ölkələri səviyyəsinə qalxmış, müvafiq olaraq məşğulluq səviyyəsi də artmışdır. Bunun nəticəsində ölkədə yoxsulluq səviyyəsi 9 faizə enmişdir. İndi Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatının üçdə ikisindən çoxunu təşkil edir. Əldə olunan bütün nailiyyətlər beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev dövlət proqramlarının idarə olunması mexanizminə baxdı. İqtisadiyyatın müxtəlif sahələri üzrə həyata keçirilən layihələr dövlətimizin başçısına ən müasir texnologiyalar əsasında təqdim edildi.

Sərgidə maraq doğuran pavilyonlardan biri də Dövlət Neft Fondunun fəaliyyətinə həsr olunmuşdur. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Fond neftdən əldə olunan gəlirlərin ədalətli və şəffaf şəkildə xərclənməsinə əlverişli imkan yaratmışdır. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Oğuz-Qəbələ-Bakı su kəməri və Samur-Abşeron suvarma sistemi üzrə layihələr, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və digər mühüm proqramlar Fondun vəsaiti hesabına reallaşdırılmışdır və reallaşdırılır. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin təmsil olunduğu sərgidə 20 il ərzində ölkənin su təchizatı sektoru ilə bağlı geniş məlumatlar verilir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti sərgidə daha geniş ekspozisiya ilə təmsil olunmuşdur. Burada ölkəmizin neft-qaz, neft kimyası sahəsində əldə etdiyi nailiyyətlər əksini tapmışdır.

Dövlətimizin başçısına məlumat verildi ki, ulu öndər Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində müstəqillik dövründə respublikamızda neft hasilatı 6,1 dəfə, qaz hasilatı isə 3,1 dəfə artmış, "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə birinci mərhələnin əvvəlindən 247 milyon ton neft və 62,7 milyard kubmetr qaz hasil edilmişdir. Neft sənayesinə 35,8 milyard dollar, o cümlədən "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə 24,4 milyard dollar xarici sərmayə qoyulmuşdur. Əldə edilən uğurlar artıq Dövlət Neft Şirkətinə Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya, Moldova və digər ölkələrə sərmayə yatırmağa imkan vermişdir. Respublikada zəngin təbii qaz yataqları aşkar edilmişdir.

Sərgidə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən nümayiş olunan ekspozisiya qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində dövlətimizin gördüyü işləri mərhələlər üzrə əks etdirir.

Dövlət Sosial Müdafiə Fonduna ayrılan pavilyonda 20 il ərzində qurumun gəlir və xərcləri, əhaliyə göstərilən xidmətlər, fərdi uçot sistemi haqqında ətraflı məlumat verilir. Müstəqillik illərində Fondun ümumi gəlir və xərcləri 1,765 milyard manat təşkil etmişdir. Hazırda ölkə üzrə pensiya alanların 99,4 faizinə ödənişlər plastik kartlar vasitəsilə həyata keçirilir. Prezident İlham Əliyev "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin pavilyonuna da baxdı. Bildirildi ki, "Azərenerji" regionun ən iri enerji istehsalçısı olmaqla yanaşı, paylayıcı şəbəkələr və elektrik xətlərinin uzunluğuna görə də regionda lider mövqeyə malikdir. Hazırda respublikamızın elektrik enerjisi sisteminin tərkibində 13 istilik və 7 su elektrik stansiyası fəaliyyət göstərir ki, onların ümumi gücü 6,4 min meqavatdan çoxdur. Müstəqilliyin 20 ili ərzində Xəzər Dəniz Gəmiçiliyi də uğurlu yol keçmişdir. Donanmanın ümumi dedveyti 520,7 min ton təşkil etmişdir. Xəzər Dəniz Gəmiçiliyinin sahib olduğu 84 nəqliyyat gəmisi Avropa, Asiya və Afrikanın 130-dan çox limanına yan alır.

Müstəqil Azərbaycanda kənd təsərrüfatının inkişaf dinamikasını əks etdirən pavilyondan aydın görünür ki, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi istiqamətində dövlətimizin siyasəti uğurla həyata keçirilir. Kənd təsərrüfatında ümumi məhsulun artım dinamikası 20 il ərzində 3 milyard 877,7 milyon manat təşkil etmiş, məhsul istehsalçılarına ümumilikdə 109,3 milyon manat subsidiya verilmişdir.

"Azərbaycan Hava Yolları" QSC-nin təqdim etdiyi pavilyonda müstəqillik illərində təyyarə parkının yenilənməsi, əhaliyə göstərilən xidmətlərin daha da yaxşılaşdırılması, daxili və beynəlxalq uçuşların artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilir. İldə bir milyondan çox sərnişin daşıyan "Azərbaycan Hava Yolları" QSC-nin təyyarələri həftədə 150-dən çox uçuş həyata keçirir. Nəqliyyata həsr olunan pavilyonda ölkənin nəqliyyat sisteminin inkişaf dinamikası nümayiş etdirilir. Azərbaycanın avtomobil yolları şəbəkəsinin yenidən qurulması ilə bağlı görülən genişmiqyaslı tədbirlər nəticəsində ölkəmizin demək olar ki, bütün əsas yolları yüksək səviyyədə inşa olunmuşdur. Artıq Bakı şəhərində nəqliyyatın intellektual idarə edilməsi sisteminin reallaşdırılmasına başlanılmışdır. 2004-2010-cu illərdə ölkə üzrə 1,23 milyard ton yükdaşıma həyata keçirilmişdir. Bu dövrdə təkcə Bakı şəhərində 15 yol ötürücüsü inşa olunmuşdur. Dövlətimizin başçısına məlumat verildi ki, müstəqilliyin bərpasının 20 illiyi münasibətilə təşkil edilmiş milli sərgidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti də geniş əks olunmuşdur. Vergilər Nazirliyinin təqdim etdiyi pavilyonda müstəqil Azərbaycanın vergi sistemi təmsil olunur. Burada ümummilli lider Heydər Əliyevin müasir vergi sisteminin yaradılması və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin vergi sisteminin modernləşdirilməsi sahəsində görülən işlər nümayiş etdirilir.

Gömrük sisteminin təkmilləşdirilməsi və fəaliyyətinin genişləndirilməsi istiqamətində görülən tədbirlər də ayrıca pavilyonda nümayiş olunur. Burada xarici ticarət, idxal-ixrac əməliyyatları haqqında məlumatlara da geniş yer ayrılmışdır. Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təmsil olunduğu pavilyonda bu enerji mənbələrindən istifadə olunması sahəsində görülən işlər öz əksini tapmışdır.

Sərgidə Naxçıvan Muxtar Respublikasının 20 il ərzində əldə etdiyi nailiyyətlərə ayrıca guşə həsr olunmuşdur. Bu müddətdə muxtar respublikada 432 sənaye müəssisəsi yaradılmışdır. Ümumi daxili məhsulda özəl bölmənin payı 85,9 faiz təşkil edir. Hazırda Naxçıvanda 305 növ və 807 çeşiddə məhsul istehsal olunur. Ötən dövrdə 120 yeni məktəb binası tikilmiş, 58 məktəb əsaslı təmir edilmişdir. Üç min kilometrədək avtomobil yolu salınmış və ya yenidən qurulmuş, 125 körpü tikilmiş, yaxud əsaslı təmir olunmuş, 180 səhiyyə obyekti istifadəyə verilmiş, 164 meqavat gücündə 4 elektrik stansiyası inşa edilmişdir.

Azərbaycanın müstəqilliyi ilə yaşıd olan "Azersun Holdinq" şirkətlər qrupu ölkədə qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətdir. "Azersun Holdinq" tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı, geniş ixracat şəbəkəsinin sahibidir.

2003-cü ildə fəaliyyətə başlayan "AtaHoldinq" ASC iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir. Prezident İlham Əliyev "Mətanət A" şirkətinin pavilyonu ilə də tanış oldu. Bildirildi ki, "Mətanət A" da uzun müddətdir ki, milli şirkətlər içərisində aparıcı mövqeyə malikdir. Şirkətin ən son texnologiyalarla təchiz olunan zavodlarda istehsal edilən məhsulları artıq ölkəmizdə və onun hüdudlarından kənarda istehlakçıların rəğbətini qazanmışdır. Artıq "Mətanət A" brendi Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrdə də geniş tanınır.

Sonra dövlətimizin başçısı sərginin açıq havada nümayiş olunan hissəsinə baxdı. "Azneftemaş" ASC-nin təşkil etdiyi sahəyə gələn Prezident İlham Əliyevə müasir qazma qurğuları barədə məlumat verildi. Bildirildi ki, "Ruslan UP 130/170" qazma qurğusu 3,2 min metr dərinlikdə qazma işləri aparmaq mümkündür. Mingəçevirdə yerləşən "Azneftemaş" ASC Özbəkistan, Türkmənistan, Rusiya və digər ölkələrdən sifarişlər qəbul edir. Sumqayıt Texnologiyalar Parkı və Gəncə avtomobil zavodu da sərgidə öz məhsullarını nümayiş etdirir. Gəncə avtomobil zavodunda "MAZ" markalı müxtəlif təyinatlı yük avtomobilləri istehsal olunur. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə, Dövlət Sularda Xilasetmə, Tibb, Dövlət Yanğından Mühafizə xidmətləri və "İzotop" Xüsusi Kombinatı texnika və avadanlıqlarını açıq havada nümayiş etdirir. Prezident İlham Əliyev sərginin işinə uğurlar arzuladı.

Digər xəbərlər